Əsədin Suriyada gizli əməliyyatı ortaya çıxdı - sərvətini və məxfi sənədləri ölkədən bu yolla çıxarıb...

Suriyada Baas rejiminin süqutundan sonra Rusiyaya qaçan devrilmiş rejimin lideri Bəşər Əsədin qaçmazdan əvvəl sərvətini, qiymətli əşyalarını, qohumlarını, köməkçilərini və məxfi sənədlərini özəl təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinə göndərdiyi üzə çıxıb.
İddialara görə, Əsəd Suriyadan 500 min dollar pul, qiymətli əşyalar, sənədlər, noutbuklar və məxfi məlumatları ehtiva edən sərt disklərlə ölkədən qaçıb.
“Reuters” xəbər verir ki, bu əməliyyatı idarə edən və təyyarələri təşkil edən şəxsin Əsədin iqtisadi müşaviri Yaşar İbrahim olduğu müəyyən edilib.
Bildirilir ki, Yaşar İbrahim Əsədin ailəsini, köməkçilərini və qiymətli əşyalarını Birləşmiş Ərəb Əmirliklərinə daşımaq üçün “Embraer Legacy 600” təyyarəsi kirayələyib. Təyyarə Rusiya və BƏƏ-nin koordinasiyası ilə Suriyadan Əbu-Dabiyə 4 gizli uçuş həyata keçirib. İlk iki uçuş dekabrın 6-da həyata keçirilib və Əsəd ailəsi ilə birlikdə nağd pul və sənət əsərləri daşınıb. Üçüncü uçuş dekabrın 7-də axşam həyata keçirilib və təyyarədə məxfi maliyyə məlumatları, görüş protokolları və ofşor hesab məlumatları olub. Uçuş izləmə qeydləri, peyk görüntüləri və Hərbi Hava Qüvvələri Kəşfiyyatının mənbəsinə əsasən, dördüncü uçuş dekabrın 8-də Suriyanın Latakiya yaxınlığındakı Rusiyaya məxsus Hmeymim hərbi hava bazasından həyata keçirilib. Əsəd həmin gün elə həmin bazadan Rusiyaya qaçıb.
Əhməd Xəlilin əməliyyat zamanı Suriya İslam Bankı hesabından çıxarılan 500 min dollarla Hmeymimdən sonuncu təyyarəyə mindiyi bildirilir.
Qeyd edilir ki, Rusiya və BƏƏ xarici işlər nazirlikləri əməliyyatla bağlı suallara cavab verməsələr də, Şaraanın rəhbərlik etdiyi yeni Suriya hökuməti ölkədən gizli yollarla qaçırılan sərvətlərin izinə düşməyə və geri qaytarmağa çalışır.
TAHİR