Ukrayna ABŞ-ın təklif etdiyi sülh şərtlərinin 90 faizini qəbul etdi…

Ukrayna ABŞ-ın sülh təklifinin 90 faizini qəbul edib. “New York Post” qəzeti yazır ki, Kiyev administrasiyası ABŞ dövlət katibi Marko Rubionun ötən həftə Parisdə təqdim etdiyi sülh planının böyük hissəsini təsdiqləyib. İclasda ABŞ, Avropa və Ukraynadan nümayəndə heyətləri iştirak edib.
Adının açıqlanmasını istəməyən rəsmilərdən biri bildirib ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerov və komandası sazişin qalan hissəsi üzərində işləməyə davam edir. Danışıqlarda fikir ayrılığının isə Rusiyanın işğalı altında olan ərazilərin statusu ilə bağlı olduğu bildirilir.
Ukrayna lideri Vladimir Zelenski deyib ki, Rusiya atəşkəsə nail olmaq üçün işğal etdiyi ərazilərdən çıxmalıdır. Rusiya ordusu ölkənin təxminən 20 faizini işğal edib.
Bildirilir ki, Rusiyanın müqaviləni imzalaması üçün Moskvaya, ABŞ-ın sanksiyalarının yumşaldılması və dondurulmuş Rusiya aktivlərinin sərbəst buraxılması kimi variantlar təklif oluna bilər.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar bu həftə Britaniyanın paytaxtı Londonda davam etdiriləcək. İclasda ABŞ, Avropa və Ukraynadan nümayəndə heyətləri iştirak edəcək.
Amerika rəsmilərindən biri ABŞ-ın Rusiyaya təzyiqini artıracağını deyib. Vaşinqtonda yerləşən “Atlantic Council” analitik mərkəzinin əməkdaşı Aleks Plitsas isə deyir ki, Tramp Kiyevə qarşı sərt davransa da, Moskvaya eyni təzyiqi tətbiq etmir.
TAHİR