Paşinyan Azərbaycanın tələbi ilə bağlı açıq qərar verdi: "Olmamalıdır"...

Ermənistanda revanşist qüvvələr yenidən fəallaşıblar və əsas məqsəd bu ölkədə yenidən hakimiyyəti ələ keçirməkdir. Onlar sırasında yer alan üçüncü prezident Serj Sarkisyan bəyan edib ki, rəhbərlik etdiyi siyasi düşərgənin hakimiyyət dəyişikliyi planları qüvvədədir:
“Məqsədimiz aydın və dəyişməzdir. Hazırda prioritet təslim olan hakimiyyətdən qurtulmaqdır. Bir vaxtlar bizimlə çiyin-çiyinə vuruşanların məqsədi bu gün eyni deyilsə, yollarımız birləşə bilməz”.
Serj Sarkisyan Nikol Paşinyan hökumətini “təslim olan, qırmızı xətləri olmayan” iqtidar adlandırıb. Amma o, bu günlərdə özü ilə ikinci prezident Robert Köçəryanın komanda yoldaşları arasında “Nikolu kim gətirib?” mövzusunda qızğın mübahisəyə də girib.
Partiya üzvlərinin sözlərinə görə, “Serj Nikolu gətirdi” tezisini Robert Köçəryanın aparatı yayır. Serj Sarkisyan həm onun istefaya məcbur edilməsində iştirak edənləri, həm də biganəliklə izləyənləri bundan sonra baş verən hər şeyə şərik olmaqda ittiham edib. O, tənqidlərin keçmiş həmkarlarına da ünvanlandığını gizlətməyib: “Mənə aydındır ki, onlar niyə belə davranırlar və ya 2018-ci ildə hakimiyyət ələ keçirənləri dəstəkləmək üçün öz addımlarını ört-basdır etməyə çalışırlar və ola bilsin ki, sadəcə olaraq qarşıdan gələn seçkilər öncəsi müxalifətin səslərini oğurlamağa çalışırlar. Yaxın keçmişlərini təmizləmək üçün qəsdən “Nikolu gətirmisən” tezisini dönə-dönə ortaya atırlar”. Sarkisyan Ermənistan Respublika Partiyasının yaradılmasının 35-ci ildönümünə həsr olunmuş iclasda yenidən hakimiyyətə qayıtmaq niyyətini açıq şəkildə bildirirb. Baş nazirliyinin 7-ci günündə istefa verən Serj Sarkisyan 2018-ci ildə baş verənləri hakimiyyətin ələ keçirməsi kimi dəyərləndirib. O, hakimiyyəti təslimçilikdə də ittiham edib: “Yalan yarışması olsaydı, bu hakimiyyət dünya çempionu olardı. Onlar sülh vəd etdi, müharibə aldıq; onlar firavanlıq vəd etdilər, mühacirət aldıq; Qarabağı müdafiə edəcəklərini vəd etdilər, Qarabağı təslim etdilər”. Parlamentin sədr müavini Ruben Rubinyan Serj Sarkisyana cavab verib: “2018-ci ildə Nikol Paşinyanın parlamentə seçilməsini məhz respublikaçılar təmin etdi. Əgər hakimiyyətin ələ keçirilməsi olubsa, deməli, Serj Sarkisyan həmin hakimiyyətin ələ keçirilməsində iştirak edib. Əgər bunu kənardan başqa qüvvələr edibsə, deməli, Serj Sarkisyan və Respublika Partiyası kənardan həyata keçirilən çevrilişdə iştirak edib”. Müxalifətin gələn il keçiriləcək seçkilərdə niyə uğur qazanmayacağı ilə bağlı suala Rubinyan belə cavab verib: “Əlbəttə, onların cəhdi heç bir nəticə verməyəcək, çünki xalq, məsələn, Serj Sarkisyan haqqında yumşaq desək, yaxşı fikirdə deyil”.Əksəriyyəti “Daşnaksütyu”n partiyasının təmsilçiləri olan Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” fraksiyası isə Sarkisyanın ittihamlarına əvvəlki fəallığı ilə cavab verməyib. Bunlar fonunda Nikol Paşinyan bildirir ki, Azərbaycanla sülhün əldə edilməsi onun hakimiyyətinin əsas məqsədlərindən biridir və keçmiş hakimiyyət nümayəndələrinə fikir vermək niyyətində deyil.
