Trampın ticarət müharibəsi dolların özünü vurdu - manatın taleyində tərəddüd var...

ABŞ və Çin arasında kəskinləşən ticarət müharibəsi qlobal bazarlardakı investorları "təhlükəsiz sığınacaq" axtarışına məcbur edir. Bu fonda qızıla yatrımlar sürətlə artır. Valyuta bazarında da ciddi dəyişikliklər qeydə alınır. Çinin ABŞ mallarına tətbiq etdiyi tarif dərəcəsini 125 1faizə qaldırdıqdan sonra dolların ucuzlaşması sürətlənib. Avropa İttifaqının valyutası olan avro dollar qarşısında son 3 ilin ən yüksək səviyyəsinə çatıb.
ABŞ-da artan inflyasiya fonunda dolların daha da ucuzlaşması gözlənilir. Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel də bu xüsusda nikbin proqnozlar vermir. Onun sözlərinə görə, Amerika administrasiyasının rüsumların sərtləşdirilməsi siyasəti, ehtimal ki, ABŞ-də inflyasiyanın artım tempinin sürətlənməsinə səbəb olacaq və iqtisadi artıma mənfi təsir göstərəcək: “Rüsumlar, yüksək ehtimalla, ən azı müvəqqəti, inflyasiya artımına səbəb olacaq”. Pauel Federal Ehtiyat Sisteminin çətinliklərlə üzləşə biləcəyini ehtimal edib: “Əgər inflyasiya iqtisadi artımın yavaşlaması ilə eyni zamanda artarsa çətinlik qaçılmazdır”. Bundan başqa, onun sözlərinə görə, inflyasiya artımı uzana bilər. Onun qiymətləndirməsinə görə, ABŞ administrasiyasının rüsumları gözləniləndən əhəmiyyətli dərəcədə daha genişmiqyaslı olub: “Eyni şey, ehtimal ki, inflyasiyanın artması və iqtisadi artımın yavaşlaması da daxil olmaqla iqtisadi nəticələrə də aid olacaq”. Pauel hesab edir ki, rüsum siyasəti, böyük ehtimalla, qurumun bu il inflyasiyanın azaldılması və sabit məşğulluğun təmin edilməsi sahəsində əldə etdiyi bütün irəliləyişləri heçə endirəcək: “Yeni administrasiya siyasətdə əhəmiyyətli dəyişikliklər həyata keçirmək prosesindədir. Bu siyasət hələ də formalaşır və onun iqtisadiyyata təsiri olduqca qeyri-müəyyən qalır. Biz daha çox məlumat əldə etdikcə qiymətləndirmə hesablamalarımızı yeniləməyə davam edəcəyik”. İndilikdə görünən odur ki, ABŞ hökumətinin başlatdığı tarif müharibəsi onun öz valyutasına mənfi təsir göstərib. ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi xarici ticarət rüsumlarından sonra dolların bəzi valyutalar qarşısında ucuzlaşması davam edir. Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirir ki, ABŞ dollarının müəyyən dövrdə dəyər itirməsi gözlənilən olub. Çünki ticarət müharibələrinin təsir etdiyi ölkələrdən biri də məhz ABŞ-dir. Onun sözlərinə görə, bu isə Birləşmiş Ştatlarda xüsusilə qiymətlərin artmasına və dünya iqtisadiyyatında resessiya meyillərinin gücləndirilməsinə gətirib çıxaracağı gözlənilir: “Nəticə etibarı ilə ABŞ dollarının digər səbət valyuta nisbəti məzənnəsinə birbaşa təsir göstərir. Bu baxımdan təbii ki, dolların ucuzlaşması gözlənilən idi. Lakin ABŞ dollarının ucuzlaşması uzunmüddətli dövrü əhatə etməyəcək. Müəyyən müddətdən sonra dolların stabilləşməsi, səbət valyutalarına nisbətən məzənnənin yüksələcəyi gözlənilir”.
Ekspert qeyd edib ki, ticarət müharibəsi dünya iqtisadiyyatına da təsir göstərir. Onun sözlərinə görə, Azərbaycana bu təsir daha çox neftin dünya bazarı qiyməti ilə mümkün ola bilər: “Çünki neftin dünya bazarı qiyməti azalarsa, bu, Azərbaycana daxil olan valyutanın həcminin azalmasına gətirib çıxara bilər. Lakin əgər neftin dünya bazarı qiyməti stabil qalarsa, bu, sözsüz Azərbaycana daxil olan valyutanın həcminə təsir göstərməyəcək”. İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, ABŞ və Çin arasındakı “tarif müharibəsi” uzunmüddətli olmayacaq:“Sadəcə olaraq Donald Tramp tariflər vasitəsi ilə Çini danışıqlar mərhələsinə hazırlamaq istəyir. Üstəlik, bu yolla danışıqlar zamanı ölkəsinə lazım olan güzəştləri qoparmağa çalışır. Çox güman ki, yaxın zamanda Pekin və Vaşinqton arasında danışıqlar masası qurulacaq. Çünki tərəflərin qarşılıqlı asılılıqları həddindən artıq yüksəkdir. Qarşılıqlı ticarət dövriyyələri təxminən 650-700 milyard dollara yaxındır. Düzdür, Çinin daha çox ixrac etdiyi üçün üstünlüyü var. Amma ABŞ da premium bazar olduğuna görə Çin onu əldən buraxmaq istəmir. Bəlkə də artıq tərəflər arasında gizli danışıqlar gedir”. Natiq Cəfərli dolların ucuzlaşacağı təqdirdə, manatı hansı aqibətin gözləyəcəyi barədə də danışıb: “Əslində, “üzən məzənnə” rejimi olan ölkələrdə dolların ucuzlaşması valyutalara təsir edir. Lakin Azərbaycanda məzənnə inzibatidir. Yəni dolların dünya biralarında ucuzlaşması qətiyyən birbaşa olaraq ölkəmizə təsir etmir. Çünki bizdə məzənnə inzibati qaydada müəyyənləşir. Azərbaycanda manatın gələcək taleyi ilə bağlı hansısa qərar veriləcəksə, o zaman neft qiymətlərinə, daxildəki ticarət balansına və iqtisadi paradiqmaya görə qərar veriləcək. Manatın dünya birjalarında neft qiymətlərindən başqa bağlantısı yoxdur”. Digər ekspertlər də hesab edir ki, ABŞ dollarının Azərbaycan manatına təsiri daha çox Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılıdır. Çünki Azərbaycan “üzən məzənnə” rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Növbəti dövrlərdə də Mərkəzi Bankın məzənnəsi manatın kursunun müəyyənləşdirilməsində həlledici olaraq qalacaq. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, bu ilin səviyyəsində götürülüb. 2017-ci ilin martından Azərbaycanda manatın məzənnəsi sabit saxlanır. O vaxtdan 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabər sayılır.
Ramil QULİYEV