Rusiya rəsmiləri Ermənistanın Avropa siyasətinə qarşı boş sözlərdən başqa hələlik heç nə edə bilmir - Qruşko da bu qəbildən...

Ramil Hüseynov: “Rusiyanın Ermənistan siyasətində bəzi yanlış hesablamalar var”
Rusiya Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəklərindən narahatdır, çünki bu, respublikanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü (Aİİ) ilə bir araya sığmır. Bunu Rusiyanın Xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib.
Bununla bağlı rusiyalı məmur jurnalistlərə açıqlamasında deyib ki, Qərb dövlətləri İrəvanı “geosiyasi oyun”a cəlb etməyə çalışırlar: “Yaxşı məlumdur ki, Aİİ-də iştirakı sayəsində Ermənistan dinamik mərhələlərlə inkişaf edir və İrəvan üçün bütün əsas sahələrdə iqtisadi artım müşahidə olunur. Bu, Qərbin Ermənistanı Rusiyadan və digər təbii müttəfiqlərindən qoparmaq cəhdi ilə onu geosiyasi oyununa cəlb edəcəyi təqdirdə Ermənistanın itirmək risqi ilə üzləşdiyi böyük bir sərvətdir”.
Madam ki, Rusiya Ermənistanın Aİ-yə daxil olmaq istəklərindən belə narahatdır, o zaman niyə bəs Moskva bunun qarşısını almaq üçün hansısa konkret qabaqlayıcı və digər tədbirlərə əl atmır? O zaman niyə Rusiya rəsmilərinin bununla bağlı açıqlamaları sözdən o tərəfə keçmir?
“Paşinyan hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı belə inamlı addımları Türkiyə ilə sərhədlərin açılmasına hesablanıb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Rusiyanın Ermənistan siyasətində bəzi yanlış hesablamalar var: “Rusiya hakimiyyəti hesab edir ki, Ermənistan iqtisadi və enerji resursları baxımından Rusiyadan böyük ölçüdə asılıdır. Hesab edirlər ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur. Üstəlik, Gümrüdə 102 bazanın, Erebunidə hərbi-hava bazasının olmasından çıxış edərək proseslərə təmkinli yanaşırlar. Düşünürlər ki, sadalanan amillərlə əlaqədar Ermənistan hakimiyyəti Avroittifaqa üzvlük məsələsində çox da uzağa gedə bilməyəcək. Bu səbəbdən Rusiya rəsmiləri daha çox təmkin göstərirlər. Hesab edirəm ki, Rusiya tərəfi yanıla bilər. Niyə? Ən azından ona görə ki, Ermənistan əhalisinin sayı çox deyil. Bu nöqteyi-nəzərdən 3 milyon əhalisi olan ölkəni Avropa İttifaqı hesabına saxlamaq çətin olmayacaq. Varlı Avroittifaq üçün müəyyən müddət Ermənistan kimi ölkəni himayə etmək çətin görünmür. Xüsusən nəzərə almaq lazımdır ki, Ermənistanla-Rusiya arasında birbaşa quru sərhədi yoxdur. Fikrimcə, Paşinyan hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı belə inamlı addımları Türkiyə ilə sərhədlərin açılmasına hesablanıb. İrəvanda hesab edirlər ki, Türkiyə ilə sərhədlər açılsa, Aİ Ermənistana daha rahat yardım edəcək, sərmayə qoyacaq və s. Bu isə nəticə etibarı ilə Rusiyadan asılılığın azalmasında daha effektiv rol oynayacaq. Fikrimcə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, Türkiyə ilə sərhədlərin açılması qaçılmazdır”.
Vidadi ORDAHALLI