Yunan Kiprinin şovinist EOKA-çıları yeni “türk qırğınlarına” çağırır...

Məhəmməd Əsədullazadə: “Türklərin ümumiyyətlə adadan qovulması hələ də yunanların dini-siyasi planına daxildir”
Şimali Kipr Türk Cühuriyyətinin Prezidenti Ersin Tatar Kipr Rum Lideri Nikos Xristodoulides və Rum Ortodoks Kilsəsinin arxiyepiskopu Georgiosun Pasxa bayramı münasibəti ilə verdiyi açıqlamaların Kiprdə qarşılıqlı anlaşma əsasında qurulacaq istənilən dialoqa ciddi ziyan vurduğunu bildirib.
Prezident Tatar: “Hər iki bəyanat güzəşt iradəsi ilə uyğun gəlməyən, xalqımızın suverenliyini hədəf alan, keçmişin ayrıseçkilik və uğursuz yanaşmalarını yenidən dövriyyəyə buraxmağa çalışan zehniyyəti əks etdirir”, - deyib.
Kipr Rum Lideri Xristodulidisin “işğal divarını yıxma strategiyası” kimi qəbuledilməz açıqlamalarının həll çağırışı deyil, xalqa qarşı törətdikləri cinayətləri və hegemonluq istəklərini gizlətməyə çalışan bir diskurs olduğunu vurğulayan Prezident Tatar açıqlamasında: “Kıbrıs Rum liderinin qaldığı yerdən davam etməyi daim vurğuladığı “biregional, iki icmalı federasiya” modeli artıq tükənib. Bu fakt təkcə bizdə deyil, keçmiş prosesləri obyektiv qiymətləndirən bütün dairələr tərəfindən də qəbul edilir. Arxiyepiskopun açıqlamaları təkcə tarixi təhrif etmir; Burada dini pərdə altında xalqımıza yönəlmiş açıq nifrət nitqləri yer alır. Kiprdə bir yerdə yaşamaq iddiasında olan bir tərəfin “zalım türk”, “türklər qovulmalıdır” kimi ifadələrlə xalqımızı hədəf alması nifrət və ayrı-seçkiliyin nə qədər ağır həddə çatdığını ortaya qoyur. Bu izahatlar təkcə bizə aid deyil; Bu, həm də yunan xalqının həssas təbəqələrini narahat etməlidir”, - deyə bildirib.
Görünən odur ki, Kiprdə vəziyyət gərginləşir. Maraqlıdır, adada yenidən müharibə risqi varmı?
“Yunan Kiprinin atdığı addımlar adadakı türklərin etnik təmizlənməsinə gətirib çıxara bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Yunan Kiprinin verdiyi açıqlamalar və həyata keçirdiyi siyasət türklərə qarşı diskriminasiya siyasətini özündə ehtiva edir: “Uzun illər Yunan Kipri bu siyasəti davam etdirib. Həm beynəlxalq müstəvidə, həm də daxili siyasətdə bu özünü göstərib. Yunan din xadimlərinin qızışdırıcı xarakterli çağırışları etnik və dini zəmində qarşıdurmaları özündə ehtiva edib. Kipr Rum Lideri Xristodulidisin “işğal divarını yıxma strategiyası” kimi açıqlamaları məhz qarşıdurmaya çağırışdır. Görünən odur ki, türklərin ümumiyyətlə adadan qovulması hələ də yunanların dini-siyasi planına daxildir. Reallıq odur ki, Kiprdəki yunanlar birgə yaşayışa qarsıdılar. Onlar istəyir ki, türkləri adada etnik təmizləməyə məruz qoysunlar. Hesab edirlər ki, ada yalnız yunanlara məxsusdur. Əlbəttə ki, bu qəbuledilməzdir. Çox təəssüf ki, Qərb Kipr türkləri ilə bağlı ikili standartlardan çıxış edir. Adadan Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə edilir. Məlum olduğu kimi, yeni beynəlxalq nizam formalaşır. Ümid edirəm ki, bu siyasi nizamda ŞKTR-də yaşayan türklərin hüquqları beynəlxalq müstəvidə tanınacaq. ŞKTR müstəqil dövlət kimi qəbul ediləcək. Yoxsa Yunan Kiprinin atdığı addımlar adadakı türklərin etnik təmizlənməsinə gətirib çıxara bilər. Çünki ötən əsrin 60-70-ci illərində bu baş verib. O üzdən, yunan tərəfinə etibar etmək olmaz. Çünki Yunanıstan da onları dəstəkləyir. Ancaq düşünmürəm ki, bu, adada müharibəyə gətirib çıxarsın. Çünki Türkiyə regionda super gücdür. Ankara buna imkan verməz”.
Vidadi ORDAHALLI