Diplomatik korpusun nümayəndələri Şuşada...

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. Xarici diplomatları Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə danışıb. Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işlərilə tanış olublar.
Nümayəndə heyəti sonra Aşağı Gövhər Ağa məscidinə gəlib. Məlumat verilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb.
Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar.
Qeyd edək ki, diplomatik korpusun nümayəndələri səfər çərçivəsində əvvəlcə Xankəndi şəhəri ilə tanış olub, Qarabağ Universitetində keçirilən tədbirdə iştirak ediblər.
ZÜMRÜD