Azərbaycan Çini Avropaya, Çin isə Azərbaycanı Cənub Şərqi Asiyaya bağlayacaq...

Bu gün dünyanın ən böyük ixracatçı ölkəsi kimi tanınan Çinin xüsusi maraq dairəsində olan məsələlərdən biri də dünya bazarlarına məhsullarını ən sərfəli marşrutlar üzərindən çıxarmaqdır. Çinin artan ixracatı fonunda ölkələrin əksəriyyəti Çin məhsullarını öz əraziləri üzərindən daşımaqda maraqlıdır.
Amma bu sırada əsas üstün mövqedə ola ölkə qismində Azərbaycan çıxış etməkdədir. Pekin burada onu da nəzərə alır ki, Çindən gələn malların Avropaya daşınması üçün Azərbaycanda mükəmməl infrastruktur yaradılıb.
Hazırda Çinin Azərbaycan üzərindən Avropaya çıxmasına daha böyük ehtiyacı yaranıb. Qeyd edək ki, Çin lideri Si Cinpin Cənub-Şərqi Asiyanın ixraca ən çox bağlı olan ölkələrinə strateji əhəmiyyətli səfər turu çərçivəsində Vyetnamda olarkən çoxtərəfli ticarət sisteminin qorunmasının vacibliyini vurğulayıb. Onun bu səfəri ABŞ ilə qlobal ticarət gərginliyi fonunda baş tutur. Vyetnama ikigünlük dövlət səfəri ilə başlayan tur çərçivəsində Cinpin Malayziya və Kambocaya da gedəcək. Səfərin məqsədi regionda sərt tariflər tətbiq edən ABŞ-dən fərqli olaraq Çini sabit və etibarlı tərəfdaş kimi təqdim etməkdir. Cinpin səfəri ərəfəsində Vyetnamın dövlət mediasında dərc olunan məqaləsində yazıb: “Ticarət müharibələrinin və tarif qarşıdurmalarının qalibi olmur, proteksionizmin isə çıxış yolu yoxdur”. Pekin və Hanoy arasında 45 sənəd imzalanıb, lakin bu razılaşmaların hamısının detalları hələ açıqlanmayıb. Cinpin Vyetnamla Çin arasında 8 milyard dollar dəyərində yeni dəmiryol layihəsinin təməlqoyma mərasimində də iştirak edib. Bu layihə Çinin qlobal infrastruktur strategiyası olan "Bir kəmər, bir yol” təşəbbüsünün tərkib hissəsidir. ABŞ-ın qlobal tariflərinin elanından əvvəl planlaşdırılsa da, səfər indi Vaşinqton və Pekin arasında dərinləşən ticarət müharibəsi fonunda Çinin cazibəsinin təşviqinin bir hissəsinə çevrilib. Sözügedən ticarət qarşıdurması çərçivəsində ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara 145 faiz, Pekin isə buna cavab olaraq ABŞ mallarına 125 faiz tarif tətbiq edib.
ABŞ-nin qlobal tariflərinə 90 günlük fasilə verilməzdən əvvəl Vyetnam və Kambocaya, müvafiq olaraq, 46 faiz və 49 faiz tariflər tətbiq edilmişdi. Hər iki ölkənin - həm Çin, həm də ABŞ ilə əhəmiyyətli iqtisadi tərəfdaşlıqları olduğu üçün onlar iki güc arasında münasibətlərdə diqqətli bir tarazlıq saxlayırlar. Tariflərin səbəb olduğu xaos fonunda Çin, həmçinin Avropaya da yol axtarır. Cinpin aprelin 11-də Pekində İspaniyanın baş naziri Pedro Sançesi qəbul edib. Görüş zamanı o deyib ki, Çin və Avropa İttifaqı birtərəfli təzyiq siyasətinə birgə qarşı çıxmalıdır. Çin baş naziri Li Çian isə keçən həftə Avropa Komissiyasının 0prezidenti Ursula Fon der Lyayen ilə telefonla danışıb. O, danışıq zamanı güclü, islahat aparılmış ticarət sisteminin azad, ədalətli və bərabər şərtlər üzərində qurulmasının vacibliyini vurğulayıb. Avropa Siyasəti Təhlili Mərkəzinin (CEPA) baş tədqiqatçısı Keytlin Qarman bildirib: “ABŞ tarifləri, həqiqətən də, mövcudluq məsələsi kimi qəbul edilirdi. Qarşılıqlı tariflər üzrə fasilənin tətbiqinə baxmayaraq, gələcək tariflər təhdidi ilə bağlı hələ də qeyri-müəyyənlik hissi var. Siz qısa və uzunmüddətli ssenariləri görə bilərsiniz. Siyasi qərarlar ABŞ ilə yeni bir qarşıdurma nöqtəsi açmaq potensialı və ticarət müharibəsinin böyümə riskini nəzərə alaraq qiymətləndirilməlidir”. Prezident Tramp tariflərin məqsədinin ABŞ-nin ticarət kəsirini birdəfəlik aradan qaldırmaq olduğunu söyləyib. O hesab edir ki, bu qərar daha çox istehsalın ABŞ-a qayıtmasına, ölkədə iş yerlərinin yaradılmasına və ABŞ pullarının Çinə axınının qarşısını almağa kömək edəcək. Tariflər həm də Vaşinqtonun dünyanın əksər ölkələri ilə ticarət əlaqələrini yenidən qurmaq üçün danışıqlar aləti kimi görünür.
