İki dövlət Cənubi Qafqazın taleyini birlikdə dəyişir...

Məlum həqiqətdir ki, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan taleyi bir-biri ilə sıx bağlı olan iki qonşu və dost ölkələrdir. Bu gün tam əminliklə demək olar ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bütün sahələrdə uğurla inkişaf edir.
Mixeil Kavelaşvilinin Gürcüstan prezidenti kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi belə deməyə əsas verir ki, rəsmi Tiflis Bakının inkişaf gündəliyini bundan sonra da dəstəkləyəcək.
Bununla yanaşı, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı həm də tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb. Bu məqamı xüsusi vurğulayan prezident İlham Əliyev bildirib: “Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”. Dövlət başçısı onu da diqqətə çatdırıb ki, hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir: “Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”. Qeyd edək ki, ölkələrimizin iştirakı ilə strateji meqa layihələr - Cənub Qaz Dəhlizi, Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa, Bakı-Tiflis-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Bugünkü reallıqları nəzərə alsaq, bu layihələr daha da aktuallaşır. Bundan əlavə, ölkələrimizin enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır.
O da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Ölkələrimiz arasında ticarət əlaqələri gündən-günə genişlənir. Gürcü politoloq Vato Şakarişvili qeyd edir ki, Mixail Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana həyata keçirməsi olduqca mühüm hadisədir: “Bu, bir daha göstərir ki, ölkələrimiz arasında çox möhkəm dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq mövcuddur. Gürcüstan Azərbaycana böyük önəm verir”. Onun sözlərinə görə, bu tərəfdaşlıq təkcə mehriban qonşuluq münasibətlərinə deyil, həm də ümumi maraqlara əsaslanır: “Bizim maraqlarımız bölgədə sülhün qorunmasını, möhkəmləndirilməsini, regionun iqtisadi rifahının təmin edilməsini nəzərdə tutur. Bu isə həm ölkələrimizin, ümumilikdə isə bütün regionun daha da güclənməsi deməkdir. Dünyada böyük dəyişikliklər dövrü yaşanır və bu şəraitdə Cənubi Qafqaz ölkələri arasında tərəfdaşlıq münasibətlərinin mövcud olması çox vacibdir. Biz iqtisadi inkişaf baxımından yeni, əhəmiyyətli layihələr üzərində çalışmalıyıq ki, regionumuzu gücləndirək, birlikdə yeni dünya reallığında ləyaqətli və önəmli yerimizi tutaq. Ümid edirik ki, Mixail Kavelaşvilinin bu səfərindən sonra münasibətlərimizdə yeni səhifə açılacaq və biz daha böyük uğurlara imza atacağıq”. Ümumən Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birini dəstəkləyir. Bundan başqa Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu baxımdan bölgədəki məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasına maraqlıdırlar. Iki ölkə arasında siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qonşu ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan xüsusi yer tutur. Ümumiyyətlə, getdikcə daha sürətlə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətləri dövlətlərimizin və xalqlarımızın maraqlarına tamamilə cavab verir.
Ramil QULİYEV