"Göyçədə bəzi ərazilərin Azərbaycana verilməsinə hazırlıq gedir" - Ermənistanda revanşistlər ayağa qalxır...

Son günlərdə Ermənistanda siyasi sferada vəziyyətin yenidən gərginləşməsi müşahidə edilir. Baş verənlər Azərbaycanla da sülh prosesinə təhdid yaratmaq iqtidarındadır. Belə görünür ki, revanşist qüvvələr indiki vəziyyətdən yararlanaraq hakimiyyəti ələ keçirməyə cəhd edəcəklər. Amma hakimiyyət də buna qarşı müvafiq addımlar atır.
Bunlar fonunda ən çox müzakirə olunan məsələlərdən biri də Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu bildirməsidir. Onun sözlərinə görə, bəyannamənin mətni müstəqil dövlətin mövcudluğu yox, bunun əksidir. Baş nazir buna əsaslanaraq hesab edir ki, yeni konstitusiyada sənədə istinad olmamalıdır. Ermənistanın hazırkı konstitusiyasının preambulasında bildirilir ki, onun əsasında 23 avqust 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsi durur. Orada həmçinin qeyd edilir ki, “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda erməni soyqırımının beynəlxalq tanınmasını dəstəkləyir”. Paşinyan bu xüsusda bildirib: “Mənim fikrimcə, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Lakin qərarı Ermənistan xalqı verməlidir”. Erməni diplomat Edqar Qazaryan isə iddia edir ki, Müstəqillik Bəyannaməsinin konstitusiyadan çıxarılması hazırkı Ermənistan dövlətinin ləğv edilməsi, bu ərazidə yeni dövlətin formalaşması deməkdir: “Ermənistan hakimiyyəti bu addımları ilə Azərbaycanın Zəngəzur, Dərələyəz, Vedi və Bakının Qərbi Azərbaycan adlandırdığı ərazilərə girişinə hüquqi zəmin hazırlayır”. Qazaryan iddia edir ki, hazırda Göyçədə müəyyən ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir: “Göyçədə mina təmizləmə işləri həyata keçirilir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir”. Rusiyanın sərhəd xidmətindən imtina edilməsi haqqında da danışan erməni diplomat onu da iddia edir ki, Ermənistan-Türkiyə sərhədi qanuni olaraq yox olacaq və Ankara istənilən vaxt İrəvana daxil ola biləcək. Onu da xatırladaq ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyası dəyişdirilməli və ATƏT-in Minsk qrupu buraxılmalıdır. İrəvan hər iki tələbi qəbul etməyə hazırdır, lakin əsas qanunun dəyişdirilməsi referendum keçirilməsini tələb edir, onun nəticəsini isə proqnozlaşdırmaq mümkün deyil. Amma Azərbaycan da mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu günlərdə prezident İlham Əliyev məsələ ilə bağlı bildirirb: “Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, o, 17 bənddən ibarətdir. Azərbaycan burada heç bir əlavə şərt irəli sürməyib. Şərtlərimiz Ermənistana məlumdur, onlar yeni deyil”. Dövlət başçısı iki şərti səsləndirib: ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişikliklər: “Bu iki şərt yerinə yetirildikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın meydanındadır”.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün yaradılıb və ona Rusiya, ABŞ və Fransa rəhbərlik edib. Son illər Minsk qrupunun işi faktiki olaraq, dayanıb və o, ancaq kağız üzərində mövcuddur. Bu fonda prezident İlham Əliyev qeyd edir edir ki, Qarabağ münaqişəsini Azərbaycan özü həll edib və əgər münaqişə yoxdursa, onu həll etmək üçün beynəlxalq qrupa da ehtiyac yoxdur. Ermənistanın baş naziri bu tələbi yerinə yetirməyə hazır olduğunu bildirib. Amma qrupun ləğvi üçün Rusiya, Fransa və ABŞ-ın razılığı və növbəti iclası dekabr ayında keçiriləcək ATƏT Nazirlər Şurasının qərarı lazımdır. Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın ikinci şərtinin yerinə yetirilməsi daha az proqnozlaşdırıla bilən və uzun sürən prosesdir. Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana ərazi iddiası var və bakı haqlı olaraq onun çıxarılmasını tələb edir. Azərbaycan diplomatları deyirlər ki, bunsuz sülh mümkün deyil: hətta Paşinyan və onun seçiciləri indi Qarabağdan həmişəlik imtina etməyə hazır olsalar belə, bir gün konstitusiyada bu ərazinin qeyd olunmasından istifadə edəcək revanşistlər hakimiyyətə gələ bilər. sabiq prezident Serj Sarkisyanın iddialrı bunun sübutudur. O, bu günlərdə partiyasının üzvləri və tərəfdaşlarını bir araya toplayaraq, partiyasının 35 illiyini qeyd edib. Burada çıxışı zamanı Ermənistanda təkrar mübarizəyə başlayacaqlarını və mövcud iqtidarın hakimiyyətdən göndərilməli olduğunu söyləyib. O, həmçinin Qarabağ məsələsinin bağlanmadığını və heç vaxt da bağlanmayacağını iddia edib. Bunlar fonunda Ermənistan hökuməti Bakını inandırmağa çalışır ki, narahatlığa əsas olacaq heç nə yoxdur. Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin əsas qanununda başqa ölkələrə qarşı ərazi iddialarının olmaması barədə qərar qəbul edib. Üstəlik, sülh müqaviləsinin mətnində ərazi bütövlüyünün qarşılıqlı tanınması, müqaviləni pozmaq üçün daxili qanunlara istinadın qadağan edilməsi nəzərdə tutulur. Amma revanşistlər fərqli mövqe sərgiləyir. Bu məsələ həllini tapmayana kimi sülh əldə edilməsi də çətin olacaq.
Samirə SƏFƏROVA