Putin Ukraynada əsasən mülki hədəflərin vurulduğunu bilmədən etiraf etdi...

Arzuxan Əlizadə: "Rusiya BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər daxilində mövcud olan Ukrayna dövlətinə hücum etməklə bütün beynəlxalq hüquq normalarını ayaq altına alıb"
Rusiya prezidenti Vladimir Putin mülki infrastruktur obyektlərinə hücum etməməklə bağlı təklif irəli sürüb. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, bu, Putinin Ukrayna münaqişəsi ilə bağlı yeni təkliflərindən biridir.
Peskovun sözlərinə görə, Putin mülki hədəflərə hücumların dayandırılması məsələsinin ikitərəfli səviyyədə də müzakirə oluna biləcəyini bəyan edib və bu təkliflə Ukrayna tərəfi ilə birbaşa danışıqları nəzərdə tutub.
Bu, əslində ötən üç il ərzində aparılan müharibə dövründə rus ordusu tərəfindən Ukraynada mülki obyektlərin vurulduğunun etirafı deyilmi?
Hamıya bəllidir ki, Cenevrə Konvensiyasına görə, müharibələr zamanı mülki obyektlərin hərbi hədəfə alınması qadağandır. Putinin təklifindən belə çıxır ki, onun ordusu indiyə qədər mülki obyektlərə zəribələr endirməklə kütləvi müharibə cinayətləri törədib.
Mülki obyektlər yalnız hərbiləşdirildikdə - öldürücu silahlarla təchiz edildikdə legitim atəş hədəfə çevrilə bilər. Hərbiçilərin yığışıb restoranda yeyib-içməsi restoranı, hərbiçini mülki xəstəxanada müalicə etmək xəstəxananı hərbi obyektə çevirmək deməkdirmi?
Baki-xeber.com saytının sualını cavablandıran AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bildirdi ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya tərəfindən bir çox hərbi cinayətlər, o cümlədən də mülki infrastrukturlara zərbələr endirməklə müharibə cinayətləri törədilib: "Ötən ilin məlumatına görə, Ukraynada 10 mindən artıq dinc əhali qətlə yetirilib. Təkcə İrpen şəhərində bir necə gün ərzində minlərlə dinc əhalinin qətlə yetirilməsi, sonradan isə kütləvi qəbiristanlığın da aşkarlanması buna bariz nümunədir.
Doğrudan da Putinin bu təklifi dolayısı ilə bu üç il ərzində rus qoşunlarının mütəmadi olaraq Ukraynanın mulki obyektlərinə zərbələr endirməsini təsdiqləyir. Mülki obyektləri hədəfləməklə qətlə yetirilən əhali arasında kifayət qədər uşaqlar, qadınlar və qocalar var. Bu, muharibə dəhşətləridir.
Müharibələr zamanı mülki əhalinin və infrastrukturun hədəfə alınmaması barədə Cenevrə Konvensiyası var. Lakin Rusiya buna məhəl qoymayıb, dəhşətli müharibə cinayətləri törədib.
Rusiya BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər daxilində mövcud olan Ukrayna dövlətinə hücum etməklə bütün beynəlxalq hüquq normalarını ayaq altına alıb.
Rusiya Ukraynanın BMT tərəfindən taninan ərazilərinin 20 faizini işgal edib. Həmin ərazilərdə yaşayan əhali hədəfə alınıb, milyonlarla əhali öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Bütün bunlardan sonra belə bir təkliflə çıxış etmək, əslində səmini görünmür. Amma bundan sonra mülki infrastruktur hədəfə alınmayacaqsa, razılaşmaya əməl ediləcəksə, bu da ziyanin yarısından qayıtmaq olardı. Mən bu razılaşmanın əldə edilməsinə də çox böyük şübhə ilə yanaşıram. Artıq uzun müddətdir ki, ABŞ prezidenti Donald Tramp bununla əlaqədar ikitərəfli razılaşmanın əldə edilməsi ilə bağlı hər iki tərəfi danışıqlara dəvət edir. Əvvəl 30 günlük atəşkəsin əldə edilməsinə yönəlik bir fəaliyyət var idi. Lakin bu, Rusiya tərəfindən pozuldu. Hətta Pasxa bayramı ərəfəsində Rusiya öz təsəbbüsu ilə 24 saatlıq atəşkəs elan etmişdi. Lakin atəşkəsin elə ilk saatlarında razılaşma Rusiyanın özü tərəfindən pozuldu. Bütün bunlar onu deməyə əsas verir ki, təklif edilən istənilən qaydanı dərhal elə Rusiya özü pozacaq. Çunki çox etibarsız tərəfdaşdır.
Lakin istənilən halda müharibə dayanmalıdır. Bundan sonra isə mülki əhaliyə qarşı törədilmiş cinayətlərdə bilavasitə əli olan, əmrlər verən komandirlərin beynəlxalq məhkəmələrdə mühakimə edilməsi təmin olunmalıdır. Hazırda heç bir kriteriya tanımayan Ukrayna-Rusiya müharibəsi dünyada çox pis presedent yaratmaqdadır. Yeri gəlmişkən, biz bunun sübutlarını Qəzzada da müşahidə etmişik.
Amma Azərbaycanın apardığı 44 günlük müharibədə, baxmayaraq ki, qarşı tərəf ərazimizi 30 il işgal altında saxlamışdı, soyqırımı törətmişdi, minlərlə vətəndasımıza insanlığa sığışmayan işgəncələr vermişdi, bir milyona yaxın qaçqınımız var idi, bütün müharibə qaydalarına əməl etdi. Bir dəfə də olsun mülki infrastrukturun vurulması faktı qeydə alınmadı. Amma əvəzində Azərbaycanın böyük şəhərləri olan Mingəçevirin, Gəncənin, Bərdənin və Tərtərin qarşı tərəfdən qadağan edilmiş raketlərlə atəşə tutulmasının şahidi olduq. Yüzə yaxın dinc sakinimiz müharibə zonasında yüz kilometrlərlə kənarda qətlə yetirildi. Amma biz bunun cavabını müharibə zonasında hərbçilərə qarşı əməliyyatlarla verdik. Ermənistanda bir nəfər də olsun mülki əhalinin burnu belə qanamadı. Azərbaycan həm də bir müharibə nümunəsi göstərdi.
Lakin müharibədən sonra Şuşa yaxınlığında ermənilərin və ya rusların atdığı "İsgəndər M" raketinin qalıqları da tapıldı. Hansi ki, Rusiya bu raketlərin başqa ölkələrə satılmaması barədə öhdəlik də götürmüşdü. Rysiya heç vaxt öz öhdəliklərini tam yerinə yetirmir. Bununla bağlı Azərbaycan MN və XİN tərəfindən Rusiyaya ünvanlanan sorğulara hələ də cavab verilməyib. Hələ də bilinmir ki, aşkarlanan "İsgəndər M" raketini ruslar, yoxsa ermənilər atıb. Bunun özü göstərir ki, Rusiya heç bir beynəlxalq qaydalara əməl etmir və bundan sonra da əməl etməyəcək".
Dəniz NƏSİRLİ