Avropa xəritəyə baxsın - Azərbaycan-Gürcüstan tandeminin nə olduğunu bilər...

İlyas Hüseynov: “Hazırda davam edən qlobal müharibələr, enerji təhlükəsizliyi sahəsində yaranan problemlər kontekstində Azərbaycanla Gürcüstan arasında olan əməkdaşlıq mühüm əhəmiyyətə malikdir”
Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında bildirib ki, iki ölkənin birgə icra etdikləri layihələr daha böyük coğrafiya üçün ciddi önəm daşıyır:
“Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”.
“...Bu səfər müstəvisində də əməkdaşlığımızın daha da dərinləşməsi üçün...”
Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi mühüm əhəmiyyət kəsb edir və rəmzi məna daşıyır. “Bu, Azərbaycanın Gürcüstan üçün bir tərəfdən əhəmiyyətini vurğulayır, digər tərəfdən isə Azərbaycan və Gürcüstan arasında olan strateji münasibətləri əks etdirir. Bizim bölgədə nəqliyyat və enerji sahəsində həyata keçirdiyimiz layihələr qlobal əhəmiyyət daşıyır. Bu layihələr böyük coğrafiyada əməkdaşlığı, iqtisadi fəallığı təşviq edir və dövlətlərimiz, eləcə də xalqlarımız üçün rifahı da müəyyənləşdirir. Bu məsələlərə Mixeil Kavelaşvili öz çıxışında da toxundu. Hesab edirəm ki, hazırda davam edən qlobal müharibələr, enerji təhlükəsizliyi sahəsində yaranan problemlər kontekstində Azərbaycanla Gürcüstan arasında olan əməkdaşlıq mühüm əhəmiyyətə malikdir”.
İ.Hüseynov xüsusilə vurğuladı ki, Azərbaycan, Gürcüstan, Rumınya və Macarıstan arasında yaşıl enerjinin nəqli istiqamətində əldə olunan razılaşma bizim əməkdaşlığımızın gələcək perspektivlərini müəyyən edəcək. “Azərbaycan nəinki ənənəvi neft və qaz ixracatçısı kimi çıxış edir, eyni zamanda alternativ və bərpa olunan enerji sahəsində öz möcudluğunu bir tərəfdən təsidqləyir, digər tərəfdən isə region dövlətlərini də bu böyük işə cəlb edir. Digər məqam bundan ibarətdir ki, Orta Dəhlizin reallaşmasında da Gürcüstan çox fəal iştirak edir. Bu yaxınlarda Mərkəzi Asiyada keçirilən toplantıda Mərkəzi Asiya dövlətləri ilə Avropa İttifaqı arasında önəmli görüş keçirildi və görüşün nəticələri bu gün də Azərbaycan və Türkiyə mediasında müzakirə olunur. Burda Avropa Komissiyasının rəhbəri Ursulla fon der Leyen mövcud reallıqları tamamilə başqa formada əks etdirərək Ermənistana diqqət çəkib. Amma qeyd etmək istəyirəm ki, Gürcüstanla Azərbaycan arasında hazırda mövcud olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhliz müstəvisində əməkdaşlıq üçün münbit bir bazanı yaradıb və bunu Azərbaycan və Gürcüstan öz prinsipial mövqeyi, siyasi iradəsi ilə icra etmişdi və burda qardaş Türkiyə də iştirak edir. Ona görə də burda bizim həyata keçirdiyimiz birgə fəaliyyət, icra edilmiş layihələr gələcək üçün mühüm bazis formalaşdırır və bu gələcək əməkdaşlığın konturları məhz ikitərəfli təmaslar üzərində icra edilir. Düşünürəm ki, bu səfər müstəvisində də əməkdaşlığımızın daha da dərinləşməsi üçün çox önəmli müzakirələr keçirilib” - deyə İ.Hüseynov bildirdi.
İradə SARIYEVA