İran vurulsa, Türkiyə neytral qalacaq - ABŞ-ın istəyi baş tuta bilər?

Azər Həsrət: "Ümumiyyətlə, nəzərə almalıyıq ki, İranın dağılması prosesi başlayır və bu yeni bir türk dövlətinin - Güney Azərbaycan dövlətinin qurulması ilə nəticələnəcək"
“Hürriyet” qəzeti mənbələrinə istinadən xəbər verir ki, ABŞ Türkiyədən İranla münaqişə olacağı təqdirdə Suriyanın hava məkanından istifadəsinə müdaxilə etməməyi və bitərəf qalmasını istəyə bilər.
"ABŞ və İran arasında danışıqlar uğurla bitməsə, İran Ərdoğan və Tramp arasında keçiriləcək görüşdə gündəmdə olan bəndlərdən biri olacaq. Ərdoğan, təbii ki, İsrailin İrana hücumunun əleyhinədir. O bunu region üçün təhlükəli hesab edir. Amma Türkiyədən bu müharibədə neytral qalması və havadan Suriyaya müdaxilə etməməsi tələb oluna bilər", - deyə “Hürriyet” yazır.
Nəşr qeyd edir ki, Tramp may ayında Yaxın Şərq turnesi çərçivəsində Türkiyəyə səfər edə bilər: "Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini ziyarət etdikdən sonra Türkiyəyə gəlməsi ehtimalı var. Əks halda, prezident Ərdoğanın ABŞ-a səfəri iyunda planlaşdırılır", - qəzet aydınlıq gətirib.
İran İsrail tərəfindən vurulacağı təqdirdə ABŞ Türkiyədən neytral qalmağı istəsə, Ankaranın reaksiyası necə olacaq?
Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirdi ki, hər şeydən əvvər qardaş Türkiyə həm həmsərhəd ölkələrdə, həm də Cənubi Qafqazda hər hansı silahlı-qanlı qarşıdurmanın olmasını istəmir: "Üstəlik, Türkiyə əlindən gələni edir ki, belə hadisələr baş verməsin. Elə Suriya məsələsində də Türkiyə ilk dövrlərdə yetərincə təmkinli davrandı, Bəşər Əsədi dialoqa cəlb etməyə çalışdı. Təəssüflər olsun ki, o, Türkiyəni eşitmədi və ona görə də Bəşər Əsəd bu gun Moskvada qaçqın həyatı yaşayır.
İranla ABŞ arasında münaqişənin hərbi fazaya keçə bilməsi ehtimalına gəlincə, əlbəttə, Türkiyə bunun baş verməməsi üçün çalışmaqda davam edir. Amma iş o həddə çata bilər ki, ABŞ İranı zor gücünə başa salmaq məcburiyyətində qala bilər. Belə olacağı təqdirdə, Türkiyə də reallıqlarla hesablaşmalı olacaq. Yəni elə məsələlər var ki, artıq qardaş Türkiyənin də iradəsini aşır. Dünya düzəninə təhlükə yarananda, əlbəttə, qlobal güclər hərəkətə keçmək məcburiyyətində qalırlar. Belə bir məcburiyyət yaransa Türkiyənin buna anlayışla yanaşmayacağını deyə bilmərik.
Bu nöqteyi-nəzərdən yanaşdıqda, Türkiyə belə hərəkətlərin olmaması üçün çalışır, qeyd edilən görüş alındığı təqdirdə Donald Trampla da bunu müzakirə edəcək. Əgər nəticə olmasa, ABŞ İrana hücum etmək zərurəti hiss etsə, Türkiyə NATO ölkəsi olaraq bu hücuma mane olmayacaq.
Ümumiyyətlə, nəzərə almalıyıq ki, İranın dağılması prosesi başlayır və bu yeni bir türk dövlətinin - Güney Azərbaycan dövlətinin qurulması ilə nəticələnəcək. Belə bir şəraitdə Türkiyənin məsələlərə aşırı dərəcədə müdaxilə etməyəcəyini deyə bilərik".
Dəniz NƏSİRLİ