Avroittifaq Azərbaycana “mina yardımını” 23 milyon avroya çatdırmaq fikrindədir - həm də 5 il sonra...

Firdovsi Şahbazov: “İstəsələr, il ərzində minaların təmizlənməsinə ən azı 100 milyon avro ayıra bilərlər”
Azərbaycanda mina əməliyyatlarına Avropa İttifaqının (Aİ) dəstəyi builki yardımla birlikdə ümumilikdə təxminən 23 milyon avroya çatacaq. Bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.
“Avropa İttifaqının 2024-25-ci illər üçün Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinə səfərbər etmək niyyətində olduğu 10 milyon avro ilə birlikdə Azərbaycanda mina əməliyyatlarına Aİ dəstəyi ümumilikdə təxminən 23 milyon avroya çatacaq”,-deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Aİ Azərbaycanda mina əməliyyatları sahəsində ən böyük beynəlxalq donordur və əhali üçün təbii ehtiyatlara təhlükəsiz çıxışın təmin edilməsinə, həmçinin məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli və könüllü qayıdışı üçün şəraitin yaradılmasına töhfə verir.
Bir necə aydan sonra 44 günlük müharibənin bitməsinin 5 ili tamam olacaq, Azərbaycanın ərazilərini tam təmizləmək üçün 10 milyardlarla vəsaitə ehtiyac var, 400 nəfərə yaxın mülki şəxs minaya düşüb, bunlar hələ yardımı beş ildə 23 milyon avroya çatdıracaqlarından danışırlar. Üstəlik, utanmadan deyirlər ki, Aİ Azərbaycanda mina əməliyyatları sahəsində ən böyük beynəlxalq donordur.
“Sırf siyasi səbəblər üzündən Aİ kimi güclü maliyyə imkanlarına malik qurum bu qədər az vəsait ayırıb”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında indiyə qədər Avropa İttifaqının Azərbaycanda minaların təmizlənilməsinə çox az vəsait ayırmasını sırf siyasi səbəblərlə əlaqələndirdi: “Bunun yeganə səbəbi Azərbaycana münasibətdə sərgilənən ögey münasibətdir. Yəni sırf siyasi səbəblər üzündən Aİ kimi güclü iqtisadiyyata, böyük maliyyə imkanlarına və geniş texnoloji vasitələrə sahib olan qurum bu qədər az vəsait ayırıb. Yoxsa Aİ istəsə, il ərzində minaların təmizlənməsinə ən azı 100 milyon ayıra bilər. Bu da minaların təmizlənməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Elə Aİ ölkələri var ki, orada ən yaxşı mina təmizləyən maşınlar istehsal edir. Bununla belə, xüsusi dron vasitələri var ki, onların vasitəsi ilə havadan minalanmış sahələrin yerini daha tez müəyyən etmək mümkündür. Ukraynada şiddətli müharibə gedir, amma indiyədək Aİ bu ölkədə təkcə minaların təmizlənməsi işinə milyardlarla avro vəsait ayırıb. Halbuki, adətən müharibə bitəndən sonra beynəlxalq təşkilatlar bu məsələdə donor olaraq iştirak edirlər. Qarabağ müharibəsi 5 ilə yaxındır başa çatıb, amma ölkəmizin üzləşdiyi mina problemi beynəlxalq donor təşkilatları, o cümlədən Avroittifaqı narahat etmir. Niyə? Ona görə ki, üzləşdiyimiz mina probleminin həlli onların marağında deyil. Baxmayaraq ki, bizdə bu sahədə vəziyyət çox mürəkkəbdir. Ona görə ki, işğal dövründə Ermənistan tərəfindən nizamsız və kütləvi şəkildə ərazilərimizi minalayıblar. Hara gəldi mina basdırıblar. Söhbət ondan gedir ki, təkcə keçmiş təmas xətti minalanmayıb. Minaların təxminən 70 faizi təmas xəttindən kənarda basdırılıb. Bunun nəticəsidir ki, müharibə bitəndən sonra çoxsaylı mülki şəxs minaların qurbanı olub. Ona görə də Azərbaycana bununla bağlı böyük maliyyə və texniki yardım lazımdır. Əfsuslar olsun ki, Azərbaycanın vacib enerji tərəfdaşı olan Aİ problemi görməzdən gəlir. Bunun da kökündə xristian təəssübkeşliyi, ermənilərə olan sevgi dayanır. Belə olmasaydı, həm Azərbaycana bununla bağlı ciddi yardım edilərdi, həm də Ermənistan qınaq obyekti olardı”.
Vidadi ORDAHALLI