Milli adət-ənənələrə bağlılıq dövlətçilik uğurlarının mühüm şərtidir...

Uzun inkişaf yolu keçmiş dövlətçilik tariximiz, adət-ənənələrimiz Azərbaycan vətəndaşı olaraq hər birimizin milli kimliyini əks etdirir. Zəngin milli adət-ənənələrimiz, eləcə də müasir çağırışlara cavab verən elm və mədəniyyətimiz bütün soydaşlarımızın qürur mənbəyidir.
Azərbaycan bu istiqamətdə dünyanın sayılıb-seçilən ölkələri arasında özünəməxsus yer tutmağı bacarıb. Bu gün dünyada tolerantlıq, ədalət prinsiplərini üstün tutan ölkə kimi şöhrət tapan ölkəmiz bu kimi yüksək dəyərləri öz tarixinə, adət-ənənələrinə sahib çıxaraq əldə edib. Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir.
Hər bir milləti tanıdan onun adət-ənənələri və yüksək mənəvi dəyərləridir
Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlardan biridir. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanın inkişafı mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalqdır. Dövlətimizin qədim tarixə malik olduğunu üzərində izlər qalmış abidələrimiz sübut edir. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də onun adət və ənənələri və yüksək mənəvi dəyərləridir. Bu baxımdan qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni simasını göstərir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün müxtəlif sferalarda qorunub saxlanılıb. Müasir insanın formalaşması və özünütəsdiqi məhz milli mənəvi dəyərlərin təkmilləşməsi ilə sıx bağlıdır. Azərbaycan xalqı öz kökləri ilə bəşəri düşüncə və yaradıcı həyat fəaliyyətinin istiqamətlərini müəyəənləşdirib. Mənəvi dəyərlər toplumuz, mədəni irsimiz hazırda xalqımızın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi kimi qəbul edilir. Milli-mənəvi dəyərlərin inkişafına göstərilən dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır.
Biz tarixi, zəngin mədəni irsimizin əsasında güclü Azərbaycan qururuq
Azərbaycanda adət və ənənələrin qorunub saxlanılması və bu müstəvidə daha güclü və dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər günümüzdə də davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın milli-mənəvi dəyərlərinə, adət və ənənələrinə sadiq olmasına diqqəti cəlb edərək deyib: “Azərbaycan xalqı daim öz milli köklərinə, adət və ənənələrinə bağlı olub. Bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”.
Qlobal çağırışlar fonunda milli-mənəvi dayanıqlığın qorunması ideoloji immunitetin formalaşdırılmasıdır
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı hesab edir ki, Azərbaycan cəmiyyəti tarixən adət və ənənələr üzərində formalaşan bir mənəvi-mədəni sistem kimi təşəkkül tapıb: “Bu sistemin əsas dayaqlarını ailə modeli, böyüyə sayğı, qonşuluq bağları, kollektiv məsuliyyət, dini-mənəvi əxlaq və ictimai davranış kodeksi təşkil edir. Bütün bunlar birgəyaşayış mədəniyyətinin sadəcə normativ çərçivəsi deyil, həm də dövlətçilik və sosial sabitlik baxımından üzvi və tarazlaşdırıcı mexanizmlərdir. Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğulanan milli-mənəvi dəyərlərə sadiqlik, əslində, tarixi özünüdərkin və çağdaş dövlət quruculuğunun qarşılıqlı təsirinə əsaslanan bir strateji yönümdür. Xüsusilə 30 illik müstəqillik dönəmində Azərbaycanın (necə deyərlər) qlobal proseslərə açıq olduğu bir zamanda belə, milli-mədəni kodların qorunub saxlanılması təkcə dəyərlərin mühafizəsi deyil, milli mədəniyyətin çağdaşlaşması ilə harmoniyada həyata keçirilən dinamik bir yenilənmə prosesidir. Bu gün Azərbaycan ailə modeli Şərq mənəviyyatı ilə Qərb hüquq çərçivəsinin sinerjisini nümayiş etdirən nadir örnəklərdən biridir. Ailə təkcə bioloji və hüquqi birlik deyil, həm də mədəniyyətin ən dərin qatlarını ötürən, fərdi formalaşdıran və cəmiyyətin mənəvi kodlarını gələcək nəsillərə daşıyan birinci sosial institutdur. Adət və ənənələrin qorunması, onların inkişaf edən ictimai münasibətlər fonunda yenidən yozulması, dövlət siyasətində mədəni sabitliyin və milli identikliyin önəmli vektoru kimi çıxış edir. Prezident İlham Əliyevin “Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq” fikri, əslində, çağdaşlıq və tarixi yaddaş - irs arasında təzad deyil, davamlılıq prinsipinə əsaslanan diffuziyanı önə çəkir. Bu gün həyata keçirilən tədbirlər - ailə institutunun qorunması, milli-mənəvi dəyərlərin təbliği, gənclərin bu ruhda tərbiyəsi, həm təhsil, həm informasiya siyasəti vasitəsilə həyata keçirilən maarifləndirici proqramlar - Azərbaycanın gələcəyini mədəni özünüdərk və dəyərlər fonunda gücləndirməyə yönəlmiş strateji yanaşmalardır. Qlobal çağırışlar fonunda milli-mənəvi dayanıqlığın qorunması, təkcə mədəni müdafiə mexanizmi yox, eyni zamanda ideoloji immunitetin formalaşdırılmasıdır. Mədəniyyətimiz bu anlamda yalnız keçmişin mirası deyil, həm də gələcəyin fəlsəfi və sosial memarıdır. Belə bir yanaşma Azərbaycanın milli inkişaf modelini fərqləndirən əsas özəlliklərdən biridir”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.