Paşinyan 2021-ci ilin mayını Qarabağ məsələsində "kulminasiya nöqtəsi" adlandırdı...

Abutalıb Səmədov: “Əslinə qalsa, Qarabağ hərəkatı Ermənistanın müstəqilliyinə qarşı yönəlmiş bir hərəkat olub, indi bunu Paşinyan başa düşür və etiraf edir”
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada deyib ki, Qarabağ uğrunda hərəkatın davam etdirilməsi erməni dövlətçiliyi üçün məhvedici olacaq.
“Çoxları hesab edir ki, erməni dövlətçiliyi deyil, Qarabağ hərəkatı vacibdir. Hakim çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatını davam etdirmək cəhdi məhvedicidir, çünki o, Ermənistanın dövlətçiliyinə, suverenliyinə və müstəqilliyinə əngəl törətmək üçün alət olub və olacaq”.
Paşinyanın sözlərinə görə, "Qarabağ hərəkatı obyektiv şəkildə tamamlanıb".
Paşinyan deyib ki, dövlətçiliyin qurulması onlar üçün mütləq prioritetdir: “1980-ci illərin sonlarında Ermənistanın müstəqilliyi ideyası müstəqillik və dövlətçilik naminə deyil, Qarabağ məsələsinin həlli naminə yaranıb. Yəni biz müstəqil dövləti daha yaxşı yaşatmaq üçün deyil, Qarabağ məsələsi naminə yaratmışıq”.
Paşinyanın sözlərinə görə, 30 ilə yaxın dövlət modeli qurulub ki, bu model əsasən Qarabağ məsələsinin həllinə, Qarabağ hərəkatına və bunun üçün hər şeyi qurban vermək məntiqinə həsr olunub.
“Mən bunu tənqid kimi deyil, faktın ifadəsi kimi deyirəm, çünki hamımız bu modelə və məqsədə dözmüşük.
Mən özüm də bu modeli qəbul etdim, Ermənistan Respublikasının Baş naziri olandan faktlara və məlumatlara çıxış əldə edərək, tədricən, addım-addım başa düşdüm ki, əgər bizim üçün müstəqillik və dövlətçilik Qarabağ məsələsinin həllinə nail olmaq vasitəsidirsə, “Təsəvvür etdiyimiz kimi, bir sıra xarici aktorlar üçün Qarabağ məsələsi müstəqilliyimizin, dövlətçiliyimizin, inkişafımızın, çiçəklənməyimizin qarşısını almaq, son nəticədə dövlətçiliyimizə son qoymaq üçün bir vasitədir”.
Paşinyanın sözlərinə görə, bu məqsəd 2018-ci ildə qarşıya qoyulub, 2020-ci ilin sentyabrında yekun mərhələsinə qədəm qoyub, 2021-ci ilin mayında kulminasiya nöqtəsinə çatıb və bu son hədəfin Ermənistanda şərikləri var.
"Onlar hesab edirlər ki, Qarabağ məsələsi müstəqillik və dövlətçilik deyil, vacibdir", - Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, məqsədləri 2018-ci ildə qarşıya qoyulub, 2020-ci ilin sentyabrında yekun mərhələsinə qədəm qoyub, 2021-ci ilin mayında kulminasiya nöqtəsinə çatıb və bu son hədəfin Ermənistanda şərikləri var. Bu fikirlə Paşinyan nəyi nəzərdə tutur? Eyni zamanda o deyib ki, Qarabağ məsələsi bizim nəzərimizdə dövlət qurmağın üsulu idi, amma başqalarının nəzərində bizim dövlətimizi məhv etmək üsulu idi.
“Bu hadisədən sonra Ermənistandakı müəyyən qüvvələlər, xüsusən Paşinyanın özü anladı ki...”
Ermənistanın baş naziri N.Paşinyanın fikirlərini “Bakı-Xəbər”ə şərh edən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Nikol Paşinyan indiyə qədər heç bir erməni siyasətçisinin söyləmədiyi həqiqətləri etiraf edib. Qarabağda separatçılığın alovlandırılması, Qorbaçovun “yenidənqurma, aşkarlıq” siyasətindən istifadə edib Ermənistanda “Qarabağ hərəkatının” yaradılması, Xankəndidə mitnqlərin keçirilməsi və Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi məsələsinin qoyulması kimi proseslər bir tərəfdən Qarabağda baş verirdi, ancaq digər tərəfdən müəyyən adamlar Moskvada bu prosesə dəstək verirdilər. Bütövlükdə, Qarabağın Azərbaycandan ayrılması hərəkatı Mixail Qorbaçovun müşaviri Abel Aqambekyanın Fransada verdiyi bir bəyanatdan sonra başladı. O da dedi ki, iqtisadi nöqteyi-nəzərdən Qarabağın Ermənistana birləşdirilməsi daha düzgün olardı. Rusiya müstəqillik illərində də bu prosesə aktiv dəstək verdi. İndi Nikol Paşinyan anlayır ki, əslinə qalsa, bu dəstəyin məqsədi Ermənistanın müstəqilliyini azaltmaq, Ermənistanı əsas hədəflərdən yayındırmaq olub. Qarabağ uğrunda aparılan mübarizə əslində Ermənistanı Rusiyadan tam asılı vəziyyətə salıb. Ermənistanda Rusiyanın hərbi bazası yerləşdirildi, xarici sərhədlər Rusiyanın ixtiyarına verilib. Ermənistanın gəlir gətirə biləcək müəssisələri Rusiyanın əlinə keçib və Ermənistan tam Rusiyadan asılı vəziyyətə düşüb. Əslinə qalsa, Qarabağ hərəkatı Ermənistanın müstəqilliyinə qarşı yönəlmiş bir hərəkat olub və indi bunu Paşinyan başa düşür və etiraf edir. Onu da etiraf edir ki, İkinci Qarabağ müharibəsinin başlanmasının səbəbi məhz Qarabağı Azərbaycandan qoparmaq istiqamətində 2018-ci ildə qızışan fəaliyyət olub. Paşinyan onu da deyir ki, o fəaliyyətdə elə özü də aktiv şəkildə iştirak edib. Onun Şuşadakı davranışları, rəqs etməsi, “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını verməsi və sair bütün bunlar İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı və son nəticədə Ermənistan ağır məğlubiyyətə uğradı. Paşinyan 2021-ci ilin mayını “kulminasiya nöqtəsi” adlandırıb. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sərhədlər dəqiq deyil”-deyə bildirdi.
