Çinlə vizasız gediş-gəlişin Azərbaycana faydası və ziyanı...

Kamran Məmmədli: “Qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması Azərbaycan-Çin əlaqələrinin dinamik ikişaf etdiyinin göstəricisidir”
Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir. Bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.
Qeyd edilib ki, bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.
Maraqlıdır, qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş imzalanarsa, bu, iqtisadiyyata necə təsir edəcək?
“Strateji əməkdaşlığa uyğun olaraq vizasız rejimin tətbiqi turizm və digər sferelarda əməkdaşlığın dərinləşnəsinə səbəb olacaq”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: “Məlumat üçün deyim ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyarddan artıqdır. Iqtisadi əlaqələrin genişlənməsi, strateji əməkdaşlığın dərinləşməsi müşahidə olunur. Eyni zamanda, Çindən Azərbaycana səfər edən turistlərin sayında da artım var. Bu artım statistik rəqəmlərdə də özünü göstərir. Turist artımı iki ölkə arasındakı əlaqələrin, əməkdaşlığın güclənməsindən xəbər verir. Ölkələrin strateji əməkdaşlığı viza prosesinə də təsir edir. Xatırladım ki, ötən illərdə də Azərbaycanla Çin arasında vizasız birillik rejim tətbiq edilmişdi. Qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş ölkə turizminin inkişafına səbəb olacaq. Çindən ölkəmizə gələn turistlərin sayı artıb. Strateji əməkdaşlığa uyğun olaraq vizasız rejimin tətbiqi turizm və digər sferelarda əməkdaşlığın dərinləşnəsinə səbəb olacaq. Onu da deyim ki, turist axınının artması ilə otellər, restoranlar, nəqliyyat şirkətləri və bələdçilər üçün gəlirli imkanlar yaranacaq. Həmçinin, Çin ilə vizanın ləğv olunması yeni iş yerlərinin açılmasına səbəb olacaq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan-Çin əlaqələrinin tarixi qədimdir. Müxtəlif sahələrdə Çinlə əməkdaşlıq etmişik. Qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması Azərbaycan-Çin əlaqələrinin dinamik inkişaf etdiyinin göstəricisidir”.
Günel CƏLİLOVA