Erməni mediası Zahirəddin İbrahimovun üzərindən uğursuz “Talış kartını” yenidən oynamaq istəyir...

Bəhruz Quliyev: “Bu iddialar tamamilə yalan, təxribat xarakterli və dezinformasiya məqsədli xarici təzyiq cəhdləridir”
Azərbaycan müxtıəlif xalqların, etnik qrupların sərbəst və azad yaşadığı bir ölkədir, burda heç kəsə milliyyətinə, dininə görə ayrı-seçkilik qoyulmur. Bu bir aksiomadır.
Azərbaycandakı bu sağlam mühiti pozmaq istəyən qüvvələrin olması təəssüf doğurur. Əlbəttə, bu çirkin fəaliyyətdə erməni mediası da gecə-gündüz dayanmadan çalışır. Monoetnik Ermənistan çalışır ki, müxtəlif yollarla Azərbaycandakı bu harmoniyanı pozsun və xalqları bir-birinə düşmən etsin, təbii, onun təxribatları bu birliyə təsir edə bilməz. Çoxmillətli Azərbaycan öz yolu ilə gedir.
İndi söhbət Ermənistanın hansı təxribatından gedir?
Erməni mediası iddia edir ki, milliyyətcə talış olan tarixçisi Zahirəddin İbrahimov Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti guya talış olduğu üçün tutub Azərbaycana gətirib, həbs edib.
Erməni mediası yazır ki, Z.İbrahimov martın 26-da Yekaterinburqda guya “yoxa çıxıb”.
Yazırlar ki, onun Lənkəran rayonundakı qohumlarına Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) İbrahimova qarşı dövlətə xəyanət də daxil olmaqla bir sıra ittihamların əks olunduğu məktub göndərilib.
Bunlar erməni mediasının iddialarıdır. Təbii ki, əsassız iddialardır. Fakt budur ki, milliyyətindən, dinindən aslı olmayaraq Azərbaycanın dövlətçiliyi əleyhinə fəaliyyət göstərən, dövlətə xəyanət edən istənilən şəxs qanun qarşısında cavab verməlidir, verir də.
Zahirəddin İbrahimovun həbs edilib Azərbaycana gətirilməsi barədə hər hansı bir rəsmi məlumat yoxdur. Bu barədə yalnız müəyyən platformalarda antiazərbaycan qüvvələrin yaydıqları qeyri-real məlumatlar yer alır. Azərbaycan dövlətini istəməyənlər ermənilərlə səs-səsə veriblər.
Erməni mediasının Z.İbrahimovun həbsini talış olması ilə bağlaması gülüncdür. Onlar öz çirkin niyyətlərini həyata keçirmək üçün “talış kartından” istifadə edirlər. Amma bu cəhdləri uğursuzdur. Azərbaycanda heç kimi milli mənsubiyyətinə görə təqib etmirlər. Əgər bu adam da tutulub gətirilibsə demək konkret ittiham var. Yoxsa “Azərbaycanda hansı talışı talış olduğu üçün tutublar” kimi iddia əsassızdır. Erməni mediası və onlar kimi düşünənlər bu cür yalanlar yazıb ortanı qızışdırmaq istəyirlər.
“Əgər hər hansı şəxs barəsində hüquqi tədbir görülürsə, bu, onun konkret qanunsuz əməlləri ilə əlaqəlidir və hüquqi çərçivədə həyata keçirilir”
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində "Son günlər ölkəmizə qarşı kampaniya aparan bəzi xarici, xüsusilə də erməni mənbəli KİV-lərdə Azərbaycanla bağlı qərəzli və əsassız məlumatlar yayılır. Bu məlumatlarda iddia olunur ki, guya talış əsilli bir tarixçi - Zahirəddin İbrahimov - milli mənsubiyyətinə görə Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb və Bakıya gətirilib. Bildirmək istəyirik ki, bu iddialar tamamilə yalan, təxribat xarakterli və dezinformasiya məqsədli xarici təzyiq cəhdləridir"-deyə bildirdi.
Ekspert qeyd etdi ki, Azərbaycan dövləti və cəmiyyəti çoxmillətli və tolerant dəyərlər üzərində qurulub. “Ölkəmizdə heç bir şəxs milli, dini və ya irqi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmır. Talış, ləzgi, avar, rus, tat və digər xalqlar əsrlər boyu Azərbaycan cəmiyyətində qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşamış, bu gün də ölkəmizin inkişafına töhfə verirlər. Eyni zamanda, multikultural ölkə olaraq bütün etnik xalqların mədəniyyətinə, dəyərlərinə hörmətlə yanaşılıb.
Əgər hər hansı şəxs barəsində hüquqi tədbir görülürsə, bu, onun konkret qanunsuz əməlləri ilə əlaqəlidir və hüquqi çərçivədə həyata keçirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti qanunvericiliyə əsaslanır və Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məsələləri əhatə edir.
Bu cür əsassız iddiaların məqsədi Azərbaycan daxilində milli birlik və vətəndaş həmrəyliyinə zərbə vurmaq, ictimai rəyə təsir etməklə dövlətə qarşı inamsızlıq yaratmaqdır. Bu, informasiya müharibəsinin klassik nümunəsidir və Azərbaycan ictimaiyyəti belə təxribatlara qarşı yetərincə ayıq və həssasdır.
Xatırlatmaq istəyirəm ki, ölkəmizdə heç kim milli mənsubiyyətinə görə təqib və ya həbs olunmur. Azərbaycan dövləti və cəmiyyəti hər bir vətəndaşının hüquqlarını qoruyur və bu hüquqların təminatı üçün bütün lazımi addımları atır. Və dövlətin ən dəyərli sərvəti olan vətəndaşların rifahı üçün bütün tədbirlər görülür” - deyə B.Quliyev əlavə etdi.
İradə SARIYEVA