Paşinyan Konstitusiya dəyişikliyini bu dəfə də "hərb, ya sülh" arasında seçimə bağladı...

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, o da faktdır ki, barış sazişinin imzalanması və davamlı sabitlik üçün digər bəzi məsələlər də öz həllini tapmalıdır.
Xüsusilə də Ermənistanın Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması, Minsk qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvi üçün müvafiq addımların atılması burada əsas önəm kəsb edir. Belə görünür ki, Ermənistan bu məsələlərdə başqa çıxış yolu olmadığını yaxşı başa düşür. Hər halda Ermənistanın baş naziri Nikol Paşinyanın dedikləri də bu qənaəti gücləndirir.
Paşinyan bildirir ki, Ermənistan Azərbaycanla eyni zamanda sülh sazişi imzalamağa və ATƏT-in Minsk qrupunu ləğv etməyə hazırdır: “Azərbaycan rəsmi səviyyədə sazişin imzalanmasını iki məsələ ilə əlaqələndirir - onlardan biri ATƏT-in Minsk qrupunun strukturlarının buraxılmasıdır. Mən dəfələrlə bəyan etmişəm ki, bu gündəm Ermənistan Respublikası üçün məqbuldur. Əgər biz Qarabağ münaqişəsi səhifəsini bağlayırıqsa - biz bunu edirik, Qarabağ münaqişəsi ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var? Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük. Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılmasını təklif edirik - yəni hər iki sənədin eyni gündə imzalanmasını”. Paşinyan konstitusiya məsələsinə də toxunaraq bildirib ki, Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq. O qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq. O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir. Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb. Qeyd edək ki, daha əvvəl Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da maraqlı açıqlamalar verib. Erməni nazir ATƏT Minsk qrupunun buraxılması barədə sənədin sülh razılaşması ilə birlikdə imzalanmasını təklif edib:
“Bu strukturlar münaqişə olmadığı zaman ləğv edilə bilər. Maraqlı sual budur ki, bizim münaqişəmiz var, yoxsa yox? Yerdə bizim de-fakto münaqişəmiz yoxdur. Kağız üzərində isə imzalanmış və rartifikasiya edilmiş sülh və dövlətlərarası əlaqələrin bərpasına dair razılaşmamız yoxdur. Bizim üçün həll aydındır – biz razılaşma imzalamalıyıq. Münaqişəyə institusional qaydada son qoymalıyıq və istəyirsinizsə Minsk qrupunu elə eyni gündə də ləğv edə bilərik. 10 dəqiqə ara ilə. Bir sənədin ardınca digəri. Mən hətta demirəm ki, hansı sənəd birinci imzalanmalıdır”. O bildirib ki, Bakı ilə sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik: “Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm İrəvan, həm də Bakı üçün uyğun olan istənilən üçüncü ölkə də. Bütün bunlar müzakirə mövzusu ola bilər”.
Bir daha xatırladaq ki, bu gün sülh gündəliyində həll olunmamış iki əsas məsələ var. İlkin olaraq tələb edilən əsas məsələ ərazi iddialarından əl çəkilməsi ilə bağlı hüquqi öhdəliyin götürülməsidir. Belə ki, Ermənistan tərəfi Müstəqillik Aktına və bu akta istinad olunan konstitusiyanın preambula hissəsinə müvafiq qaydada dəyişiklik etməlidir. Bu, hər hansı bir qeyri-adi tələb deyil. Heç bir ölkə başqa suveren dövlətin ərazisinə iddia irəli sürə bilməz və bu iddia heç bir halda həmin dövlətin ali qanunu hesab olunan Konstitusiyasında əks oluna bilməz. Deməli, Ermənistanla ola biləcək davamlı sülhün başlıca şərti məhz bu tələbin yerinə yetirilməsidir. Digər tərəfdən bugünkü reallıqlar fonunda ATƏT-in Minsk qrupunun formal olsa belə mövcudluğuna heç bir ehtiyac yoxdur. Bundan əlavə, Ermənistanın dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan Azərbaycan diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Amma onların da fəaliyyətinə son verilməsi zəruridir və bu, sülh üçün lazımdır. Azərbaycan, əlbəttə, yeni qarşıdurma istəmir. Amma Ermənistan bu gün xeyli dərəcədə üçüncü güclərin, o cümlədən Fransanın təsiri altındadır. Rəsmi Paris isə İrəvan vasitəsilə bölgədə yeni gərginlik yaratmaq üçün bütün imkanlardan istifadə edir. Sözsüz ki, Ermənistanın hərbi-siyasi təxribatlarına qarşı Azərbaycan sonadək dözümlü yanaşmayacaq. Beləliklə, indi İrəvan seçim qarşısındadır: ya sülhü, ya da savaşı seçməlidir. Azərbaycan isə bütün məsələlərin sülh yolu ilə həllini istəyir və Ermənistana da müvafiq şans verir.
Ramil QULİYEV