Türk Dövlətləri Təşkilatının yeni Zirvəsi böyük problemlərlə üzləşir...

Xaqani Cəfərli: "TDT-yə üzv dövlətlər üçün həyati əhəmiyyətli məsələlərin həllində təşkilatın hansı rolu oynaya biləcəyi müəyyən olunmadan gələcəyi ilə bağlı nikbin danışmaq mümkün deyil"
Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.
Hakan Fidan əlavə edib ki, qeyri-rəsmi Zirvə görüşü isə Macarıstanda keçiriləcək.
TDT-nin bu sammitində nələr müzakirə oluna bilər, ümumən, bu zirvə baş tutacaqmı?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda, qeyri-rəsmi Zirvə görüşü isə Macarıstanda keçiriləcəyi ilə bağlı məlumat yaxşı xəbər sayıla bilər: "Çünki son zamanlar TDT-yə üzv ölkələr arasında yaşanan gərginliklər bütövlükdə təşkilatın gələcəyi ilə bağlı suallar meydana çıxarmışdı. Bu mənada Zirvə görüşlərinin keçiriləcəyi yer və tarixin müəyyən olunması, ən azından, yaxın tarix üçün təşkilatın mövcudluğunu qoruyub saxlayacağını söyləməyə imkan verir.
TDT-nin 12-ci rəsmi Zirvə görüşünün Azərbaycanda keçirilməsi bütün üzv ölkələrin liderlərinin iştirak edəcəyinə əminlik yaradır. İstisna deyil ki, Zirvə görüşünün Azərbaycanda keçirilməsi qərarı bütün üzv dövlətlərin liderlərinin iştirakını təmin etmək üçün verilib. Bütövlükdə TDT-nin varlığını qoruması və inkişaf etdirməsində Azərbaycan müstəsna rola malikdir.
Bütün bunlarla yanaşı, TDT-nin gələcəyi ilə bağlı dərin qayğılar da var. TDT-yə üzv dövlətlər üçün həyati əhəmiyyətli məsələlərin həllində təşkilatın hansı rolu oynaya biləcəyi müəyyən olunmadan gələcəyi ilə bağlı nikbin danışmaq mümkün deyil".
Ekspertin də vurğuladığı kimi, bu zirvə görüşü bir neçə cəhətdən maraq doğurur. Onlardan biri də zirvə toplantısının dörd türk dövlətinin - Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Cənubi Kipirdə səfirlik açması və BMT TŞ tərəfindən 1974-cü ildə qəbul edilmiş, Türkiyəni Şimali Kipri "işğal etməkdə" suçlayan 541 və 550 saylı qətnamələrini yarım əsrdən sonra tanıması ərəfəsinə təsadüf edir. Dörd türk dövlətinin bu addımı atmasını, başda Türkiyə və Azərbaycan olmaqla, heç bir türk dövlətinin rəsmi şəxsi tənqid eləmədi. Hətta Şimali Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar belə bu addımı anlayışla qarşıladığını dilə gətirdi. Türk dünyası ictimaiyyəti isə bu addımı birmənalı şəkildə kəskin qınadı.
Rəsmi şəxslərin məsələyə loyal yanaşması onu ehtimal etməyə güman yaradır ki, bu dörd türk dövləti atdığı addımı razılıqsız atmayıb, türk dövlətləri ilə razılaşdırıb. Amma türk dövlətləri özlərini o yerə qoyub, bu addımı faciəyə çevirməmək üçün də bu jesti ifadə edə bilər. Bu sammitdə türk dünyasının sözügedən nigaranlığına da aydınlıq gətiriləcəyi yəqindir. Yox, əgər bu sammitdə də məsələnin üstündən sükutla keçilsə, deməli bu addım əvvəlcədən razılaşdırılıbmış.
Akif NƏSİRLİ