Mərkəzi Asiya ölkələrinin yunan Kiprini tanımasının pərdəarxası açıldı - TDT ağsaqqalları Şimali Kiprə toplaşır...

Avropa Birliyinin (AB) iqtisadi təzyiq kartından istifadə edərək Mərkəzi Asiyanın Türk Cümhuriyyətlərinə Cənubi Kiprdə diplomatik nümayəndəliklər açdırmasından sonra Türk Dövlətləri Təşkilatının (TDT) ilk üz-üzə təması Lefkoşada baş tutacaq.
Məlumata görə, təşkilatın Ağsaqqallar Şurasının 17-ci toplantısı mayın 1-2-də Şimali Kipr Türk Respublikasında (ŞKTC) keçiriləcək. İclasın ən əhəmiyyətli gündəmi Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprində açdığı səfirliklər olacaq.
Bildirilib ki, ŞKTC-də keçirilən ilk üz-üzə görüşdə problemi sakit diplomatik yolla həll etmək məqsəd qoyulub.
Türkiyə mediası yazır ki, Tacikistan Avropa Birliyinin iqtisadi təzyiqləri səbəbindən bəyannamənin müvafiq hissələrini dəstəkləmək məcburiyyətində qalıb. Avropa Birliyinin bu ölkələri yardım və investisiyaları kəsməklə hədələdiyi bildirilir.
AB Özbəkistanı isə Genişləndirilmiş Tərəfdaşlıq Danışıqlarını dayandırmaqla və investisiyaları kəsməklə hədələyib. Qazaxıstana da eyni formada təzyiq edildiyi bildirilir. Qeyd edilir ki, Türkiyə Türk dövlətlərinin yunan Kiprində səfirlik açmasına ilk etirazını, yunanların əlinə “kozır” verməmək üçün bağlı qapılar arxasında edib.
Tahir TAĞIYEV