Paşinyan və Ermənistan Konstitusiya Məhkəməsinin sədri bir-birinə geyişdilər... Yeni böhran...

Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğu bütün dünyada qəbul edildiyi halda, bu ölkənin özündə sözügedən məsələ ətrafında spekulyasiyalar davam etdirilir. Hətta burada Konstitusiya Məhkəməsinin sədri bəyan edir ki, Ermənistanın ana qanununda nəinki Azərbaycana, heç bir başqa ölkəyə qarşı ərazi iddiaları yoxdur.
Sədr Arman Dilanyan “Azatutyun”a müsahibəsində Azərbaycan rəsmilərinin ərazi iddiaları ilə bağlı ittihamlarını qəbul etmədiyini, konstitusiyanın referenduma çıxarılmazdan əvvəl ekspertizadan, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən təftiş olunduğunu vurğulayıb: “Müxtəlif beynəlxalq ekspertizalardan keçmiş konstitusiyamız referendum yolu ilə qəbul edilməzdən və ya ümumiyyətlə, sənəd kimi formalaşmazdan əvvəl müxtəlif beynəlxalq hüquqi ekspertizalardan, o cümlədən Venesiya Komissiyasından keçib. Və əminəm ki, Venesiya Komissiyası diqqətə çatdırsaydı ki, burada başqa ölkənin ərazi bütövlüyünə iddia var, onda konstitusiyamızın mətni üzərində yenidən işlənəcəkdi”.
Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, beynəlxalq hüquq dövlətləri bir-birinin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət etməyə məcbur edir: “"Dövlət götürüb qərar verə bilməz ki, onun bilavasitə başqasının ərazisində qəsd edəcəyi hüquqi sənəd olsun. Bu, birbaşa təcavüzə bərabərdir, hətta başqa dövlətin ərazi bütövlüyünə belə bir tələb irəli sürsəniz belə, bu, beynəlxalq hüquqi nizama zidd olan tənzimləmə olar. Və mən əminəm ki, konstitusiyamızda da belə bir şey yoxdur”. Amma burada bir daha qeyd edək ki, Ermənistan Konstitusiyası Müstəqillik Bəyannaməsinə istinad edir. Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında isə bu müddəya istinad var. Konstitusiyada istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib. 12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib. Ermənistanda bir neçə dəfə konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib. 1998-ci ildə Ermənistan Mərkəzi Seçki Komissiyası Robert Köçəryanın prezident seçkisindəki namizədliyini konstitusiyanın bu maddəsinə istinad edərək təsdiq etmişdi. Ermənistan konstitusiyasına görə, prezident seçkilərində namizəd olmaq üçün Ermənistan vətəndaşı olmaq və son on ildə burda yaşamaq lazımdır. Köçəryan isə Qarabağda anadan olmuşdu və yalnız 1997-ci ildə Ermənistana köçmüşdü. Ona görə də o, prezidentliyə namizəd olmaq üçün bu iki şərtə uyğun deyildi. Bu fonda Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsi əsasında Azərbaycana qarşı ərazi iddiası irəli sürülür. Azərbaycan da məhz bunun aradan qaldırlmasını tələb edir. Bütün bunlar ortada olduğu halda Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyanın bu sənəddə Azərbaycana qarşı ərazi iddiasının olmadığını bildirməsi həyasızılığın daha bir təzahürüdür.
Azərbaycan isə mövqeyində israrlıdır. Bakı sülh müqaviləsini imzalamazdan əvvəl Ermənistan Konstitusiyasının dəyişdirilməsini və preambuladan Ermənistan və Qarabağın birləşdirilməsini qeyd edən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Bundan əvəl isə Ermənistan Konstitusiya Məhkəməsi delimitasiya komissiyalarının reqlamentinin konstitusiyaya uyğunluğunu yoxlayarkən belə qərara gəlib ki, yalnız Müstəqillik Bəyannaməsinin Bəyannamədən Konstitusiyaya köçürülmüş müddəaları konstitusiya normaları qüvvəsinə malikdir. Amma indi də Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan vurğulayır ki, konstitusiyanın preambulası bəyannamənin tərkib hissəsi deyil: “Preambulada verilən arayış bütün bəyannamənin özünə istinad deyil. Bəyannamə tamamilə köçürülərək konstitusiyanın tərkib hissəsinə çevrilməyib”. Hazırda Ermənistanın Ədliyyə Nazirliyi yeni konstitusiya yazır. Hansı böyük dəyişikliklərin nəzərdə tutulduğu hələlik məlum deyil, lakin baş nazir Nikol Paşinyan artıq öz fikrini bildirib: “Yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, amma bir daha demək istəyirəm: qərar verən Ermənistan Respublikasının xalqıdır”. Nikol Paşinyanın sözlərinə görə, Müstəqillik Bəyannaməsinin məzmunu o deməkdir ki, müstəqil Ermənistan dövləti mövcud ola bilməz. Və Paşinyanın fikrincə, bəyannaməyə istinadın konstitusiyadan çıxarılmasının səbəbi məhz budur. “Artıq Konstitusiya Məhkəməsinin ana qanunda ərazi iddiasının olmaması ilə bağlı qərarı olduğu halda, bu şəraitdə baş nazirin İstiqlal Bəyannaməsinə istinadı çıxarmaq mövqeyi əsaslandırılırmı?” sualına Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan belə cavab verib: “Hazırda cəmiyyətimizdə cərəyan edən diskursa indiki məqamda hüquqi qiymət verə bilmərəm, çünki onlar mahiyyət etibarı ilə müəyyən mənada hüquqi, müəyyən mənada siyasi xarakter daşıyır və bu diskurs nəticəsində gələcəkdə hansı hüquqi sənədin yaranacağını indi təsəvvür edə bilmirəm”. Arman Dilanyan bu gün baş nazirin ölkənin yeni konstitusiyaya malik olması ilə bağlı əsaslandırması, yəni bütün konstitusiyada legitimlik məsələlərinin sual altında olması ilə razılaşmır: “Biz qorumağa çağırdığımız konstitusiyaya bir an belə şübhə edə bilmərik”. Məhz elə bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Ədalət məhkəməsinin ədalətə nail olmaq vasitəsi kimi” adlı konfransdakı çıxışında ölkədə əvvəlki bütün konstitusiya referendumlarının xalqın həqiqi iradəsini əks etdirmədiyini bildirib. Paşinyan Ermənistanda hüquq sistemi ilə cəmiyyət arasında mövcud olan uçurumun ədliyyə sektorunda problemlər yaratdığını vurğulayıb: “Bu boşluq qismən, konstitusiya referendumları zamanı vətəndaşların rəsmi nəticələrin, demək olar ki, onların iradəsini ya ifadə etmədiyinə, ya da yalnız qismən ifadə etdiyinə əmin olduüqları ilə şərtləndirilib. Buna görə də, qanun və asayiş cəmiyyətlə “üzvi” şəkildə əlaqələndirilməlidir”. Bundan əvvəl Paşinyan Müstəqillik Bəyannaməsinə istinadların yeni Konstitusiyadan çıxarılması təşəbbüsü ilə çıxış edib.
Nahid SALAYEV