Paşinyan 3-cü prezident Serj Sarkisyanın həbs prosesinə başladı - 2 cinayət, yarım milyard mənimsəmə...

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın hakimiyyət uğrunda yenidən mübarizəyə başladığını elan etməsi bu ölkədə hakimiyyətin qəzəbinə səbəb olub. Bunlar fonunda Ermənistanın üçüncü prezidentinə qarşı xüsusilə külli miqdarda rüşvət almaq ittihamı yenilənib.
Tezliklə Serj Sarkisyan yenidən məhkəmə qarşısına çıxarılacaq. Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsi Sarkisyana bəraət qazandıran birinci instansiyanın hökmünü ləğv edərək işi yeni məhkəmə baxışına göndərib. Artıq Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası tərəfindən prosesə siyasi qiymətlər verilir və bunu opponentləri cilovlamaq cəhdi adlandırırlar.
Apellyasiya instansiyası məhkəməsinin hansı əsasla belə bir qərar çıxardığı, xüsusən də bu iş üzrə iddia müddəti artıq keçdiyi üçün nədən belə addım atdığı hələ ki, aydın deyil. Üçüncü prezidentin vəkili də məhkəmə aktının məzmunu ilə tanış deyil. Vəkil Ruben Akopyan qeyd dib: “Yekun hissə belədir: məhkəmə mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi və onun yeni ekspertizanın keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib”. 4 ildən artıq davam edən məhkəmə çəkişmələrindən sonra birinci instansiya məhkəməsi ötən ilin yazında dəlil olmaması səbəbi ilə Sarkisiana bəraət verib. Prokurorluq onu təxminən yarım milyard dramın mənimsənilməsini təşkil etməkdə ittiham edir. İttiham tərəfinin fikrincə, o, 2013-cü ildə yaxın dostu Barseq Beqlaryanın “Flash” şirkətinin kənd sakinlərini dizel yanacağı ilə təmin etmək üçün tenderdə qalib gəlməsini təmin edib. Halbuki o vaxt “Flash” şirkəti tenderin digər iştirakçılarından daha yüksək qiymət təklif edib. Amma Sarkisyanın göstərişi ilə “Flash” şirkətinin qalib gəlməsi təmin olunub. Müdafiə tərəfi ittihamı siyasi təqib adlandırır. Sözügedən işdə Serj Sarkisyanla bərabər həm də kənd təsərrüfatı nazirinin keçmiş müavini Samvel Qalstyan, nazirliyin idarələrindən birinə rəhbərlik etmiş Gevork Harutyunyan və “Fleş” şirkətinin rəhbəri Barseq Beqlaryanın da adı keçir. İttiham tərəfi məhkəmənin bəraət hökmü ilə kifayətlənməyib. Prokurorluq bəraət hökmünü ləğv edən antikorrupsiya apellyasiya məhkəməsində qərardan apellyasiya şikayəti verib. Üçüncü prezidentin vəkili Ruben Akopyan deyir ki, onların mövqeyi eynidir: Serj Sarkisyan bəraət qazana bilməz. Ruben Akopyan mövqeyini belə əsaslandırır: “Bəraət hökmündən başqa hər hansı digər məhkəmə aktı həm maddi, həm də prosessual hüquq baxımından sadəcə mümkün deyildi, çünki pozuntular çox aşkar, çoxsaylı, elementar idi”.
Apellyasiya məhkəməsində işlərə üç hakim baxır. Müdafiə tərəfi yalnız indiki məqamda bilir ki, sədrlik edən hakim Ani Martirosyanın xüsusi rəyi, yəni həmkarlarından fərqli mövqeyi var. Bu fonda sarkisyanın həbsə atılması istisna olunmur. Erməni mediası yazır ki, korrupsiyaya qarşı Apellyasiya Məhkəməsinin qərarı Serj Sarkisyanın bir neçə gün əvvəl Respublika Partiyasının iclasında hakimiyyət dəyişikliyi ilə bağlı çıxışından sonra verilib. Həmin vaxt Sarkisyan bildirib: “Məqsədimiz aydın və dəyişməzdir. Hazırda prioritet təslim olan hakimiyyətlərdən qurtulmaqdır”. Sarkisyan bundan başqa sələfi Robert Köçəryanın adını çəkməsə də deyib ki, onun tərəfdarları küçə etirazlarına qatılaraq Sarkisyanın istefaya məcbur edilməsində rol oynayıblar, ona görə də Paşinyanın sonrakı illər Ermənistana və Qarabağa yaşatdıqlarında əlbirdirlər. Onun sözlərinə görə, indi də onlar çox uzaq olmayan keçmişlərini təmizləmək üçün onu 2018-ci ilin “məxməri inqilab”ında ittiham edirlər. Sarkisyan həmin şəxsləri gələcək seçkilər ərəfəsi müxalifətin səslərini oğurlamağa çalışmaqda ittiham edib. Sarkisyan Ermənistanın indiki hökumətini kəskin tənqid edib, onu yalan danışmaq üzrə dünya çempionu adlandırıb. O deyib ki, Paşinyan xarici qüvvələrin planlaşdırdığı qəsdin tərkib hissəsi olaraq hakimiyyəti ələ keçirib. Bunlardan sonra onun barəsində məhkəmə istintaqı yenilənib. Bu durumda yüksək rütbəli dövlət məmurları məhkəmə sisteminin işlərinə qarışmasını açıq şəkildə istisna etsə də, üçüncü prezidentin rəhbərlik etdiyi partiyanın üzvləri məhkəmənin son qərarını təsadüfi hesab etmirlər. “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan “facebook” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, bununla da hakimiyyət müxalifətin siyasi aktivləşmə addımlarına necə cavab verəcəklərini açıqlayır: “Bu, təkcə Respublika Partiyasına və Serj Sarkisyana aid deyil, biz daha ağır təzyiqlər və "dərimizə" zərbələr alırıq, lakin bu, məhdudlaşdırma meydanda hər hansı bir şəkildə aktivləşməyə çalışan və ya belə niyyəti olan bütün qüvvələr və fiqurların hamısı üçün keçərlidir". Bu, 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində üçüncü prezidentə qarşı tək cinayət təqibi deyil. Bu il Serj Sarkisyana yeni ittihamlar irəli sürülüb. Prokurorluğun məlumatına görə, bu iş həm İrəvanın İsakov prospektində və “Yerablur” panteonuna bitişik torpaq sahələrinin qanunsuz mənimsənilməsinə aiddir. Üçüncü prezident təqsirini boynuna almır. Amma məhkəmədə bunların sübutu Serj Sarkisyanın dəmir barmaqlıqlar arxasına göndərilməsi üçün kifayət edəcək.
Samirə SƏFƏROVA