“Vardanyan buraxılmasa, Tramp Bakı-İrəvan sazişini tanımayacaq” - vəkilin dayaz şantaj oyunu...

Akif Nağı: “Tramp heç bir yerdə heç bir eyham, işarə də vurmayıb ki, guya bu ermənilərin taleyi ilə bağlı sülh müqaviləsinin qarşısını kəsən mövqe tuta bilər”
Bakı məhkəməsində müttəhim kürsüsündə əyləşən Ruben Vardanyanın vəkili Jared Genser absurd fikirlərlə çıxış edib. O, R.Vardanyanı və digər erməni əsilli şəxsləri “siyasi məhbus” kimi qələmə verərək “Novaya qazeta”ya deyib ki, təkcə Rubenin deyil, həm də Azərbaycanın saxladığı bütün erməni “xristian siyasi məhbusların” azad edilməsi üçün çox fəal işləyirlər.
Bu adam deyib ki, Tramp seçki öncəsi “təqib olunan xristianları müdafiə edəcəyini bildirib”.
Vəkil bildirib ki, Tramp administrasiyası “siyasi məhbusların” azad edilməsinin onun üçün prioritet olduğunu artıq açıq şəkildə bəyan edib.
Vəkil iddia edib ki, Bakıda məhkəməsi gedən erməni əsilli şəxslər azadlığa buraxılmasa ABŞ prezidenti D.Tramp Ermənistanla Azərbaycan arasında sülh sazişini dəstəkləməyəcək.
Vardanyanın vəkili iddia edib ki, Bakı "siyasi məhbusları" buraxmasa Trampın sülh sazişini dəstəkləyəcəyinə inanmır. Onlar Bakıda məhkəməsi gedənləri "siyasi məhbus" kimi qələmə verirlər. Guya ittiham olunan ermənilərin azad olunması Trampın marağındadır.
“Vardanyanın vəkili Trampın adından istifadə edərək siyasi möhtəkirlik edir ki...”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Vardanyanın vəkilinin iddiaları tamamilə absurddur, o insanlar siyasi məhbus deyillər və konkret cinayət maddələri ilə ittiham olunan şəxslərdir. “Ermənilər və onların havadarları qanuni əsaslarla, beynəlxalq hüquq normalarına riayət etməklə Azərbaycan qanunları əsasında Bakıda mühakimə olunan erməni əsilli şəxslərlə bağlı spekulyasiyalarını, siyasi möhtəkirliklərini davam etdirirlər. Bu məsələni müxtəlif formalarda qaldırırlar. Məqsəd ondan ibarətdir ki, Azərbaycana qarşı hansısa təzyiq vasitəsi tapsınlar. Təzyiq vasitəsi kimi də hərbi canilərin məhkəmə prosesindən yararlanmağa çalışırlar. Yəni Bakıda mühakimə olunan ermənilərin azadlığa çıxması, Ermənistana getməsi onlar üçün maraqlı deyil. Hamısı çox yaxşı bilir ki, burda heç bir süni proses yoxdur və bu şəxslər Azərbaycana qarşı bu və digər formada cinayətlər törədiblər, hərbi cinayətlərə əl atıblar. Bütün dünya da bilir ki, cinayət törədənlər qanun qarşısında cavab verməlidir, xüsusilə də hərbi cinayət törədənlər hökmən cəzasına çatdırılmalıdır. Dinc əhaliyə qarşı terrorda, qətliamda iştirak etmiş şəxslər cavab veməlidir. Hesab edirəm ki, bunu hər kəs başa düşür, yaxud başa düşməlidir.
Vardanyanın vəkili Trampın adından istifadə edərək siyasi möhtəkirlik edir ki, guya Tramp onların azadlığa çıxmasında maraqlıdır, bu prosesləri izləyir. Belə bir əlamət yoxdur ki, Tramp administrasiyası bu məsələyə hansısa bir münasibət bildirsin. Hələ indiyə qədər elə bir mövqe ortada yoxdur. Avropadan, xüsusən də Fransadan və ona bənzər ölkələrdən müəyyən mesajlar gəlir. Bunun da erməni lobbisinin təsiri altında baş verdiyi aydındır. İndiyə qədər Avropa regional təşkilatları tərəfindən münasibət bildirilib. Avropa Şurası, Avropa İttifaqı bu məsələyə müəyyən reaksiya verib, Azərbaycana təzyiq etməyə çalışıblar.