A.Səmədov vurğuladı ki, Almatı bəyannaməsinə görə, respublikalar arasında inzibati sərhədlər dövlət sərhədləridir, ancaq Azərbaycanla Ermənistan arasında bir çox yerlərdə heç inzibati sərhədlər də yoxdur, xüsusilə dağlıq ərazilərdə. “Ermənistanın işğalçı mahiyyətini nəzərə alan Azərbaycan ordusu 2021-ci ildə Ermənistanın özününkü saydığı bəzi yüksəklikləri nəzarətə götürüb. Təbiidir ki, delimitasiya və demarkasiya prosesindən sonra əgər bu ərazilər Ermənistanındırsa Ermənistana veriləcək, Ermənistanın deyilsə onda Azərbaycan həmin ərazilərdə qalmaqda davam edəcək. Paşinyanın da, digərlərinin də iddiası bundan ibarətdir ki, Azərbaycan 200 kvadrat kilometrə qədər Ermənistan ərazisini nəzarətə götürüb və bunu Paşinyan “kuliminasiya nöqtəsi” adlandırır. Yəni deyir ki, biz Qarabağı Ermənistana birləşdirmək istədik, son nəticədə 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsində tariximizin ən böyük məğlubiyyətini aldıq və bununla da iş bitmədi, 2021-ci ilin mayında Ermənistanın özününkü hesab etdiyi torpaqlar da əlindən çıxdı. Paşinyan nəyə görə bunu “kuliminasiya nöqtəsi” adlandırır? Bu hadisədən sonra Ermənistandakı müəyyən qüvvələr, xüsusən Paşinyanın özü anladı ki, Qarabağ uğrunda aparılan mübarizə, ordakı separatizm hərəkatını dəstəkləmək son nərticədə Ermənistanın dövlət müstəqilliyini itirməsinə gətirib çıxara bilər. Paşinyanın bu bəyanatları çox cəsarətli bəyanatlardır və erməni cəmiyyətində bu bəyanatları çox aqressiv qarşılamırlar. Bir başqa dövlətdə bu cür bəyanatları dövlətin liderinin verməsi mümkünsüz olardı. Son 30 ildə aparılan siyasətə Nikol Paşinyan obyektiv qiymət verir və hər şeyi olduğu kimi dəyərləndirir. Deyir ki, Qarabağ uğrunda bu mübarizə bizi tamamilə Rusiyadan asılı vəziyyətə saldı. Əslinə qalsa, Ermənistanı müstəqil dövlət saymaq da mümkün deyil. Bir tərəfdən tamamilə Rusiyadan asılıdır, digər tərəfdən yeni ağalar axtarışına çıxıb, onlara da güvənmək çox çətindir. Əslinə qalsa, Paşinyanın bu bəyanatı nə qədər çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir. Ancaq Ermənistan cəmiyyətinin ayılması, reallıqları dərk etməsi üçün bu həqiqətlər dilə gətirilməlidir”.
A.Səmədov qeyd etdi ki, hətta Paşinyan nüfuzunu müəyyən qədər itirsə də bunları deməli idi, əks halda Ermənistanı bundan sonra da faciələr gözləyir. “Burda Paşinyanın “xoşbəxtliyi” ondan ibarətdir ki, Ermənistanda rəqibi yoxdur, onun rəqibi sayılacaq adamlar isə özünü nüfuzdan, gözdən salmış oğru, quldur və ağılsız insanlardır. Ümid edək ki, bu düşüncələr son nəticədə Ermənistanın sülh sazişinə mane olan məsələlərdən imtina etməsinə gətirib çıxaracaq, bir tərəfdən konstitusiyada tələb olunan dəyişikliklər aparılacaq, digər tərəfdən Minsk konfransının ləğv ilə bağlı ATƏT-in Nazirlər Şurasına müraciət olunacaq. Hər halda, Paşinyanın bu istiqamətdə getmək istəyi göz qabağındadır. Ancaq gücü çatacaqmı, axıra qədər dayana biləcəkmi və tələb olunan cəsarətli addımları ata biləcəkmi? Bunu yaxın günlər göstərəcək”-deyə A.Səmədov vurğuladı.
İradə SARIYEVA