FB şəbəkəsinin erməni təsirində olduğu təsdiqləndi - terrorçulara açıq himayəçilik başladı...

Faiq Ələkbərli: "Facebook" sosial şəbəkəsinin ASALA terrorçusu, cani Melkonyanın şəkilləri ilə açılan səhifələrdən, profillərdən bloku götürməsi onu göstərir ki, bu bəzi Qərb dairələrinin göstərişi ilə edilib"
Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı qətliamlar törədən ermənilərin şəkillərinin yerləşdirildiyi səhifələrə "Facebook" sosial şəbəkəsi blok qoymuşdu, uzun illər davam edən bloklama dayandırılıb.
Belə ki, "Facebook" sosial şəbəkəsi erməni terrorçu, ASALA terror təşkilatının ASALA-RM qanadının qurucusu Monte Melkonyanın şəkillərini paylaşan profil və qrupları bloklamağı dayandırıb. Ermənistan mətbuatında gedən məlumata görə, bu barədə erməni IT mütəxəssisi Samvel Ayrapetyan sosial media hesabında xəbər verib.
Onun sözlərinə görə, son illərdə "Facebook" onun fotolarını yerləşdirən istifadəçilərin profillərinə və səhifələrə girişə məhdudiyyətlər qoymuşdu. Bloklama adətən Azərbaycan istifadəçilərinin çoxsaylı şikayətlərindən sonra baş verirdi.
Ayrapetyan deyib ki, hazırda vəziyyət dəyişib: "Səhifələr artıq bloklanmır, şəkillərin özləri silindiyi təqdirdə isə sosial şəbəkə administrasiyası əks şikayətlər təqdim edildikdən sonra çox vaxt onları bərpa edir".
Bildiyimiz kimi, M.Melkonyan Birinci Qarabağ müharibəsində də terror əməllərinə davam edib, Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində aktiv iştirak edib.
Əli azərbaycanlıların qanına batmış M. Melkonyan Ermənistanın "milli qəhrəmanı" elan olunub. Terrorçunun qəhrəmanlaşdırıldığı Ermənistan indi də İT mütəxəssislərini "səfərbər edib", M.Melkonyan da daxil olmaqla, Ermənistan və "Artsax qəhrəmanlarının" şəklinə qoyulan yasağın aradan qaldırılmasına nail olub. Terrorçu, əli minlərlə, on minlərlə dinc insanın qanına batan erməni terrorçuların sosial şəbəkələr üzərindən təbliğ edilməsi, təbii ki, Ermənistanda revanşizmi daha da qızışdıracaq.
"Həmin Qərb təşkilatları və Qərb dövlətləri Ermənistanda revanşizmin qızışmasında maraqlıdır və bunun bir üsulu da sosial şəbəkələrdə terrorçuları, caniləri qəhrəmanlaşdırmaqdır, onları təbliğ etməkdir"
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspere t Faiq Ələkbərli "Bakı-Xəbər" ə bildirdi ki, əslində burda Ermənistanla yanaşı bəzi Qərb ölkələrinin də marağı var və onlar terrorçuların təbliğatında maraqlıdır. "Facebook"un bir sosial şəbəkə olaraq Qərbin bəzi dairələrinin maraqlarını təmin etdiyini deyən F.Ələkbərli "Biz birinci dəfə deyil ki, bəzi sosial şəbəkələrin ikili standartlarının, qərəzli yanaşmaların şahidi oluruq. "Facebook" sosial şəbəkəsinin ASALA terrorçusu, cani Melkonyanın şəkilləri ilə açılan səhifələrdən, profillərdən bloku götürməsi onu göstərir ki, bu bəzi Qərb dairələrinin göstərişi ilə edilib. Həmin Qərb təşkilatları və Qərb dövlətləri Ermənistanda revanşizmin qızışmasında maraqlıdır və bunun bir üsulu da sosial şəbəkələrdə terrorçuları, caniləri qəhrəmanlaşdırmaqdır, onları təbliğ etməkdir. Bir vaxtlar azərbaycanlıların çoxsaylı şikayətlərinə görə Monte Melkonyanın və başqa canilərin şəkillərinə blok qoyan bu sosial şəbəkə seqmenti indi qadağanı götürür. Bu ikili standartlar deyil, bəs nədir? "-deyə bildirdi.
F.Ələkbərlinin sözlərinə görə, "Facebook" sosial şəbəkəsi, bir qayda olaraq türk, müsəlman xalqlarına qarşı qərəzliliyi, yaxud çox standartlılığı ilə özünü ifadə edir. "Bəzən özünü "obyektiv" göstərmək üçün, deyək ki, Qərbdən gələn ideyalara, təzahürlərə də müəyyən mənada qadağalar qoyur, amma bu müvəqqəti xarakter daşıyır. "Facebook" sosial şəbəkəsinin obyektiv olmaması, Qərbin, Avropa İttifaqının, ona yaxın olan dövlətlərin, qüvvələrin marağından çıxış etdiyi faktdır. Məsələn, milli ideyadan, milli birlikdən çıxış edən türk, müsəlman nümayəndələri ortaya mövqe qoyduqda "Facebook" tərəfindən qərəzlə qarşılanır. Yəni obyektiv hesab edilmir və qadağalar qoyulur, yazı silinir. Ancaq biz çox nadir hallarda görürük ki, Qərb dairələri öz maraqlarında olan dövlətlərə və onların vətəndaşlarına bu cür qadağa qoysun. Məsələn, erməni terror təşkilatlarına müəyyən qadağalar qoyub, amma bu müvəqqəti xarakter daşıyıb.
ASALA üzvlərinin, onun başqa bir qanadının qurucusu Monte Melkonyan və digərlərinin də təbliğatına müəyyən qadağalar qoyulmuşdu. Melkonyanın şəkilləri ilə səhifələr, profillər açılmasına, onun təbliğinə qadağa qoydu, amma bu müvəqqəti xarakter daşıdı.
Bu onu göstərir ki, dünyada ədalət, haqq-hüquq deyilən bir şey nisbi xarakter daşıyır. Çünki neytrallığı, obyektivliyi qorumaq Qərb dairəsi, onun əhatəsində olanlar üçün mümkün deyil".
F. Ələkbərli qeyd etdi ki, bu sosial şəbəkənin atdığı addım qəbuledilməzdir. O bildirdi ki bizi bəzi məsələlərdə ittiham edənlər dönüb Ermənistana baxsınlar və orda terrora, terrorçuya bəslənən münasibəti görsünlər: "Qarabağda azərbaycanlılara divan tutan canilərin, terrorçuların şəkillərinə qoyulan qadağanın aradan götürülməsi ilə " Facebook" dolayısı ilə terrorçuya dəstək vermiş olur. Bu şəbəkə Ermənistanın yanında olduğunu göstərir. Amma terroru dəstəkləyən elə Ermənistan özüdür. Gizlin deyil, terroru maliyyələşdirən həmişə bəzi Qərb dövlətləri olub. Odur ki, öz gözlərindəki tiri görmürlər bizim gözümüzdə tük axtarırlar" - deyə F.Ələkbərli bildirdi.
İradə SARIYEVA