Azərbaycanla Çin Orta Dəhlizi Ermənistansız da yüksək səviyyədə işlədir...

Bu gün Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirir, münasibətlərini dərinləşdirir. Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri həm də bu fonda dəyərləndirilir. Çin və Azərbaycan arasında əlaqələr son illərdə yalnız ticarət sahəsində deyil, eyni zamanda, təhsil, texnologiya və infrastruktur sahələrində də dərinləşməkdədir.
Ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması iki ölkənin enerji, yaşıl texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığını daha da genişləndirib. Çin “Kəmər və yol” təşəbbüsündə ölkəmizin rolunu yüksək qiymətləndirir və Azərbaycan vasitəsilə Avropaya çıxışı təmin etmək niyyətindədir. Çin texnologiya, süni intellekt və rəqəmsal transformasiya sahələrində dünya lideridir. Bu sahələrdə əməkdaşlıq Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyası ilə də üst-üstə düşür.
Bütün bunlar fonunda prezident İlham Əliyevin Çin səfəri beynəlxalq miqyasda da diqqətlə izlənilir. Məsələyə yenidən nəzər salan Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır: “Azərbaycan prezidenti İlham Əliyevin aprelin 24-dək davam edəcək Çin Xalq Respublikasına (ÇXR) dövlət səfəri başlayıb. Səfər Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə baş tutub. Əliyev iki ölkə arasında strateji tərəfdaşlığı, o cümlədən vizasız rejim haqqında saziş imzalamaqla dərinləşdirmək niyyətindədir. Səfər ərəfəsində Azərbaycan prezidenti Çinin Sinxua agentliyinə müsahibə verib. O, ötən ilin yayında iki dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş imzaladığını xatırladıb. “Biz bu əməkdaşlığı daha da genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə qorumaq, regional və qlobal sülh, sabitlik və inkişaf işini birgə irəli sürmək barədə razılığa gəldik”, - Əliyev vurğulayıb. Praktikada bu, 2024-cü ilin sonuna Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin 20,7% artaraq 3,7444 milyard dollara çatmasına səbəb olub. Pekin Bakının dördüncü ən böyük ticarət tərəfdaşı və əsas idxalçısı oldu. Azərbayacana bütün tədarükün 17,69%-i Çinin payına düşür. 2024-cü ildə Azərbaycan və Çin arasında tranzit daşımaların həcmi 378 min ton təşkil edib. Bu, 2023-cü illə müqayisədə 86% çoxdur. Eyni zamanda Əliyev hesab edir ki, artım üçün hələ də yer var. “İki ölkə arasında mövcud olan mütərəqqi ticarət-iqtisadi əməkdaşlığa baxmayaraq, böyük, hələ istifadə olunmamış potensial var... Hazırda Azərbaycan və Çin arasında qeyri-neft sektorunda, xüsusən də yüksək texnologiyalar və innovasiyalara, alternativ və bərpa olunan enerjiyə yönəlmiş birbaşa investisiyaların cəlb edilməsi sahəsində birgə əməkdaşlığın perspektivləri ilə bağlı danışıqlar aparılır”, - deyə respublika başçısı bildirib.
Bundan başqa, Əliyev Sinxua agentliyinə müsahibəsində Bakını Qlobal Cənubun əsas müdafiəçilərindən biri kimi təqdim edib. Müsahibi öz növbəsində Çin və Azərbaycanı “qədim İpək Yolu üzərində sivilizasiyaların mərkəzləri” adlandırıb. “ÇXR sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi ilə Çinin bütün sahələrdə əldə etdiyi nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxarıb, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib... Sədr Si Cinpinlə görüşlərimizi və səmərəli müzakirələrimizi böyük hərarətlə xatırlayıram. Mən çox şadam ki, Azərbaycan-Çin münasibətləri qədim tarixə söykənərək inkişaf edir, strateji tərəfdaşlığımız yeni müsbət məzmunla zənginləşir”, - deyə Əliyev yekunlaşdırıb. Bakı və Pekin son vaxtlar həqiqtən də iqtisadi əməkdaşlığı fəal şəkildə artırır. O cümlədən, ötən il noyabrın 24-də Azərbaycan Çinə yerli mallarla ilk qatarı göndərib. Azərbaycanın Çinlə əməkdaşlığa böyük önəm verməsinin mühüm səbəblərindən biri Orta Dəhliz layihəsidir. Bu, Azərbaycanın Avrasiya regionunda rolunu artırır. Zəngəzur dəhlizi (Ermənistan ərazisindən keçən, Azərbaycanı Naxçıvan muxtariyyəti ilə birləşdirən yol layihəsi) Orta Dəhlizin əhəmiyyətini daha da artıra bilər. Ermənistan bunu istəməsə, Azərbaycan Gürcüstan və İran üzərindən alternativ yollardan istifadə edəcək. Bununla yanaşı, Azərbaycan Mərkəzi Asiya ölkələrindən fərqli olaraq Səmavi İmperiyasından asılı olmaq istəmədiyi üçün Çindən böyük kreditlər cəlb etməyib. Bakı bundan sonra da bu məsələdə ehtiyatlı mövqe nümayiş etdirəcək. Üstəlik, iki ölkə arasında sıx əməkdaşlıq Azərbaycanın ABŞ ilə münasibətlərinə mənfi təsir göstərməməlidir. Respublika siyasi baxımdan Pekin və Vaşinqton arasında münasibətlərdə balansı pozmayacaq. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən isə bildirilir ki, Azərbaycan Çindən tikinti materialları və məişət texnikasından tutmuş avtomobillərə qədər geniş çeşiddə mallar alır. Eyni zamanda, qeyd olunur ki, Ermənistan Orta Dəhliz layihəsinə qoşula bilər, lakin onun iştirakı olmadan o, daha az cəlbedici olmayacaq. Azərbaycan üçün Qərbə gedən prioritet marşrut Gürcüstandan keçir. Zəngəzur dəhlizi əlavə marşruta çevrilə bilər, amma Orta Dəhliz onsuz da normal fəaliyyət göstərəcək. Ümumiyyətlə, Azərbaycan-Çin münasibətləri Ermənistan-Azərbaycan münaqişəsini nəzərə almadan inkişaf edir. Əliyevin Çinə səfərinin əsas nəticələrindən biri ölkələr arasında vizasız rejim haqqında razılaşma olmalıdır. 2023-cü ildə Bakı birtərəfli qaydada çinli səyahətçilər üçün maneələri qaldırdı və indi də eyni şeyi Pekindən gözləyir”.
Ramil QULİYEV