Ermənistan sazişdən əvvəl Azərbaycanla kommunikasiyaları açmaq istəyir...

Mehman İsmayılov: “Bu, Azərbaycana qarşı qurulan kombinasiyadır”
Ermənistan sülh sazişi imzalanmadan Azərbaycanla nəqliyyat və kommunikasiya yollarının açılmasına hazırdır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib.
Nazir qeyd edib ki, Antalyada Türkiyə və Azərbaycan XİN rəhbərləri ilə aparılan danışıqlar tərəflərin mövqelərinin daha aydın şəkildə anlaşılmasına imkan verib.
Martın 13-də Ermənistan və Azərbaycan sülh sazişinin mətni üzrə danışıqları tamamlayıblar. Razılaşdırılmış son iki bəndə əsasən, üçüncü dövlətlərin sərhəddə yerləşdirilməməsi və beynəlxalq məhkəmələrə qarşılıqlı iddialardan imtina nəzərdə tutulur.
Bununla yanaşı, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və ATƏT-in Minsk Qrupunun buraxılması tələblərində israrlıdır.
“İndiki mərhələdə biz təklif edirik ki, Azərbaycanla dəmir yolu əlaqəsi, xüsusən də yükdaşımaların həyata keçirilməsi Horadiz-Yerasx (Arazdəyən-İ.S) marşrutu üzrə açılsın”. Bu fikri isə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
Paşinyan vurğulayıb ki, Ermənistan bu gün bu qərarlara doğru irəliləməyə hazırdır.
“Azərbaycanın tələbləri yerinə yetirilməlidir, sülh müqaviləsi imzalanmalıdır, “Zəngəzur dəhlizi” açılmalıdır ki, yerdə qalan kommunikasiyalar da açılsın”
Ermənistanın saziş bağlamazdan əvvəl Azərbaycanla kommunikasiyaları açmaq niyyətinə münasibət bildirən politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, sülh imzalanmasından öncə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsi kimi ideya yeni ideya deyil. “Bu ideyanın lap əvvəldən müəllifi Rusiya Federasiyası idi. Çünki onlar istəyirdilər ki, Ermənistanla Azərbaycan arasında münasibətlər nizamlanmadan öncə kommunikasiyalar açılsın və Ermənistanın Rusiya ilə birbaşa Azərbaycanın ərazisi vasitəsilə həm dəmiryol, həm də avtomobil yolu ilə əlaqələri bərpa edilsin. Ermənistan Rusiya ilə kommunikativ nöqteyi-nəzərdən daha sıx bağlanardısa, Rusiya belə düşünürdü ki, Ermənistanı itirmək şansı azalmış olar. Amma digər tərəfdən, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gecikdirlə bilər, çünki həm Rusiya Federasiyasının prezidenti, həm baş naziri, həm xarici işlər naziri, həm xarici işlər nazirinin müavini səviyyəsində hər zaman fikirlər səsləndirirdilər ki, birinci kommunikasiyalar açılsın, sonra Ermənistanla Azərbaycan arasında xalq diplomatiyası başlasın, ardınca digər məsələlər tənzimlənsin və Qarabağ ermənilərinə veriləcək status sonrakı nəsillərə saxlanılsın. Bu, Rusiyanın mövqeyi idi. İndi Ararat Mirzoyanın da bu fikri irəli sürməsi və söyləməsi ki, biz bu gün sülh sazişi imzalanmadan belə kommunikasiyaların açılmasına hazırıq, əlbəttə, bu, Azərbaycana qarşı qurulan kombinasiyadır. Biz hər zaman o fikrə qarşı olmuşuq, bu gün də ona qarşıyıq”.
M.İsmayılovun sözlərinə görə, Ermənistan Azərbaycanın irəli sürdüyü konstitutsiya dəyişikliyi, Minsk qrupunun buraxılması ilə bağlı və digər şərtlərini yerinə yetirməlidir ki, sülh müqaviləsi imzalansın: “Ondan sonra Türkiyə və Azərbaycanla Ermənistan arasında sərhədlər və kommunikasiyalar açılsın. Yəni Ermənistan istəyir ki, üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirmədən, “Zəngəzur dəhlizini” açmadan, öz konstitutsiyasına dəyişiklik etmədən, Minsk qrupunun buraxılması ilə bağlı müraciət etmədən, yəni Azərbaycanın tələb və şərtlərini yerinə yetirmədən kommunikasiyalar açılsın. Əlbəttə ki, bu, ermənilərin xülyalarıdır. Bu, Azərbaycana qarşı hələ öncədən Rusiya ilə Ermənistanın planlaşdırdığı bir tələ idi və bu tələyə özləri düşdülər. Azərbaycanın tələbləri yerinə yetirilməli, sülh müqaviləsi imzalanmalıdır, “Zəngəzur dəhlizi” açılmalıdır ki, yerdə qalan kommunikasiyalar da açılsın. “Zəngəzur dəhlizi” açılmayacaqsa, Naxçıvan blokadadan çıxmayacaqsa, dəmir yolu və quru yolla Naxçıvanla ana Azərbaycan birləşməyəcəksə nə üçün biz Ermənistanın iqtisadi izoliyasiyadan və kommunikasiya izolyasiyasından çıxmasına kömək etməliyik, nə üçün onlara dəstək verməliyik? Üstəlik də biz bilirik ki, Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması, Azərbaycanla Ermənistanın sərhədlərinin açılması və kommunikasiyaların işə düşməsi Ermənistanı böyük sürətlə irəli aparacaq. Yəni Azərbaycan heç zaman bu şərtə razı olmaz, razı olmamalıdır. Təbii ki, biz hər zaman buna müqavimət göstərmişik. İndi də Ermənistan o vəziyyətdə deyil ki, Azərbaycana qarşı hansısa bir şərt irəli sürə bilsin. Sadəcə, indi Ermənistan rəhbərliyi Azərbaycanın və Türkiyənin rəhbərliklərinə açıq şəkildə yalvarır. Bunu diplomatik şəkildə ifadə edirlər, amma Ermənistanın Azərbaycana və Türkiyəyə sərhədləri, kommunikasiyaları açaq yalvarışları aydın şəkildə sezilir. Amma bu kombinasiyadır, Azərbaycana qarşı qurulmuş tordur, heç zaman Azərbaycan buna getməz və getməməlidir” - deyə M.İsmayılov qeyd etdi.
İradə SARIYEVA