Eyni anda sülh sazişi imzalanır və Minsk Qrupu buraxılır - buna gedəkmi?

Bəhruz Quliyev: “Ermənistan tərəfinə etibar məsələsində ciddi ehtiyatlılıq zəruridir”
“Ermənistan eyni vaxtda Azərbaycanla sülh sazişini imzalamağa və ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır”. Bunu Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, İrəvan Qarabağ münaqişəsinin bitməsini nəzərə alaraq, Minsk Qrupunun fəaliyyətinə son qoyulmasının zəruriliyi ilə bağlı Bakının mövqeyini başa düşür: “Biz Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük. Doğrudan da, əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, o zaman bizə onun həlli ilə bağlı format nəyə lazımdır?”.
Ermənistanın Baş naziri hər iki prosesin - sülh müqaviləsinin imzalanması və ATƏT-in Minsk Qrupunun ləğv edilməsinin sinxronlaşdırılmasını təklif edib. Onun fikrincə, onlar eyni gündə baş verməlidir. Paşinyandan əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, müqavilə imzalandıqdan sonra elə həmin gün, 10 dəqiqə əzində Minsk qrupunun ləğvi üçün sənədləri təsdiqləmək mümkündür.
Maraqlıdır, Azərbaycan bununla razılaşa bilərmi? Nə dərəcədə erməni tərəfinə etibar etmək olar?
“Əsas məsələ İrəvanın bu mövqeyində nə dərəcədə səmimi olması və bu addımların real nəticələrə yönəlməsidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev buna bir neçə aspektdən yanaşdı: “Əvvəlcə qeyd edim ki, Ermənistan Baş naziri Nikol Paşinyan 2020-ci ildə Azərbaycan ordusunun verdiyi 44 günlük dərsdən sonra sülh bağlanmasının vacibliyini dərk etdi. Müxtəlif vaxtlarda mediaya verdiyi açıqlama və Ermənistan parlamentindəki son çıxışı bölgədə davamlı sülhə doğru müəyyən addımların atıldığını göstərsə də, bu təkliflərin nə qədər səmimi və real olduğu sual doğurur. Paşinyanın həm sülh müqaviləsinin imzalanması, həm də ATƏT-in Minsk Qrupunun ləğvini sinxron şəkildə həyata keçirmək çağırışı Azərbaycan ictimaiyyəti və siyasi dairələri üçün diqqətlə təhlil edilməlidir. Azərbaycan tərəfi uzun illərdir Minsk Qrupunun fəaliyyətsizliyini və nəticəsiz missiyasını əsas gətirərək onun ləğvini tələb edirdi. Bu baxımdan, Ermənistanın bu təklifi Bakı üçün prinsipial olaraq qəbuledilməz deyil. Lakin əsas məsələ Ermənistanın bu mövqeyində nə dərəcədə səmimi olması və bu addımların real nəticələrə yönəlməsidir”.
Politoloq B.Quliyevin fikrincə, reallıq budur ki, Azərbaycanın Qarabağ üzərində suverenliyi tam bərpa olunub: “Və bu, beynəlxalq hüquqa əsaslanır. Bu səbəbdən sülh sazişi yalnız bir nəticə sənədi kimi – faktiki reallığın hüquqi təsdiqi olaraq qəbul edilməlidir. Bununla belə, nəzərə almalıyıq ki, Ermənistan tərəfinə etibar məsələsində ciddi ehtiyatlılıq zəruridir. Son illərdə İrəvanın tez-tez dəyişən mövqeyi, daxili siyasi təzyiqlərlə yönlənən bəyanatları və təxribatçı ritorikaları Bakı üçün ehtiyatlı mövqe tələb edir. Sülh yalnız sözlə deyil, əməli fəaliyyətlə möhkəmləndirilməlidir. Əgər Ermənistan doğrudan da bölgədə sabitlik və əməkdaşlıq istəyirsə, bu zaman sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiya xətlərinin açılması və qarşılıqlı suverenliyə hörmət prinsipləri əsasında konkret addımlar atmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan öz mövqeyində ardıcıl və prinsipial olmalıdır: sülh istəyiriksə, o zaman reallıqlar əsasında, birtərəfli güzəştlər olmadan və etimad tədbirləri ilə müşayiət olunan danışıqlara üstünlük verilməlidir. Əks halda bölgədə sabitliyə nail olmaq mümkün deyil”.
Vidadi ORDAHALLI