Paşinyan özündən əvvəlkilərin “kriminal əmlaklarını” müsadirə edəcək...

Qulamhüseyn Əlibəyli: “Bu yolla onları həbs etmədən əmlakını əllərindən alacaq”
Ermənistanda “Cinayət yolu ilə qazanılmış əmlakın müsadirəsi haqqında” qanun qəbil olunub. Gözləmək olarmı ki, bu qanun Ermənistanda növbəti gözlənilən repressiyalardan xəbər verir? Yəni burada əslində müəyyən məqsədlər var.
O baxımdan ki, Paşinyan əvvəlki hakimiyyət məmurlarının əmlaklarını müsadirə etməyə hazırlaşır. Çünki bu minvalla Paşinyan müxalifəti sıradan çıxarmağa çalışır. Xüsusən də parlament müxalifətini. Ona görə ki, onların əlində böyük əmlak və vəsait var. Bu baxımdan ola bilər ki, Robert Köçəryanın, Serj Sarkisyanın prezidentliyi dövrlərində əldə olunan əmlakları müsadirə edilsin. Çünki sözügedən şəxslər üst-üstə 20 il hakimiyyətdə olublar.
Hətta bir sıra ekspertlər də bu fikirdədilər ki, Köçəryan-Sarkisyanın prezidentliyi dövrlərində məmurların əldə etdikləri əmlakların böyük bir hissəsi müsadirə oluna bilər. Maraqlıdır, bu baxımdan ekspertlər Ermənistanda baş verənləri necə dəyərləndirir?
“Paşinyan həmin qanunu qəbul etməklə əvvəlki dövrlərdə vəzifə tutmuş şəxslərin əmlakını müsadirə edəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, ümumiyyətlə, cinayət yolu ilə əldə edilən əmlakın müsadirəsi haqqında müddəalar əksər ölkələrin cinayət qanunvericiliyində əks olunur: “O cümlədən Azərbaycanın da cinayət qanunvericiliyində oxşar müddəalar vardır. Belə ki, bu halda konkret cinayət törətməyə görə, xüsusən iqtisadi, maliyyə və digər xarakterli cinayətlərin törədilməsinə görə əlavə cəza tədbiri kimi xüsusi müsadirə adı altında tətbiq olunur. Yəni konkret cinayət əməlində təqsirkar olan şəxslərə münasibətdə sabit cəza növü ilə yanaşı, həmin cinayət nəticəsində əldə olunmuş əmlak da dövlətin nəfinə müsadirə edilir. Çox güman ki, belə bir oxşar müddəa Ermənistanın da cinayət qanunvericiliyində əksini tapıb. Lakin cinayət yolu ilə əldə edilən əmlakın müsadirəsi haqqında ayrıca xüsusi qanunun qəbul olunması təcrübəsi çox azdır. Bunun da müxtəlif səbəbləri ola bilər. Çünki ümumi qəbul olunmuş normaya görə, müsadirə cinayət qanunvericiliyinə daxil edildikdən sonra tətbiq oluna bilər. Dünyada bu, belə qəbul olunub. Ancaq ayrıca qanunun qəbul edilməsi nəzərdə tutulubsa, bu o deməkdir ki, ümumi cinayət qanunvericiliyindən fərqli hər hansı bir normanın tətbiqi nəzərdə tutulur. Yəni cinayətkarlığa qarşı mübarizə məqsədi ilə yanaşı, digər xüsusi məqsədlər, o cümlədən siyasi məqsədlər də istisna olunmur. Bəli, çox güman ki, Paşinyan həmin qanunu qəbul etməklə əvvəlki dövrlərdə vəzifə tutmuş şəxslərin əmlakını müsadirə edəcək. Çünki 20 il hakimiyyətdə olan “Qarabağ klanı” cinayət yolu ilə varlanıb. Ona görə də onların əmlakını müsadirə etmək üçün xüsusi mexanizm müəyyənləşdirir. Bu yolla onları həbs etmədən əmlakını müsadirə edəcək. Nəticədə müxalifətin dayaqları zəifləyəcək”.
Vidadi ORDAHALLI