Bu yaxınlarda da BMT-nin insan haqları üzrə ali komissarı çox qərəzli bir mövqe ilə çıxış etdi. Aydın şəkildə görsənir ki, bu, ermənilərin sifarişi ilə həyata keçirilir. Bu da ondan irəli gəlir ki, onların erməni mərkəzlərindən təmannaları, umacaqları var.
Amma ABŞ-ın bu barədə hər hansı bir reaksiyası yoxdur və fikrimcə, onlar düzgün mövqedədirlər. Tramp administrasiyası Bayden administrasiyasnın buraxdığı səhvləri təkrar etmir, bölgədə obyektiv mövqe tutmağa çalışırlar. O cümlədən, Azərbaycanın mövqeyi ilə bağlı yalnız müsbət reaksiyalarını görürük. Trampın Azərbaycan Prezidenti ilə artıq müəyyən təmasları var, Tramp İlham Əliyevi təbrik etdi. Təbrik məktubundan da aydın görsənir ki, siyasi amillər nəzərə alınır. Bu gün Azərbaycanın regiondakı rolu ilə ABŞ da hesablaşır. Bilirsiz ki, ABŞ rəhbərliyi tarif siyasətində Azərbaycana fərqli bir münasibət sərgilədi. Bu da az şey deyil. Onlar obyektiv mövqedən çıxış etməyə çalışırlar. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və bu proseslərdə 30 il ərazində Azərbaycana qarşı cinayət törədən şəxslərin cəzalandırılması ilə bağlı obyekrtiv mövqe tuturlar, hər şeyə anlayışla yanaşırlar. Hələlik heç kəs deyə bilməz Trampın mövqeyində Azərbaycana qarşı hansısa məqam var.
Vəkil bunları “siyasi məhbus” kimi qələmə verir, onların harası siyasi məhbusdur?”- deyən A.Nağının sözlərinə görə, Vardanyanın vəkilinin fikirlərində, açıqlamalarında heç bir məntiq yoxdur.
A.Nağı əlavə etdi ki, Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə Bakıda ittiham olunan şəxslərin heç bir aidiyyəti yoxdur. “Vardanyanın vəkili öz adından danışıb, Trampın adından nə o, nə də bir başqası danışa bilməz. Vəkil öz fikrini deyə bilər ki, Bakıda məhkəməsi gedən şəxslər azadlığa buraxılmasa guya Tramp sülh sazişini tanımayacaq. Halbuki, Trampın elə bir fikri yoxdur. Ümumiyyətlə, regionda gedən prosesləri tam olaraq Azərbaycanın ixtiyarına buraxdı. Nə Tramın özü, nə də ətrafındakılar belə bir fikir səsləndirməyiblər. Tramp administrasiyası istəyir ki, sülh müqaviləsi imzalansın. Çünki deyiblər ki, regionda sülh müqaviləsinin imzalanması vacibdir. Amma onun üzərində təkid etmirlər, üzərinə gəlmirlər. Çünki Trampın indi başqa qayğıları var. Bütün dünyaya qarşı “tarif müharibəsi” başlayıb, İranla, qonşuları Kanada və Meksika ilə problemləri var, Avropa ilə qarşıdurma şəraitindədir, Yaxın Şərqdə problemlər mövcuddur. Belə bir vəziyyətdə onlar üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ən axırıncı yerdə dayanan məsələdir. Tramp heç bir yerdə heç bir eyham, işarə də vurmayıb ki, guya ermənilərin taleyi ilə bağlı sülh müqaviləsinin qarşısını kəsən mövqe tuta bilər. Qətiyyən belə bir məsələ yoxdur” - deyə A.Nağı bildirdi.
İradə SARIYEVA