Dəhşətli etiraflar - "dinc azərbaycanlıları kilsədə asır, qəbirlərin üstündə güllələyirdik"...

Əli Orucov: "Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dünya miqyasında keçirilən silsilə tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir"
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 18-də davam etdirilib.
Məhkəmə zamanı açıqlanan faktlar sadəcə olaraq adamı dəhşətə gətirir.
Məsələn Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab olaraq zərərçəkmiş şəxs bildirib: “Onlar fevralın 25-dən 26-na keçən gecə bütün yolları bağlamışdılar ki, çıxa bilməyək, azərbaycanlı olduğumuz üçün bizim hamımıza qarşı soyqırımı törətsinlər. Qətlə yetirilən əhalinin 50 faizi “dəhliz” deyilən ərazidə öldürülənlərdir. Guya həmin hissəni vermişdilər ki, əhali çıxsın.
Ağdamda meyitləri meşədən gətirirdilər. Oradakı meyitlərin əksəriyyəti tanınmaz halda idi. Başlarının dərisini soymuşdular, beyinləri, başları dağılmışdı. Ancaq paltarından tanıyırdıq”.
Prosesdə daha sonra Xocalı soyqırımında iştirakı müəyyən edilmiş təqsirləndirilən şəxs Madat Babayan 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib: “Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın"
Təqsirləndirilən şəxs Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyanın verdiyini deyib və əlavə edib: “Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”.
Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirak etdiyini etiraf edib və bildirib: “Səhv etmişik”.
O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçilər tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.
Bu cür tükürpədici faktları dünyaya olduğu kimi yaymaq üçün biz vətəndaş cəmiyyətinin gücündən istifadə etməliyik. Bu istiqamətdə həm media, həm də qeyri-hökumət təşkilatlarına xüsusi dövlət qrantları təklif edilməlidir.
Fikrimcə biz hələ bu həqiqətləri yetərincə dünyaya çatdıra bilməmişik. Sizcə biz bunun üçun daha nələr edə bilərik?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Əli Orucov bildirdi ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində H.Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır: "Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dünya miqyasında keçirilən silsilə tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir.
Qeyd etmək yerinə düşər ki, "Xocalıya ədalət" şüarı altında Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə davam etdirilən məqsədyönlü və silsilə tədbirlər artıq erməniləri və havadarlarını ciddi şəkildə narahat etməkdədir. Çünki həmin vaxtadək Xocalı soyqırımı ilə bağlı tədbirlər bir-iki gün ərzində kampaniya şəklində, daxildə keçirildiyindən effekt vermirdi və dünya ictimaiyyətinə çıxmırdı. Haqq səsi eşidilmirdi. Lakin indi vəziyyət kökündən dəyişib. Bir sıra dövlətlərin parlamentləri Xocalı soyqırımını soyqırım kimi rəsmən tanıyıb.
Hesab edirəm ki, davam etdirilən bu yöndəki fəaliyyət Xocalı soyqırımının daha geniş arealda tanıdılmasına və həmin faciəni törədənlərin cəzalandırılmasına imkan verəcəkdir".
Dəniz NƏSİRLİ