Dövlət müstəqilliyimizlə həmyaşıd nadir media orqanlarından biri - "Olaylar" 30 ildir yanılmadan gəlir...

150 illik mətbuat tariximizin səhifələrində özünəməxsusluğu ilə seçilən bir qəzet var ki, o, müstəqillik dövrümüzün ilk mətbuat örnəklərindən biridir. Müstəqilliyimizin bərpasından cəmi 4 yaş kiçik olsa da, dövlət konstitusiyamızın yaşıdıdır. 30 yaşını qeyd etməyə hazırlaşan "Olaylar" qəzetindən danışıram.
1991-ci ildən bu yana çox qəzetlər, çox mətbuat orqanları nəşr olunub, amma onların çox az hissəsi bu gün ömrünü davam etdirir. Bir çoxu yaddaşlardan silindi, bir çoxu mətbuat bolluğunda əriyib itdi, bəziləri isə oxucusunu itirdi. Amma oxucu etibarını, etimadını, sevgisini qorumağı bacaran azsaylı qəzetlərdən biri oldu "Olaylar". 30 ildir bizimlə yanaşı addımlayır, öz əzəli prinsiplərinə sadiqdir, dönməzdir, oxucusunu tərk etmir. Bütün çətinliklərə rəğmən yaşayır, yaşadır, əzəli qayəsindən uzaq düşmür.
Dövlətçilik maraqlarının müdafiəsini, milli maraqları, bizim üçün əsas olan dəyərləri canında yaşadan "Olaylar" tanınmış yazıçı-dramaturq, ictimai-siyasi xadim Yunus Oğuzun ən böyük və mükəmməl əsəridir. Bu əsəri 30 ildir Azərbaycan oxucusu oxuyur, oxuyur, yenə də oxuyacaq.
Xalq hərəkatından başlayan mübarizə yolunu uğurla davam etdirən Y.Oğuz 1995-ci ilin 24 aprelində "Olaylar"ın ilk çapı ilə mətbuatda yeni bir iz yaradır. "Olaylar" çağdaş Azərbaycan mətbuatının tanınmış qəzetlərindən birinə çevrilir. Qəzetin ardınca "Olaylar" İnformasiya Agentliyi meydana gəlir. Eyni adlı qəzet və informasiya agentliyi Azərbaycan mətbuatının inkişafında özünəməxsus rolu olmaqla yanaşı, həm də böyük bir məktəb kimi özünü göstərdi. Azərbaycan mediasının bir çox tanınmış simaları "Olaylar"da yetişib püxtələşdilər, mətbuata öz imzalarını burdan tanıtdılar.
Yunus Oğuzun yaratdığı "Olaylar"da çox gözəl imzalar yetişdi, biz onları tanıdıq, yazılarını oxuduq, bəyəndik.
Azərbaycan mətbuatında özünün bənzərsiz dəst-xətti olan və Azərbaycan media tarixində xüsusi seçilən nəşrlərdən biri olan "Olaylar"ın ictimai-siyasi proseslərin inkişafında oynadığı rol, dövlətə, dövlətçiliyə bağlılığı, sədaqəti, dövlətçilik prinsiplərini uca tutması, tutduğu stabil xətt, milli məfkurımizin, ana dilimizin, türk birliyinin monolitliyini qoruyan ideoloji fikirlərə xüsusi yer verməsi qeyd olunmalıdır.
Bu nəşrin və agentliyin peşəkar fəaliyyəti göz önündədir və cəfakeş, peşəkar, öz işini sevən əməkdaşlar qəzetin, sayt məqalələrinin oxunaqlı olması üçün əllərindən gələni edirlər, bir - birindən maraqlı məqalələr təqdim edirlər. Bir qəzetin 30 il müddətində sıralarımızda olması, nəşrini davam etdirməsi böyük fədakarlığın nümunəsidir. Bu, Yunus Oğuzun və rəhbərlik etdiyi peşəkar kollektivin öz dövlətinə, xalqına, mətbuatına sevgisinin, sədaqətinin nümunəsidir.
Əlbəttə, "Olaylar"-ın daha uzunömürlü olacağına inanırıq, çünki bu nəşr yanılmadan, sapmadan öz yolu ilə uğurlarına doğru irəliləyir. 30 il media aləmində olmaq, öz sözünü demək, səsini duyurmaq, varlığını qorumaq böyük bir işdir və bu hər nəşrə qismət olmur. Yunus Oğuzun şah əsəri olan “Olaylar”ın, arzu edirik ki, ömrü uzun olsun!
İradə SARIYEVA