Azərbaycan Qlobal Cənubda müstəqil "üçüncü qüvvə"ni formalaşdıracaq... Beynəlxalq hesabatdan rəy...

Azərbaycan Qərblə Qlobal Cənub arasında bütün sahələrdə bu gün körpü rolunu oynayır. Proseslər göstərir ki, qarşıdakı dövr ərzində Azərbaycanın bu sahədə rolu daha da artacaq. Ölkəmiz Qlobal Cənubun maraqlarının uğurlu müdafiəçisi rolunda mövqeyini daha da gücləndirəcək.
Məsələ ilə bağlı prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində qeyd edib: “Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik. Bizim tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu. Mən artıq dedim ki, Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”. Bu arada “Boston Consulting Group”un hesabatındada məsələ ilə bağlı maraqlı nünslar yer alıb. Burada qeyd edilir ki, Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələri onilliyin sonuna qədər qlobal iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olacaq və dünya arenasında müstəqil “üçüncü qüvvə” formalaşdıracaq. Qeyd olunub ki, 2029-cu ilə qədər Qlobal Cənub ölkələrinin ümumi ÜDM-i inkişaf etmiş ölkələrin 1,9 % ilə müqayisədə ildə orta hesabla 4,2 % artacaq: “Qlobal Cənub ölkələrinin illik ticarət həcminin 2033-cü ilə qədər 14 trilyon dollara çatacağı gözlənilir. Bu ölkələr arasındakı əməkdaşlıqda ticarətin rolu böyükdür: Cənub-Cənub ticarəti ildə 3,8 % artacaq. Qlobal şimal ölkələrinin öz aralarındakı ticarət isə ildə 2,2 % təşkil edir”. Hesabatda göstərilib ki, Braziliya və Hindistan kimi “multialyans” siyasətinə sadiq olan dövlətlər həm Çin, həm də Qərb ölkələri ilə əlaqələr qurmaqla iqtisadi artımlarını və davamlı inkişaflarını gücləndirirlər, Qlobal Cənub ölkələrində fəaliyyət göstərən şirkətlər isə biznes aparmaq üçün böyük imkanlar əldə edirlər: “Qlobal Cənub ölkələrində fəaliyyət göstərən şirkətlər üçün geniş imkanlar açılır. Buraya biznes strategiyalarının lokallaşdırılması, cənub-cənub tərəfdaşlıqlarına və təchizat zəncirinin dayanıqlılığına investisiya qoyuluşu və sair daxildir”.
Burada biq məqamı da xatırladaq ki, Azərbaycan COP29 sədrliyi zamanı Qoşulmama Hərəkatına rəhbərliyi təcrübəsindən istifadə edərək, müxtəlif inkişaf səviyyələrinə malik Qlobal Şimal və Qlobal Cənubu bir araya gətirə bilib. Bundan başqa, COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb və bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan edib. Dünyada da qəbul edilir ki, Şimal ilə Cənub, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycanın müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaratması tədqirəlayiq haldır. Burada bir daha qeyd etmək lazımdır ki, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar Azərbaycanın müxtəlif məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola biləcəyinə əsas verir. Ölkəmiz bu istiqamətdə fəal siyasət yürüdür. Qeyd edək ki, Azərbaycan həm də qlobal məsələlərin müzakirəsi üçün mühüm platforma kimi mövqeyini möhkəmləndirir. Geosiyasi mövqeyinə, enerji resurslarına və fəal xarici siyasətinə görə yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayan Azərbaycan əsas oyunçuya çevrilir. Bakının fəal siyasəti Azərbaycanın dünya nizamının gələcəyinə təsir göstərə bilən qlobal proseslərin subyekti kimi mövqeyini möhkəmləndirir. Bu, həm də ölkəmizin regional siyasi və iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən strateji aktor kimi rolunu daha da artırır.
Ramil QULIYEV