Roma Papası Ermənistanın sülhpozma siyasətinə həyatının son günlərində də dəstək ifadə etdi....

Azər Həsrət: “Papa son çıxışında Ermənistanın ünvanına silah buraxma çağırışı etmiş olub”
Roma Papası Fransisk Pasxa mesajında Azərbaycan və Ermənistana qısa zamanda sülh razılaşmasına nail olmağa çağırıb. O, iki ölkə arasında yekun barışığa və regionun bərpasına ümid etdiyini bildirib:
“Sülh tərksilahsız mümkün deyil. Hər bir xalqın öz müdafiəsini təmin etməsi zərurətini dərk edərək, bunun qlobal silahlanma yarışına çevrilməsinin qarşısını almaq vacibdir".
Ekspertlər hesab edir ki, Papanın bu mesajı Ermənistanın səhvlərini ört-basdır etmək istəyidir. Məlumdur ki, Azərbaycan sülh sazişini imzalamaq istəyir, imzalamaq istəməyən isə Ermənistandır.
“Roma Papası ömrünün son anlarında belə anlayırdı ki, Ermənistan müharibə və mübarizədə haqsız tərəfdir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Roma Papasının ölüm ayağında belə bu cür çağırış etməsi təsadüfi deyil: “Roma Papası ömrünün son anlarında belə anlayırdı ki, Ermənistan müharibə və mübarizədə haqsız tərəfdir. Haqsız olması bir yana, əlavə olaraq da silahlanır. Bu hal vəziyyəti daha da gərginləşdirir, Azərbaycanın cavab tədbirləri də görməsinə səbəb olur. Roma Papası başa düşürdü ki, Ermənistanın bu cür aqresiv yanaşması Azərbaycanın hərəkətə keçməsinə səbəb ola bilər. Bununla da xristian ölkəsi olan Ermənistan çox ciddi imtahan qarşısında qala bilər. Ehtimal edilir ki, Papa son çıxışında qeyd etdiklərimizi nəzərdə tutaraq birbaşa deməsə də, Ermənistanın ünvanına silah buraxma çağırışı etmiş olub. Yəni vəziyyəti daha da gərginləşdirməyin, Azərbaycanın nə edəcəyini düzgün hesablayın”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan tərəfi də müharibə istəmir. Ölkəmiz ortada olan anlaşılmazlıqları masa arxasında həll etməyə üstünlük verir: “Bunu başa düşmək elə də çətin deyil. Ermənistan aqresiyadan imtina etsin, silahı buraxsınlar, şərti sərhəddə tez-tez atəşkəsi pozmasın. Bununla yanaşı, Ermənistan hakimiyyəti ölkə mediasına da əl gəzdirməlidir”.
Son olaraq qeyd edək ki, bu yazı Roma Papasının ölüm xəbərindən öncə yazılıb.
Günel CƏLİLOVA