Bu arada baş nazir Nikol Paşinyan bəyan edib ki, onun fikrincə, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır: “Ancaq Ermənistan xalqı qərar verir, lehinə və əleyhinə arqumentlər gətirən isə təbii ki, siyasi qüvvələrdir. Bu, mənim siyasi mövqeyimdir". O, bəyannamənin mətnində Ermənistanın müstəqil dövlətçiliyinin ola bilməyəcəyinin qeyd olunduğu Bəyannamə ilə bağlı əvvəlki fikrini xatırladıb: “Ona görə də mənim fikrimcə, bəyannaməyə istinad edilməməlidir, qərar verən xalqdır, amma bu, bizim siyasi qərarımızdır”. Qeyd edək ki, sözügedən Müstəqillik Bəyannaməsində Qarabağ və Ermənistanın birləşdirilməsindən bəhs edilirdi ki, Azərbaycan tərəfi də məhz bunun dəyişdirilməsini tələb edir. Paşinyan vurğulayıb ki, yeni konstitusiyanin qəbulu məsələsi inqilabdan dərhal sonra onların hökumətinin gündəmində olub: “Hələ 2020-ci ildə fevral ayında verdiyim müsahibədə mən özüm də bu məsələyə toxunmuşdum, belə bir problemin olduğunu demişdim. “Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümünə həsr olunmuş müraciətimdə bildirmişdim ki, bu sənədi oxuyarkən belə qənaətə gəlmişəm: bu mətn müstəqil, suveren Ermənistan Respublikasının mövcud ola bilməyəcəyini ehtiva edir. Əgər mən bunu deyirəmsə, deməli, yeni Konstitusiya mətnində həmin Bəyannaməyə istinad olmalı olduğunu iddia edə bilmərəm. Əksinə, deyə bilərəm ki, mənim fikrimcə, yeni konstitusiyada bu sənədə istinad olmamalıdır. Amma qərarı Ermənistan xalqı verəcək. Təbii ki, “lehinə” və “əleyhinə” arqumentləri siyasi qüvvələr təqdim etməlidirlər”. Paşinyan bildirib ki, bu məsələyə yalnız Azərbaycanın tələbi prizmasından deyil, Ermənistanın daxili ictimai-siyasi reallıqları kontekstində yanaşır: “Biz iki məsələni ayırmalıyıq: Azərbaycanın sülh prosesinə və Ermənistan Konstitusiyasının mətninə münasibəti. Bu, bizdə 2018-ci il inqilabından dərhal sonra gündəmdə olan məsələdir. Hələ 2020-ci ilin fevralında bir müsahibəmdə də bu barədə danışmışdım”. Yeni konstitusiyanin nə vaxt qəbul ediləcəyi ilə bağlı suala cavab olaraq Paşinyan konkret tarix verməyib: “Referendumun nə vaxt keçiriləcəyinə dair dəqiq söz deyə bilmərəm. Fərqli fikirlər var, müzakirələrdən sonra ortaq nəticəyə gələcəyik”. Paşinyan yeni konstitusiyanin hazırlanamsının zəruriliyini belə izah edib: “Mənim gördüyüm əsas problem odur ki, bizdə Ermənistan Respublikasının hüquqi quruluşu ilə Ermənistan Respublikası vətəndaşları arasında üzvi əlaqə pozulur və mən bunu hər gün görürəm”.
Nahid SALAYEV