Vətənpərvərlik təbliğində azərbaycançılıq ideyası müstəsna önəmə malikdir

Vətənpərvərlik və ya insanın öz ölkəsinə qarşı hiss etdiyi məhəbbət, sədaqət cəmiyyəti birləşdirən, milli kimliyi gücləndirən böyük qüvvədir. Vətənpərvərliyin kökləri sadəcə simvolik jestlərdən və ya emosional əlaqələrdən daha dərindədir.
Özündə vətənpərvərlik çox vaxt ideologiya vasitəsilə tərbiyə olunur və qorunur. Siyasi və sosial sistemlərin əsasını təşkil edən ideya və ideallar sistemi olan ideologiya fərdlərin öz millətini və ona qarşı məsuliyyətlərini necə dərk etmələrinin formalaşmasında həlledici rol oynayır. Bunun real nümunəsi azərbaycançılıq ideyasında özünü qabarıq büruzə verir.
Zəfər dastanında azərbaycançılıq ideyasının rolu böyük oldu
Bəlli həqiqətdir ki, Azərbaycan dövlətinin ideya əsası azərbaycançılıqdır və ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. Bu fonda cəmiyyətin hər bir üzvü azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.
Qeyd edilən istiqamətdə Azərbaycanın əslində, böyük nailiyyətlər qazana bildiyi İkinci Qarabağ müharibəsində özünü göstərdi. Xatırladaq ki, prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi. İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər Azərbaycan xalqının yenidən bir millət olaraq özünü dərkində, milli kimlik ideologiyasının güclənməsində belə demək olarsa, vacibbir katalizator rolunda çıxış etdi. Qarabağın azad edilməsi, sadəcə, bir işğal faktının aradan qaldırılması ilə bağlı məsələ olmadı. Bu, milli kimliyin tam formalaşmasının hərəkətverici qüvvəsinə çevrildi. Işğal altındakı ərazilərin azad olunmasında Azərbaycan xalqının birliyi, azərbaycançılıq ideyası ətrafınd birləşməsi öz sözünü dedi. Belə ki, 44 günlük müharibənin ilk günlərindən etibarən Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri erməni işğalına qarşı mübarizə aparmaq üçün könüllü şəkildə cəbhəyə yollandı. Azərbaycan adlı doğma vətənin müdafiə etmək, işğaldakı vətən torpağının azadlığına nail olmaq üçün həyatlarını təhlükə altında qoyan bu insanlar azərbaycançılıq ideologiyası ətrafında birləşdilər. Bu da təsadüfi deyil. Nəzərə alınmalıdır ki, vahid ideologiya bir xalqın adət-ənənəsini, həyat tərzini, yaşam formasını və fəaliyyət istiqamətlərini özündə ehtiva edən baxışlar sistemidir. Bu məqamlar, bütövlükdə, xalqımızın tarixi mövcudluğu, elmi-mədəni ənənəsi və irsi ilə bağlıdır. Azərbaycanda bu irs layqincə yaşadılır. Mahiyyət etibarilə ideologiya vətənpərvərliyə çərçivə və məqsəd verir.
Milli maraqların etibarlı müdafiəsinə ideologiya faktoru təsirsiz ötüşmür
Təcrübə göstərir ki, ideologiya vətənpərvərlik hisslərinin üzərində qurulan mənəvi təməli təmin edir. Hər bir xalq öz milli kimliyinin ideoloji təməli kimi xidmət edən müəyyən dəyərləri – azadlıq, bərabərlik, ədalət, tərəqqi və ya birliyi təbliğ edir. Vətəndaşlar bu dəyərlərlə tanış olduqda və onları mənimsəyəndə, onlarda öz ölkələrinə qarşı qürur və məsuliyyət hissi yaranır. Məsələn, demokratik ölkələrdə azadlıq və demokratik idarəetmə ideologiyası vətəndaş hüquq və vəzifələrinə dərin qiymət verməyi təşviq edir. İnsanlar demokratik proseslərdə iştirak etməyə, həmvətənlərini dəstəkləməyə və öz millətinin prinsiplərini müdafiə etməyə daha həvəsli olurlar. Beləliklə, ideologiya vətənpərvərlik davranışını yalnız əsaslandırmır, həm də artırır.
Mübarizə, müstəqillik, islahat və ya sosial tərəqqi hekayələri çox vaxt ideoloji məna ilə aşılanır. Bu mənada ölkədə ideoloji işə diqqət edilməsi təsadüfi xarakter daşımır. Burada nzərə almaq lazımdır ki, Azərbaycan bütün səviyyələrdə milli maraqlarını qətiyyətlə qoruyur, heç kimin diktəsi ilə yaşamır, öz prioritetlərini özü müəyyən edir. Şübhəsiz ki, ölkəmizin belə hərtərəfli inkişafını şərtləndirən müxtəlif amillər sadalamaq mümkündür. Burada prezident İlham Əliyevin liderlik bacarığını, zamanında ən doğru qərarlara imza atmasını xüsusi qeyd etmək mümkündür. Eyni zamanda, Azərbaycan cəmiyyətinin monolitliyi, iqtidar-xalq həmrəyliyi ölkəmizin güclü dövlətə çevrilməsini şərtləndirən amillər sırasında göstərilir. Proseslərin bu məcrada inkişafı həm də azərbaycançılıq ideyasından qaynaqlanır. İdeoloji işin düzgün qurulması, azərbaycançılıq ideologiyasının ardıcıl şəkildə təbliğ edilməsi, eyni zamanda, uğurlu gənclər siyasəti ölkəmizdə Vətənə, torpağa möhkəm tellərlə bağlı olan gənclər ordusunun formalaşmasını şərtləndirir. Bundan əlavə, güclü ideoloji təməl parçalanmanın qarşısını alır və inklüziv vətənpərvərliyi təşviq edir. Milli ideologiya müxtəliflikdə birliyi, bərabər imkanları və qarşılıqlı hörməti vurğulayanda, müstəsna deyil, əhatəli vətənpərvərlik tərbiyə edir. Bu, bütün fərdlərin özlərini cəmiyyətin dəyərli üzvləri kimi hiss etmələrini təmin edir ki, o da öz növbəsində sosial birliyi və milli həmrəyliyi gücləndirir. Nəticə olaraq qeyd edək ki, ideologiya sadəcə mücərrəd ideyalar toplusu deyil, vətənpərvərliyin təbliğində mühüm vasitədir. O, vətəndaşların sahib olduğu dəyərləri formalaşdırır.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.