Çinin özündən sonra 2-ci ölkə Azərbaycandır - “Kəmər və yol”un klassik tərifini İlham Əliyev verdi...

Vüqar Bayramov: “Azərbaycan “Kəmər və yol” layihəsinin perspektivli olmasının fərqində idi”
Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib ki, Azərbaycan “Kəmər və yol” layihəsinə Çindən sonra ən çox sərmayə qoyan ikinci ölkədir:
“Məlum olduğu kimi, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Biz bu istiqamətdə ciddi praktik layihələr həyata keçiririk. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.
“Məhz bu səbəbdən layihənin inkişafına böyük sərmayələr yönəltdi və bu, doğru qərar idi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov Azərbaycanın Çindən sonra “Kəmər və yol”a sərmayə qoyan ikinci ölkə olmasının əhəmiyyətini belə dəyərləndirdi: “Əvvəla, Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. Nəzərə almaq lazımdır ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 21 faizə yaxın artaraq, artıq 3 milyard 744 milyard dollara çatıb. Xüsusən nəzərə almaq lazımdır ki, tərəflər nəqliyyat sahəsində ciddi əməkdaşlıq qurublar və bunu da genişləndirmək niyyətindədilər. Orta Dəhliz, “Kəmər və yol” bütövlükdə nəqliyyat xətti olmaqla yanaşı, həm də region ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir. Bu konteksdən, təbii ki, Azərbaycan Orta Dəhlizi dəstəkləyən ölkələrdəndir. Bu dəhliz vasitəsi ilə, xüsusən Azərbaycan üzərindən son illər daha çox yüklərin daşınması prosesi müşahidə olunur. Azərbaycan daxilində nəqliyyat sturukturunun genişlənməsi, inkişaf etməsi və eyni zamanda elektron xidmətlərdən daha sıx şəkildə istifadə olunması öz bəhrəsini verir. Nəticədə Orta Dəhlizin imkanlarının genişləndirilməsinə və bütövlükdə region ölkələri arasında, o cümlədən, Çin və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına imkan yaradır. Azərbaycan “Kəmər və yol” layihəsinin perspektivli olmasının fərqində idi. Məhz bu səbəbdən layihənin inkişafına böyük sərmayələr yönəltdi və bu, doğru qərar idi. Çünki ölkəmiz elə bir coğrafi məkanda yerləşir ki, bütün nəqliyyat yolları burada kəsişir. Bir sıra faktorlar getdikcə Azərbaycanın nəqliyyat-logistika önəmini artırır. Biz getdikcə bunun əhəmiyyətini daha çox hiss edirik. Bu baxımdan ölkəmizin Orta Dəhlizin önəmli halqası rolunda çıxış etməsi böyük əhəmiyyət kəsb edir”.
Vidadi ORDAHALLI