ABŞ-la ticarət müharibəsində Çinin ən güclü “kozırı” – ABŞ-ın məşhur F-35 qırıcıları da problemlə üzləşəcək...

ABŞ və Çin arasında ticarət böhranı getdikcə daha da dərinləşir. İki gün əvvəl Pekin administrasiyası Çin aviaşirkətlərindən ABŞ firmalarından təyyarə hissələri və avadanlığı almağı dayandırmalarını istəyib. “Bloomberg News” yazır ki, Pekinin bu qərarı Çin aviaşirkətləri üçün texniki xidmət xərclərini əhəmiyyətli dərəcədə artıra və “Boeing”in Çin bazarındakı gələcəyini təhlükə altına qoya bilər. Bunun ardından Ağ Ev Çinə tətbiq edilən bəzi idxal rüsumlarının 245 faizə çatdığını bəyan edib.
CNN yazır ki ki, Çinin nadir torpaq elementləri üzərində hökmranlığı ABŞ-la başlayan ticarət müharibəsində “güclü kozır”dır. “iPhone”lardan tutmuş elektrik avtomobillərinə qədər bir çox cihazın akkumulyatorunda istifadə edilən bu minerallar qabaqcıl texnologiya araşdırmaları üçün həyati əhəmiyyət daşıyır.
Ancaq buna baxmayaraq, nadir torpaq elementlərinin tədarükü sahəsində ABŞ-ın Çinə cavab vermək ehtimalı çox aşağıdır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Çin qlobal nadir torpaq minerallarının 61 faizini istehsal edir və bu elementlərin təxminən 90 faizini emal etmək gücünə malikdir.
Çin Ticarət Nazirliyi ABŞ-a cavab tədbirləri çərçivəsində müdafiə sənayesi və bərpa olunan enerji sektoru sahəsində önəmli rola malik 7 nadir torpaq elementini də ixracına nəzarət tətbiq etdiyi minerallar sırasına daxil edib. Qeyd edilir ki, bu addım Amerikanın müdafiə sənayesi və bərpa olunan enerji sektoruna mənfi təsir göstərə bilər. ABŞ nadir torpaq elementlərinin təxminən 70 faizini Çindən idxal edir və bu minerallar F-35 döyüş təyyarələrində və “Tesla” mühərriklərində də istifadə olunur.
Ancaq bütün bunlara baxmayaraq nə Tramp, nə də Çin lideri Xi Jinping cavab tədbirindən geri çəkilmir. İki ölkə arasında gərginlik getdikcə daha da artır.
TAHİR