Azərbaycana düşmənçilik etmiş Baydenin özünü demokratlar siyahıdan sildilər... Bayden qayıtmaq istəyir…

“Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar”. Bu fikirləri bir neçə gün əvvəl prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.
Dövlət başçısı daha sonra deyib: “Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük... Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil. Biz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olmuşuq. Çünki ABŞ dünyanın ən güclü dövlətidir”.
Qeyd edək ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ təkcə Azərbaycanla yox, dünyanın bir çox ölkələri ilə xarici siyasətində problemlər yaşayıb. Bu da sözügedən hakimiyyətin ən böyük uğursuzluqlarından biri hesab olunur. Elə bu səbəbdəndir ki, Bayden-Blinken komandasına indi ABŞ-ın özündə də böyük narazılıq ifadə edilir. Elə bu səbəbdəndir ki, ABŞ-da Cozef Bayden üçün xoşagəlməz hadisə baş verib. Demokratlar Partiyası amerikalıları Pasxa bayramı münasibətilə təbrik edərkən sabiq prezidenti yada salmağa lüzum görməyib. Bunun 82 yaşlı keçmiş prezidentin Donald Trampı tənqid edən çıxışından qısa müddət sonra baş verməsi heç də təsadüfi deyil. Məsələ burasındadır ki, bu çıxışla Bayden siyasətə qayıtmaq niyyətini də meydana qoyub. Amma onun partiya yoldaşları bunun yaxşı fikir olduğunu düşünmürlər. Demokratlar öz sıralarını yeniləməyə çalışırlar ki, Trampa və Trampizmə meydan oxuyacaq biriləri olsun. Qeyd edək ki, ABŞ-da hazırda yaşayan keçmiş prezidentləri hansısa tədbirlərə dəvət edəndə istisnasız olaraq onların hamısı dəvət olunur. Onların xalqa təbrikdə adları qeyd ediləndə də yenə hamısının adı çəkilir. Amma indi Amerikada siyasi ənənələrin pozulduğu müşahidə edilir. Bu, Pasxa bayramında da özünü büruzə verdi.
Demokratlar Partiyasının Milli Komitəsinin sosial şəbəkədəki “Pasxa bayramınız mübarək” başlıqlı yazısına Barak Obama, Bill Klinton və vəfat etmiş iki prezident, əfsanəvi Con Fitscerald Kennedi və Cimmi Karterin ailələri üçün keçirilən Pasxa bayramlarından fotolar yer alıb. Sonuncunun prezidentliyi ən uğurlu hesab edilmir. Karterin dönəmində bir çox uğursuzluqlar olub - 1979-cu il enerji böhranı, İranda amerikalı girovların ələ keçirilməsi və sair. İndi belə çıxır ki, hətta o, Baydendən çox demokratların parlaq bayramı ilə bağlı xatırlanmağa layiq görülüb. Bayden isə ümumiyyətlə xatırlanmayıb. ABŞ mediası bunu təsadüfi saymır. Məsələ burasındadır ki, Bayden vəzifəsindən ayrıldıqdan sonra ilk çıxışını Çikaqoda edib.
Onun dediklərindən belə nəticəyə gəlmək olar ki, Bayden özünü məğlub olmuş siyasi xadim hesab etmir və hələ də özünü siyasətdə müəyyən mənada sübut etməyə ümid edir. O, partiya yoldaşları arasında anlayış tapacağına ümid edirdi. Əvəzində o, keçmiş prezidentin həyat yoldaşı Cil Baydenin keçmiş mətbuat katibi Maykl LaRosanın sərt məzəmməti ilə qarşılaşıb. O, Baydenin arvadının ağılsız məsləhətinə əməl etdiyinə inanaraq cütlüyü tənqid edib: “Əgər onların Demokratlar Partiyaıanın və ya milli siyasətin nəbzini tutan məsləhətçiləri olsaydı, partiyamızda onlara qarşı qəzəb və ya laqeydliyin nə qədər yüksək olduğunu və bunun tezliklə aradan qalxmayacağını başa düşərdilər”. Bu acı sözlərin doğruluğuna əmin olmaq üçün Baydenə sosioloji məlumatlara müraciət etmək kifayət idi. Xalqın fikrincə, o, indi Trampdan daha qeyri-populyardır. Və bu, hazırkı prezidentin reytinqinin davamlı olaraq aşağı düşməsinə baxmayaraq baş verir. Demokratlar keçən ilki seçkilərdəki məğlubiyyətə görə şəxsən Bayden və Kamala Harrisi günahlandırmağa davam edirlər. Yalnız Harris keçmiş rəhbərindən fərqli olaraq, bəzi siyasi perspektivlərini saxlayır. Emerson Kollecinin sorğu xidməti tərəfindən keçirilən sorğu Harrisin 2026-cı il Kaliforniya qubernatorluğu seçkilərində aşkar favorit olduğunu göstərdi. Onun reytinqi 31%, ən yaxın rəqibində isə cəmi 8%-dir. Amma milli səviyyədə partiya təsisatı Harrisi çoxdan silib. Onunla partiyanın konsolidasiyası üçün heç bir ümid yoxdur və o, 2028-ci il prezident seçkilərində potensial namizəd kimi qəbul edilmir. Demokratlar indi öz sıralarına yeni simalar cəlb etmək üçün mübarizə aparırlar. Partiyada Milli Komitənin sədr müavini Devid Hoqqun təşəbbüsü ilə həyata keçirilən layihə partiyanı gəncləşdirməyə hesablanıb. Partiya rəsmisi 2026-cı il Nümayəndələr Palatasında ilkin seçkiyə gəncləri cəlb etməyi təklif edir. Hazırda Demokratların sırasında yaşlılar az deyil. 85 yaşı olmasına baxmayaraq hələ də Konqresin üzvü olan Nensi Pelosi bunun nümunələrindən biridir. O, Nümayəndələr Palatasının spikeri postunu yalnız 2023-cü ildə və yalnız Demokratlar orada çoxluğu itirdikdən sonra tərk edib.İndiyədək Demokratlar Partiyasının sol, mütərəqqi qanadı adlanan qanadı öz sıralarını cavanlaşdırmaqda ən yaxşısı olub. Amma bütövlükdə partiyanın problemi ondan ibarətdir ki, solçu namizədlər Trampa meydan oxumaq və ya onun yerinə keçmək üçün uyğun deyillər.
Tahir TAĞIYEV