Əliyev Şəraa ilə görüşdü - Suriyanın Ermənistanla əməkdaşlıqdan imtinası gözlənilir...

Abutalıb Səmədov: "Mən güman etmirəm ki, Paşinyan və onun davranışları bu iki prezidentin görüsündə müzakirə olunmağa layiq bir məsələdir"
Azərbaycan prezidenti Antalyadakı Diplomatiya Forumunda Suriya prezidenti ilə görüşdü. Bundan əvvəl aprelin 9-da prezident İlham Əliyev ADA-da bildirdi ki, Ermənistanın Suriyada humanitar əməliyyatlarda iştirakı ikiüzlü siyasətdir.
Çünki Ermənistan daim Əsəd rejiminə dəstək verib. İndi də Suriya prezidenti Şəraa ilə yaxınlaşmaq istəyir. İlham Əliyevin Şəraa ilə baş tutan görüşü Ermənistanın Suriya ilə yaxınlaşma siyasətinin qarşısının alınmasında nə kimi rol oynaya bilər?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Suriya prezidentinə yaxınlaşmaq cəhdində qeyri-adi heç nə yoxdur: "Bilirik ki, ikiüzlülük erməni siyasətinin mahiyyətini təşkil edir. 44 günluk müharibə dövründə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Suriyadan muzdlular gətirməkdə günahlandırırdı. İddia edirdi ki, Ermənistana qarşı yalnız Azərbaycan deyil, Türkiyə və onun gətirdiyi muzdlular döyüşürlər. Təbii ki, o buna heç bir sübut göstərə bilməzdi, göstərə bilmədi də... Dəfələrlə tələb olunamasına baxmayaraq, nə Paşinyan, nə də Fransa prezidenti Emmanuel Makron bu iddialarını sübut edə bildi. Ancaq müharibədən sonrakı dövrdə Paşinyan Türkiyəyə yaxınlaşmaq üçün əlindən gələni etdi. Hətta,dünənə qədər hər cür hərbi cinayətlərdə adını hallandırdığı Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasiminə də təşrif buyurdu və özünə layiq olduğu kimi arxa cərgələrdə yer aldı.
Hamıya məlimdur ki, Paşinyan Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə qalmasını hamıdan çox arzulayanlardan biri idi və məhdud imkanları ilə ona mümkün köməyi göstərməyə çalışırdı. İndi isə Bəşər Əsəd qaçıb, hakimiyyət dəyişib və artıq yeni prezident var. O güman edir ki, məqamdan istifadə edib, yeni prezidentlə əlaqələr qurmaq olar. Ancaq məlumdur ki, Suriyada baş verənləri, ölkə daxilində və xaricdə kimlərin hansı mövqe tutmasını yeni seçilmiş prezident yaxşı bilir. O, heç nəyi unutmayıb. Üstəlik, ehtiyac olsa Rəcəb Tayyib Ərdoğan da bəzi məsələləri ona xatırlada bilər. Çox güman ki, buna heç ehtiyac da yoxdur. Azərbaycan prezidenti bu məqamı ADA universitetindəki çıxışında xüsusi vurğuladı. O xatırlatdı ki, Ermənistan Bəşər Əsədin dövründə tamamilə başqa mövqe tutmuşdu, indi isə yeni prezidentə yaxınlaşmağın yollarını axtarır. Bu isə ikiüzlülük və mənəviyyatsızlıqdır. Amma siyasətdə mənəviyyat axtarmaq da bir qədər çətin məsələdir. Adətən siyasətçilər müəyyən məqsədlərinə çatmaq üçün çalışanda nadir hallarda mənəviyyat barədə düşünürlər və Makiavellinin fikirkərinə üstünlük verirlər - məqsədə çatmaq üçün hər şeydən istifadə etməyə çalışırlar. Paşinyan da bu cür siyasətçilərin bariz nümunələrindəndir. Fasiləsiz olaraq cilddən-cildə girən, mövqe dəyişdirən, əvvəlki mövqeinə görə heç bir etiraf dilə gətirməyən və heç nə olmamış kimi fərqli fikirlər və fərqli yanaşmalar sərgiləyən bir siyasətçidir. Azərbaycan uzun illər Ermənistan konstusiyasından ərazimizə qarşı iddiaların çıxarılması məsələsini qaldırsa da, Paşinyan biz "Azərbaycanın təzyiqi ilə konstitusiyamızı dəyisməyəcəyik" deyirdi. İndi isə iddia edir ki, Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Çünki həmin sənəd Ermənistan dövlətçiliyinə və müstəqilliyinə yox, tamamilə əks məqsədlərə xidmət edir və daha çox müstəqilliyin və dövlətçiliyin məhvinə gətirib çıxara bilər. Bu cür davranış Paşinyan üçun xarakterikdir. Antalya Diplomatik Forumunda Azərbaycan prezidenti Suriya prezidenti ilə görüşərkən, tamamilə mümkundür ki, bu məsələyə heç münasibət də bildirməyib. Çünki Azərbaycanla Suriya arasında müzakirəsi daha vacib olan kifayət qədər məsələlər var. Yəqin ki, Azərbaycan prezidenti ilə görüşdən əvvəl də bir çox məsələləri Suriya prezidentinə çatdırıblar, o, reallıqları yaxşı bilmək məcburiyyətindədir. O, haradansa gəlməyib, həmişə Suriyada olub, Türkiyənin dəstəyi ilə fəaliyyət göstərib, Suriya və onun ətrafında baş verənləri diqqətlə izləmək ikmanları olub. Bu gün Suriya çox ağır durumdadır və Azərbaycan belə bir şəraitdə onunla əməkdaşlıq etmək, ona kömək etmək və investisiya qoymaq istəyir. O üzdən, çox güman ki, onların görüşündə kifayət qədər maraqlı məsələlər müzakirə edilib.
Mən güman etmirəm.ki, Paşinyan və onun davranışları bu iki prezidentin görüşündə müzakirə olunmağa layiq bir məsələdir. Daha ciddi layihələr və planlar var, bu iki dost dövlətlərin rəhbərləri onları müzakirə etsələr, daha düzgün yol seçilmiş olar və daha ciddi qərarlar qəbul oluna bilər.
Paşinyan nə qədər çalışsa da, onun Suriya ilə yaxınlaşmaq cəhdləri heç bir nəticə verməyəcək. Bir tərəfdən ona görə ki, Paşinyanın Bəşər Əsəd dövründə yeritdiyi siyasət məlumdur, digər tərəfdən Ermənistan əllərini açıb Avropadan və keçmiş ittifaq məkanından fasiləsiz olaraq dilənən bir dövlətdir. Onun Suriyaya verəcəyi bir şey onsuz da yoxdur. Bu baxımdan Ermənistan və onun baş naziri Suriya üçun tanamilə maraqsızdır".
Dəniz NƏSİRLİ