Üç əsas Avropa ölkəsi ABŞ-a baş əymədi - “sonadək varıq”...

Təbriz Musayev: “Çünki aparıcı Avropa ölkələri yaxşı bilir ki, Ukrayna təslim olsa növbəti hədəf onlar olacaq”
Məlum olduğu kimi, aprelin 17-də Parisdə Ukrayna, ABŞ, Fransa, Böyük Britaniya və Almaniyanın iştirakı ilə danışıqlar keçirilib. ABŞ Dövlət katibi Marko Rubio Parisdə Fransa və Böyük Britaniyanın hakimiyyət orqanları ilə apardığı danışıqlardan sonra jurnalistlərə deyib ki, Fransa, Almaniya və Böyük Britaniya Ukrayna münaqişəsinin nizamlanması məsələsinə yardım edə bilər:
“Danışıqlar çox faydalı və konstruktiv məcrada keçib. Fransa, Böyük Britaniya və Almaniya bizim razılığa gəlməyimizə kömək edə bilər. Ümid edirik ki, tezliklə onlardan (ukraynalılardan) cavab eşidəcəyik”.
ABŞ Dövlət katibinin sözlərinə görə, Ağ ev nizamlanma məsələsində London və Parislə daim təmasdadır: “Biz onların töhfələrini və bu məsələdə iştirak etmələrini alqışlayır və bunun vacib iş olduğuna inanırıq”.
Bununla belə, ABŞ dövlət katibi Avropa rəsmiləri ilə Ukrayna münaqişəsi üzrə ikigünlük danışıqlardan sonra artıq səbirsizləndiyinə işarə vurub. Rubio Parisi tərk etməzdən öncə jurnalistlərə deyib ki, razılaşma əldə etməyin mümkünlüyü aydınlaşmasa, ABŞ sülh danışıqlarında vasitəçilikdən çəkiləcək: “Biz bu işi həftələrlə, aylarla davam etmək fikrində deyilik. İndi, bir neçə günə aydınlaşdırmalıyıq ki, bunu qısa müddətə etmək mümkündürmü. Deyilsə, məncə, çıxıb gedəcəyik. Bu baş verərsə, kömək etmək istəyirik. Amma baş verməyəcəksə, bunu indi bilməliyik. Bizim görməli olduğumuz başqa işlər də var”.
Rubionun dedikləri Ağ Evin Ukrayna münaqişəsi üzrə danışıqlarda proqresin olmamasından məyusluğunun artdığını göstərir. Çünki Fransa, Böyük Britaniya və Almaniya ABŞ-dan fərqli mövqe tuturlar. ABŞ bu dövlətlərə Ukrayna məsələsində təzyiq etsə də, bir nəticə yoxdur. Bu dövlətlər açıq deyirlər ki, ABŞ geri çəkilsə onlar sona qədər Ukraynanı müdafiə edəcəklər. Elə bütün bunların nəticəsidir ki, Londonda növbəti görüşün keçirilməsinə qərar verilib.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev bildirib ki, danışıqların gərgin keçəcəyi gözlənilən idi: “Ən azından ona görə ki, Trampın müharibənin dayandırılması, atəşkəslə bağlı pafoslu vədləri özünü doğrultmadı. İlk əvvəl Tramp Zelenskinin üzərinə gedərək onu güzəştə getməyə məcbur etməyə çalışdı, amma alınmadı. Ən önəmlisi isə Avropa İttifaqının aparıcı dövlətləri başda olmaqla əksər üzv dövlətlər, o cümlədən Aİ-də təmsil olunmayan Böyük Britaniya birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Hərbi və iqtisadi yardımların artırılması ilə bağlı səylərini artıraraq vahid mövqedən çıxış etdilər. Həmçinin, sonrakı danışıqlarda da bu mövqeyi əsas götürürlər. ABŞ-ın Aİ-yə qarşı tətbiq etdiyi yüksək rüsumlar da Aİ-nin aparıcı ölkələrinin mövqeyinə təsir göstərmədi. Çünki aparıcı Avropa ölkələri yaxşı bilir ki, Ukrayna təslim olsa növbəti hədəf onlar olacaq. Rusiyanı bu zaman kimsə dayandırmayacaq. Avroittifaq hətta dağıla bilər. Ukraynadan sonra Rusiya ilk növbədə Pribaltika ölkələrini, Polşanı və Moldovanı hədəf alacaq. Daha sonra Avropanın qərbinə doğru gedəcək. O üzdən, hesab edirəm ki, Ukraynada Avropanın taleyi həll olunur. Məgər Ukraynadan başqa Avropada indi döyüşə biləcək ölkə var ki? Fikrimcə, nə qədər yüksək texnoloji silahlara malik olsalar da, reallıqda belə ölkə yoxdur. Böyük Britaniya kimi ölkənin 72 min əsgəri var. Belə baxanda İngiltərə ordusunun sayı Azərbaycandan azdır. Fransadan isə danışmağa dəyməz. Bir sözlə, NATO-da ABŞ-dan sonra ən güclü və döyüşkən orduya Türkiyə sahibdir. Türkiyəni də illərdir Aİ-yə üzv olmağa qoymurlar. Bir sözlə, Ukraynada yaxın dövrdə atəşkəs real görünmür. Çünki Putin bunda maraqlı deyil. Ona görə ki, Rusiya ordusu böyük itkilər hesabına da olsa irəliləyir. Ona görə ki, Putin bütün Ukraynanı işğal etmək istəyir”.
Vidadi ORDAHALLI