Aİ Avropa liderlərinə Rusiyaya getməyi qadağan etdi, Slovakiyadan sərt cavab gəldi - 1939-cu ildə yaşamırıq...

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Avropa liderlərinə Rusiyada keçiriləcək Qələbə Günü tədbirlərinə getməmək barədə xəbərdarlıq edib.
Kallas Avropa liderlərinin Qələbənin 80-ci ildönümü mərasiminə qatılmasının xoş qarşılanmayacağını deyib. Ukrayna mayın 9-da Rusiyanın keçirəcəyi mərasimə qarşı əks-aksiya təşkil etmək üçün avropalı müttəfiqlərini Kiyevə dəvət edib. Kallas isə Aİ liderlərini Ukraynanı dəstəkləməyə və Moskvadakı nümayişləri boykot etməyə çağırıb.
Slovakiya lideri Robert Fiko Kallasa isə reaksiya verib. X hesabında paylaşdığı bir yazıda Fiko Kallasın təhdidlərinə "qəti şəkildə qarşı olduğunu" və 9 Mayda Moskvada keçiriləcək Qələbə Günü mərasimində iştirak edəcəyini bildirib.
Kallası şantajda ittiham edən Slovakiya lideri öz paylaşımında yazıb: “Kallasın xəbərdarlığı şantajdır, yoxsa Moskvadan qayıdandan sonra cəzalandırılacağıma bir işarədir? Bilmirəm. Amma 1939-cu ildə yox, 2025-ci ildə olduğumuzu bilirəm”.
Aİ əleyhinə siyasətləri ilə tanınan Macarıstan lideri Viktor Orbanın isə mərasimdə iştirak etməyəcəyi bildirilib. “Macar xalqı üçün İkinci Dünya Müharibəsinin başa çatması müharibədə iştirak edən digər ölkələrlə müqayisədə fərqli məna kəsb edirdi”, - deyə dövlət naziri Qergeli Qulyas bildirib.
Macarıstan Krallığı o zaman müharibədə Ox (Məhvər) dövlətlərinin tərəfində olub.
TAHİR