Köçkün hüquqları insan hüquqlarının təmin edilməsinin yüksək nəticələrindən biridir...

İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması Azərbaycanın əldə etdiyi əsas nailiyyətlər sırasında yer alır.
Burada bir məqam xüsusi qeyd olunamlıdır ki, Azərbaycanı beynəlxalq arenada insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması kimi istiqamətlərdə nümunəvi modellərdən birini yaradıb. Qeyd edilən sahədə əldə edilən ən böyük nailiyyətlərdən biri isə keçmiş məcburi köçkünlərin doğma torpaqlarında yaşam hüququnun bərpa olunmasıdır.
Keçmiş məcburi köçkünlərin qayıdış hüquqları bərpa edilir
Qayıdış hüququ ilə bağlı bəlkə də ən uğurlu nümunə Azərbaycanda keçmiş məcburi köçkünlərlə bağıdır. Xatırladaq ki, prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Bu prioritetlər əsasında Azərbaycan prezidentinin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlanıb.
Proqramın əsas üstün cəhətlərindən biri konkret fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin gözlənilməsidir. Qeyd edək ki, proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir. Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir. Burada qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1948-ci ilin dekabrında qəbul edilmiş 194 saylı qətnaməsində “evlərinə qayıtmaq və qonşuları ilə sülh şəraitində yaşamaq istəyən qaçqınlara mümkün olan ən qısa müddətdə bunu etməyə icazə verilməlidir” qeyd edilir. Bununla belə, dünyada buna nail olunmasını göstərən az nümunə var. Dövlət Proqramının icrası çərçivəsində isə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət‒özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması da xüsusi diqqət mərkəzində yer alır. Xatırladaq ki, 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarında yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilib, təbii sərvətlər talan olunub, tarixi-mədəniyyət və dini abidələrə, ətraf mühitə ciddi ziyan vurulub. İndi ərazilərin bərpası proqramı çərçivəsində zəruri infrastrukturun yaradılmasının prioritetliyi təmin edilir. Ümumən isə Böyük Qayıdışa dair Dövlət Proqramına əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin - 8 şəhər, 8 qəsəbə və 84 kəndin bərpa edilməsi nəzərdə tutulub.
Qərbi azərbaycanlıların da doğma yurdlarına qayıtmaq hüququnun bərpası prioritetdir
Bu gün qayıdış hüququ barışıq, ədalət və sülh quruculuğu üçün də olduqca mühümdür. Hüquq müdafiəçiləri bəyan edirlər ki, geri qayıtmağın tanınması və asanlaşdırılması həm də insanların ləyaqətinin bərpası istiqamətində mühüm addımdır. Bir çox köçkün fərdlər üçün geri qayıtmaq hüququ şəxsiyyət, yaddaş və itirilmiş vətəni geri qaytarmaq ümidi ilə bağlıdır. Eyni zamanda, praktiki və ədalətli həllə nail olmaq üçün tarixi narazılıqları cari reallıqlarla balanslaşdırmaq lazımdır. Qərbi azərbaycanlıların da bu fonda doğma yurdlarına qayıtmaq hüququnun bərpası mühüm önəm kəsb edir.
Hazırda Ermənistan bu prosesi əngəlləməyə çalışır. Bu barədə danışmazdan öncə qeyd edək ki, soydaşlarımız deportasiyalar zamanı fiziki-psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalıblar. Bununla da onlar öz doğma yurdlarını tərk etməyə məcbur olublar. 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycandakı azərbaycanlılara məxsus mədəni irs də soyqırımına məruz qalıb. Burada Ermənistan qəbul etməlidir ki, Azərbaycanın ona qarşı hər hansı bir ərazi iddiası yoxdur. Ölkəmiz sadəcə, Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qaçqınların doğma torpaqlarına qayıdışını təhlükəsiz və ləyaqətli şəkildə təmin olunmasını tələb edir. Xatırladaq ki, qayıdış hüququ beynəlxalq insan hüquqları və münaqişələrin həllində ən çox müzakirə olunan məsələlərdən biri olaraq qalır. Bu, tanınmış insan hüququ olsa da, onun həyata keçirilməsi çox vaxt siyasi müqavimət, sosial dinamika ilə çətinləşir. Qlobal yerdəyişmə artmaqda davam etdikcə, bu prinsipə dair öhdəlikləri yenidən nəzərdən keçirmək və təsdiqləmək - eyni zamanda innovativ və əhatəli həllər axtarmaq – dövrümüzün ən davamlı humanitar problemlərinin həlli üçün vacib olacaq. Azərbaycan bu məsələninin də dünyada diqqətə alınması üçün fəal iş aparır.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.