Hazırda 70-ə yaxın ölkənin tariflərin yüngülləşdirilməsi ilə bağlı Vaşinqtonla danışıqlar apardığı deyilir. ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, bu ölkələr ABŞ ilə birlikdə Çinə bir qrup olaraq yanaşmalıdır. Lakin Asiyanın bir çox ölkəsi yüksələn tariflərlə qarşı-qarşıyadır və 90 günlük fasilənin sonunda tariflərin tam şəkildə bərpa ediləcəyi təqdirdə necə reaksiya verəcəklərini müzakirə edirlər. Bu şəraitdə Pekin Cənub-Şərqi Asiyada strateji qonşuları ilə münasibətlərini və mövqeyini möhkəmləndirməyə çalışır. Vyetnam və regiondakı bir sıra ölkələr ənənəvi olaraq Çin və ABŞ arasında tərəf tutmaqdan çəkiniblər. Vaşinqton Cənub-Şərqi Asiya üçün vacib ixrac bazarı və mübahisəli Cənubi Çin dənizində Pekinin iddialığına qarşı təhlükəsizliyi təmin edən tərəfdaşdır. Bununla belə, regiondakı ticarət Çinə sıx bağlıdır və regional blok olan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələr keçən il Çin ixracatının ən böyük alıcıları kimi qeydə alınıb. Vyetnam Tramp administrasiyası ilə ticarət əlaqələrini müzakirə prosesindədir və baş nazirin müavinini artıq Vaşinqtona göndərib. Vyetnam hökuməti 46 faizlik rüsumun yenidən tətbiq olunmaması üçün müdafiə sistemləri də daxil olmaqla daha çox ABŞ malları alacağını vəd edib. ABŞ-a ixracat Vyetnamın ümumi daxili məhsulunun 30 faizini təşkil edir. Həmçinin son illərdə Çinin bir çox şirkəti Vaşinqtonun tətbiq etdiyi tariflərdən yayınmaq üçün Vyetnama köçüb ki, bu da ölkənin iqtisadiyyatına müsbət təsir edib. Pekin ABŞ tariflərindən sonra diplomatik mənada faydalanmaq üçün geniş şəbəkə qurmağa çalışır. Keçən həftə Çin Malayziya, Səudiyyə Ərəbistanı və Cənubi Afrika Respublikası ilə videozənglər vasitəsilə müzakirələr aparıb. Cinpin İndoneziya prezidenti Prabovo Subianto ilə telefonla danışığında bildirib ki, Pekin İndoneziya ilə strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindədir. Brüssel isə iyulda Avropa İttifaqı-Çin sammitinə ev sahibliyi etməyi planlaşdırır. Həmçinin, Avropa İttifaqı bəyan edib ki, blok Çindən idxal edilən elektrikli avtomobillərə tətbiq etdiyi tariflərə görə yaranan mübahisəni çözmək üçün Pekinlə danışıqları bərpa etməyə razıdır. Aİ müvafiq tariflə bağlı qərarı 2024-cü ildə qəbul edib. İspaniya baş naziri Sançesin Pekin səfəri də manşetlərə çıxıb, o, ABŞ ilə münasibətlərdə yeni reallıqlara uyğunlaşarkən Avropanı Çinlə münasibətlərini bir daha nəzərdən keçirməyə çağırıb. Bu şərhlərə ABŞ maliyyə naziri Bessent etirazla cavab verib. O, Pekinlə əməkdaşlığı “öz boğazını kəsmək” ilə müqayisə edib. Analitiklər bildirir ki, Brüssel və Pekin arasında yaxınlaşma ehtimalı yoxdur. Çünki Çin Ukraynadakı müharibədə Rusiyanı dəstəkləməklə Avropa İttifaqı ilə münasibətləri ciddi şəkildə zədələyib. Lakin Trampın tariflərlə bağlı təhdidləri, eləcə də Ukraynadakı müharibəni necə bitirmək barədə ABŞ ilə bağlı fikir ayrılığı Avropa hökumətlərini xarici siyasətlərini tənzimləməyə vadar edir. Bu da onların Asiyada Hindistan, Yaponiya və Cənubi Koreya kimi və Avropada Norveç və Britaniya kimi digər oxşar düşüncəli tərəfdaşlarla daha sıx ticarət tərəfdaşlığı qurmağa imkan verə bilər. Avropa Parlamentinin keçmiş üzvü Reynhard Butikofer bildirib: “Avropa, oxşar fikirdə olan tərəfdaşlar vasitəsilə ticarəti möhkəm şəkildə təşviq etməyə sərmayə qoyacaq. Avropa İttifaqı çox fəal bir ticarət siyasəti həyata keçirəcək və yeni ticarət razılaşmaları imzalamağa çalışacaq”.
Nahid SALAYEV