Fransa Suriyada qoşun yerləşdirməyə başladı... Vəziyyət mürəkkəbləşir...

Fransa türk düşmənçiliyini bu dəfə Suriyada davam etdirmək qərarına gəlib. Belə ki, rəsmi Paris kürd birləşmələrinin məsuliyyəti zonasında olan Suriyanın şimal-şərqində hərbi mövcudluğunu artırmağı planlaşdırır. Təşəbbüs ABŞ prezidenti Donald Tramp administrasiyasının bölgədəki qoşunlarının sayını azaltmaq qərarı fonunda hazırlanır.
Bundan əlavə, Paris kürd komandirləri ilə onların barışmaz düşməni Türkiyə arasında vasitəçilik niyyətinə də düşüb. Halbuki, ABŞ-ın buradan çıxması fonunda kürd silahlı qüvvələri Suriya ordusunun tərkibinə qatılmağa hazırlaşırdı. Bu da regionda sülh üçün əlverişli zəmin yaradırdı. Amma görünən odur ki, Fransa buna imkan vermək niyyətində deyil.
Fransa nəşrlərinin yazdığına görə, Yelisey sarayı Suriyada siyasi təsir rıçaqlarını bərpa etmək üçün mövcud vəziyyətdən istifadə etmək istəyir. Fransa Xarici İşlər Nazirliyinə yaxın mənbələr Livanın “Al-Modon” nəşrinə Parisin Fərat bölgəsində hərbi mövcudluğunu artırmaq planları barədə məlumat verib. Nəşrin mənbələrinin bildirdiyinə görə, Beşinci Respublika Suriyanın şimal-şərqində ABŞ-ın himayəsi altında fəaliyyət göstərən İŞİD qruplaşmasına qarşı mübarizə üzrə beynəlxalq koalisiyada öz hərbi personalının sayını artırmaq üzərində işləyir. Artıq orada 200-ə qədər fransız əsgəri yerləşdirilib. Bundan əlavə, “Al-Modon” mənbələrinə görə, fransız qoşunlarının konsentrasiyasının artması İraqın şimalındakı bölgə olan İraq Kürdüstanı ərazisində də baş verə bilər. Yelisey sarayı təkcə hərbi baxımdan Suriya istiqamətinə yanaşmasını dəyişmir. “Al-Modon” mənbələrinə görə, Fransa kürd qüvvələrinin üstünlük təşkil etdiyi alyans olan Suriya Demokratik Qüvvələri ilə onların əsas rəqibi Türkiyə arasında münaqişəni ayrıca həll etməyə çalışır. Eyni zamanda, Fransa tərəfi Dəməşqdə Suriya Demokratik Qüvvələri ilə keçid administrasiyası arasında qalan fikir ayrılıqlarını həll etmək istəyir. Mart ayında tərəflər kürd muxtariyyətinin mərkəzi hökumətə inteqrasiyası ilə bağlı rəsmi razılığa gəlsələr də, fikir ayrılığı üçün hələ də çoxlu səbəblər var. Belə ki, bu yaxınlarda kürd komandirlər Suriyanın federallaşmasına can atdıqlarını bəyan etdilər. Bu isə Suriyanın yeni hökuməti və Türkiyənin sözgedən ölkədə maraqları ilə ziddiyyət təşkil edir. Bu xüsusda məsələnin həllinə ümidlər atdığı bir vaxtda Fransanın prosesə müdaxiləsi tamam fərqli vəziyyət yaradır, ziddiyyətləri dərinləşdirir. Fransa öz addımlarını Amerika qoşunlarının Suriyadan çıxarılması prosesinin başlaması fonunda həyata keçirir. Pentaqon bu yaxınlarda Suriyadakı mövcudluğunu 1000 nəfərdən aşağı azaldacağını açıqlamışdı. Pentaqonun ictimai məsələlər üzrə köməkçisi Şon Parnell verdiyi açıqlamada qeyd edib: “Bu konsolidasiya İŞİD-in regional və qlobal miqyasda cəlbediciliyini və əməliyyat imkanlarını azaltmaq üçün atdığımız mühüm addımları əks etdirir. Bu məqsədyönlü və şərti proses yaxın aylarda Suriyadakı Amerika hərbçilərinin sayının azalması ilə nəticələnəcək”. Eyni zamanda, ABŞ ölkə ərazisinə hava zərbələrini davam etdirmək niyyətindədir.
İsrail mediası Tramp administrasiyasının bu ay qoşunlarını Suriyadan çıxarmağa hazır olduğuna dari xəbər yayıb. Onların məlumatına görə, yəhudi dövləti Pentaqondan müvafiq bildiriş alıb. Bu təşəbbüs daha sonra “Reuters” mənbələri tərəfindən təsdiqlənib və onlar aydınlaşdırıblar ki, söhbət sadəcə olaraq dəyişən ehtiyaclara görə hərbi personalın rotasiyasından gedir. “The New York Times” yazır ki, ABŞ hərbi missiyasının azaldılması çərçivəsində Suriyanın şimal-şərqindəki səkkiz əməliyyat bazasından üçünü bağlayır. Bunlar “Əl-Ömər” qaz yatağında yerləşən “Yaşıl Kənd” hərbi bazası, “Fərat” dayaq məntəqəsi və adı açıqlanmayan başqa bir kiçik obyektdir. Mənbələrin “The New York Times” qəzetinə verdiyi məlumata görə, iki ay ərzində amerikalı komandirlər kontingentin daha da ixtisar edilib-edilməyəcəyini yenidən nəzərdən keçirməyi planlaşdırır. Onların sözlərinə görə, Amerika hərbi liderləri Suriyada ən azı 500 hərbçinin qalmasını tövsiyə etdiyi halda, prezident Tramp respublika ərazisində hər hansı hərbçinin saxlanılmasına dərin şübhə ilə yanaşıb. “Yedioth Ahronoth” qəzeti iddia edir ki, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti indi fəal şəkildə Tramp administrasiyasını qoşunlarını təxliyə etməkdən çəkindirməyə çalışır. Yəhudi dövlətinin səlahiyyətliləri hesab edir ki, Amerikanın geri çəkilməsi Türkiyə üçün əlavə fürsət pəncərəsi açacaq, Türkiyə dərhal Fərat bölgəsində öz hərbi bazalarını yerləşdirmək və Suriya Demokratik Qüvvələrini zəiflətmək istəyəcək. İsraillilər Ankaranı yeni regional rəqibi kimi görürlər. Bu halda Fransa rəhbərliyi digər Avropa ölkələri kimi Dəməşqdə keçid administrasiyasına daha yumşaq yanaşma nümayiş etdirir. Adı açıqlanmayan fransız diplomatların daha əvvəl “Le Figaro” ilə söhbətində dediyi kimi, əvvəlki Suriya hökumətinin devrilməsi ilə bağlı situasiyada Paris fürsət pəncərəsini görüb və “oyuna qayıtmaq” qərarına gəlib. Amma proseslər göstərir ki, Fransanın bura gəlişi daha çox Suriyada yeni münaqişə və gərginliyə səbəb olacaq.
Tahir TAĞIYEV