“Dağlıq Qarabağdan 41-45 müharibəsinə 90 min erməni gedib? DQ-yə” Sovet ittifaqı qəhrəmanı?”...

Hüseyn İbrahimov: “Ermənilər hər şeyi miflər üzərində quraraq saxtakarlıqla məşğul olurlar”
Xəstə erməni təxəyyülünə dayanaraq, bəzi erməni “ziyalıları” tarixi saxtalaşdırmaq fikirlərindən əl çəkmək istəmirlər. Erməni yazıçı və publisist Merujan Ter-Qulanyan Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayaraq, qələbənin 80 illiyi münasibəti ilə “Dağlıq Qarabağa” Sovet İttifaqı Qəhrəmanı adı verilməsini təklif edib.
Ter-Qulanyan müraciətində iddia edir ki, Qarabağdan Böyük Vətən müharibəsində beş erməni marşal və iki admiral, 27 Sovet İttifaqı Qəhrəmanı, 26 general və 1000-dən çox zabit çıxıb. Müraciətdə qeyd edilir ki, Qarabağdan 90 min erməni müharibəyə gedib və onlardan 40 mini həlak olub: “Mən hesab edirəm ki, “Dağlıq Qarabağ” Sovet İttifaqı Qəhrəmanı adına layiq idi. Fəaliyyətinizi müşahidə edərək inanıram ki, bir yazıçı kimi səsimi siz eşidəcəksiniz”.
Məlumat üçün qeyd edək ki, 1941-ci ildə müharibə başlayanda Azərbaycan əhalisinin ümumi sayı 3,4 milyon nəfər idi. Digər tərəfdən, o vaxt 5 rayondan ibarət keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin sayı hardasa 100 min ətrafında idi. Belə olan halda 90 min erməni necə müharibəyə gedə bilərdi? Üstəlik, Qarabağda yaşayanlar təkcə ermənilər deyildi. Ermənilər müəyyən say üstünlüyünə sahib olsalar da, orada on minlərlə azərbaycanlı yaşayırdı. Qarabağ Azərbaycanın tərkibində idi, amma Bakıya qəhrəman şəhər statusu verilmədi. Qarabağda doğulan Serj Sarkisyan Ermənistan prezidenti olandan sonra faşistlərə qulluq etmiş Qaragin Njdeyə İrəvanda heykəl qoydu.
“Qarabağdan müharibəyə gedən ermənilərin sayının guya 90 min nəfər olması ilə bağlı deyilənlər, sadəcə, ağ yalandır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, ermənilər hər şeyi miflər üzərində quraraq saxtakarlıqla məşğul olurlar: “Bu, demək olar bütün ermənilərə xas olan xüsusiyyətdir. Məsələn, deyirlər ki, marşal İvan Baqramyan Qarabağdan çıxıb. Halbuki, Bağramyan Şəmkirin ovaxtkı Çardaxlı dağ kəndində doğulub. Baqramyan haqqında araşdırma apararkən məlum olub ki, Azərbaycanda doğulmasına, o mühitdə böyüməsinə baxmayaraq öz erməni xislətini göstərib. O, Azərbaycanla bağlı heç bir xoş söz deməyib və xalqımıza olan nifrətini büruzə verib. Baqramyan şəxsi maraqları üçün hər an mövqeyini dəyişməyə qadir bir şəxs olub. Baqramyan əvvəlcə Rus imperiyası ordusunda, sonra daşnak ordusunda, daha sonra isə Qızıl orduda xidmət edib. Baqramyan öz rahatlığı və karyerası üçün bütün vasitələrə əl atıb, hiyləgər manevrləri ilə özünü və hərbi karyerasını qoruya bilib. Ancaq heç də o, hər zaman istədiyinə nail ola bilməyib. Xüsusilə də Stalinin nüfuzlu hərbçilər siyahısında onun adı əks olunmayıb. O, nə qədər canfəşanlıq etsə də, Stalindən nə marşal rütbəsi, nə də “Qələbə” ordeni ala bilməyib. Stalindən sonra ona marşal rütbəsi verilib. Xruşşovun devrilməsində bilavasitə iştirak edib. Qarabağdan müharibəyə gedən ermənilərin sayının guya 90 min nəfər olması ilə bağlı deyilənlər, sadəcə, ağ yalandır. Çünki o zaman heç bu qədər orada erməni yaşamırdı. Ona görə də bütün bu deyilənlər sadəcə erməni saxtakarlığıdır. Ermənilərin faşistlərə necə xidmət etməsi ilə bağlı kifayət qədər faktlar var. O zaman, erməni əsilli zabitlərə ona görə vəzifə verirdilər ki, bu, Moskvanın marağında idi. Çünki SSRİ rəhbərliyi onlardan öz imperiya məqsədləri üçün istifadə edirdi. Biz unutmamalıyıq ki, erməniləri Qarabağa Rusiya imperiyası köçürüb”.
Vidadi ORDAHALLI