Robert Köçəryanın Bakıya təhvil verilməsi sürətlə “yetişir” - Bakı məhkəməsi faktlar açır...

Rauf Zeyni: “Zaman gələcək, Köçəryan da Azərbaycana təhvil veriləcək...”
Müxtəlif cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərin Bakı məhkəməsində indiyə qədər üstü örtülü qalan çox sirlər açılır. Məhkəmə prosesində şahid qismində dindirilən Artur Abramyanın ifadəsində Ermənistanın sabiq prezidenti Robert Köçəryanın cinayətləri ilə bağlı diqqətçəkən məqamlar yer alıb.
Murad Petrosyanın sürücüsü olmuş Artur Abramyan bildirib ki, M.Petrosyan Xankəndi şəhər sovetində deputat otağında Robert Köçəryanla görüşüb. R.Köçəryan Xankəndi şəhər sovetinin sədri Maksim Babayanın bir nömrəli adamı olub. DQMV-nin Partiya Komitəsinin sədri Henrik Poqosyan isə bütün erməni milli hərəkatına rəhbərlik edib.
Şahidin sözlərinə görə, Robert Koçəryan, Maksim Babayan və Henrik Poqosyan adları qeyd olunmuş erməni silahlı birləşmələrinə rəhbərlik edən bütün şəxsləri çağıraraq bildiriblər ki, tezliklə DQMV Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşdiriləcək, bütün qüvvələri səfərbər edərək azərbaycanlıları həmin ərazilərdən çıxarmalıdırlar. Eyni zamanda, həmin şəxsləri bu məqsədlə azərbaycanlılara qarşı döyüşməyə çağırıblar. 1991-ci il yanvarın ortalarında o, M.Petrosyanla Xankəndi şəhər sovetinin binasının yaxınlığında olarkən Akop adlı erməniəsilli şəxs onlara yaxınlaşıb, iki gün əvvəl Xankəndi şəhər polis idarəsinin rəisi Yuriy Kovalyova avtomat silahla sui-qəsd etdiklərini, lakin sonuncunun ölmədiyini məruzə edib. O, söhbət zamanı həmin sui-qəsdin Murad Petrosyanın göstərişi ilə Akop, Armen və Samvel tərəfindən həyata keçirildiyini, M.Petrosyanın hər üç şəxsi silahla təchiz etdiyini anlayıb. İrəvan şəhərindən Azərbaycan torpaqlarına silahlar Ermənistanın milli ordusunun baş komandanı Vazgen Sarkisyan tərəfindən göndərilib. Silahlar helikopterlər vasitəsilə Ermənistandan Əsgəran şəhərindən başqa digər böyük şəhərlərə göndərilib, hər rayon üzrə erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslər tərəfindən qəbul edilib, bundan sonra erməni silahlı birləşmələrinin üzvlərinə paylanıb. Erməni silahlı birləşməsinin Aşot və Qaqo adlı üzvləri 1989-cu ilin oktyabr ayının əvvəllərində Şuşa-Xankəndi avtomobil yolundan keçən avtobusu partlatmaq məqsədilə “Zərinbağ” adlanan yerin yaxınlığında yola partlayıcı qurğu quraşdırıb, avtobus gecikdiyinə görə partlayış nəticəsində həmin vaxt yoldan keçən “KamAZ” markalı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
İş üzrə şahid qismində dindirilmiş Artur Abramyanın Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində elan olunan ifadəsində yer alan sözlərə görə, Murad Petrosyanın qrupunda “Əfqan” ləqəbli Artur, həmçinin Sasun, Aşot, Samvel və Karo adlı erməni şəxslər də olub. O, Samveldən eşidib ki, Şuşa şəhərinə raketi Topxana meşəsindən sonuncunun özü, Aşot, Karo, Sasun və Artur atıb. Onların məqsədi Şuşa şəhər əhalisini məhv etmək olub. Azərbaycan ərazilərində olan erməni silahlı birləşmələrinə maddi yardım İrəvan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə helikopterlə Azərbaycanın suveren ərazilərinə göndərib. Pulları Xankəndidə Robert Köçəryan qəbul edərək paylayıb. Robert Köçəryan onun yanında Murad Petrosyana dəfələrlə pul verib. M.Petrosyan isə həmin vəsaitləri Azərbaycan torpaqlarında fəaliyyət göstərən erməni silahlı birləşmələrinin üzvlərinə paylayıb. 1989-cu il oktyabrın əvvəllərində M.Petrosyan özünə məxsus qrupun üzvləri olan Akop, Abo, Slavik, Aşot və Qaqo ilə görüşüb, Şuşa şəhərini blokadaya salmaq üçün onların yol üzərindəki körpünü partlatmalı olduqlarını deyib.
1991-ci il iyunun 28-də və 29-da şahid qismində videoçəkilişlə keçirilmiş əlavə dindirmə zamanı Artur Abramyan ilkin ifadəsi ilə oxşar məzmunlu ifadə verib. O, ifadəsində bir daha münaqişə zamanı Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrə maddi yardımın Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan tərəfindən edildiyini, pul vəsaitlərini Xankəndidə Robert Köçəryanın qəbul etdiyini bildirib.
Erməni əsilli şəxslərin Bakı məhkəməsində artıq neçənci dəfədir ki, Ermənistanda separatizm, Azərbaycana düşmənçilik, insanların öldürülməsi, qətllərin, terror aktlarının təşkili proseslərinin başında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın olduğu göstərilir. Köçəryan ilk əvvəldən bu hadisələrin içində olub. Ona görə də Bakı prosesində meydana çıxan bu faktlar Köçəryanın gec-tez Azərbaycana təhvil verilməsi perspektivinə necə təsir edir?
“Robert Köçəryan Azərbaycana qarşı olan bu cinayətlərin başında durub, belə bir adam cəzasız qala bilməz”
Müstəqil ekseprt Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Robert Köçəryanın bütün cinayət əməlləri Bakı prosesində bir daha təsdiqləndi və bu faktlar onun Bakıya təslim edilməsinə imkanlar açır: “Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən və torpaqlarımız mənfur qonşularımızın işğalına məruz qalandan, yəni 1991-ci ildən bu yana bütün çıxışlarımızda, verdiyimiz müsahibələrdə, keçirdiyimiz tədbirlərdə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, separatizm, düşmənçilik, terrorizim, soyqırım kimi halların hamısında birbaşa Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın və digərlərinin yaxından iştirakını vurğulamışıq. Xüsusilə də Robert Köçəryan Azərbaycana qarşı olan bu cinayətlərin başında durub, belə bir adam cəzasız qala bilməz. Biz bu məsələlərin hamısını qeyd edirdik, bu bizim çıxışlarımızdan qırmızı xətt kimi keçirdi. Bir çoxları buna inanırdı, bəziləri isə buna müəyyən bir şübhə ilə yanaşırdılar, yəni “kampaniya xarakterli” bir iş kimi baxırdılar . Söhbət dünya ictimaiyyətindən gedir. Amma indi Bakı prosesi, həm də “Bakı Nürnberq prosesi” bəşəri ədalətin və qanunların aliliyi prinsipləri çərçivəsində həyata keçirilir. Bundan irəli gələrək də həm ittiham olunanlar, eyni zamanda erməni əsilli şahidlər, zərərçəkənlər və digərləri məhkəmədə çıxış edərək hadislər haqqında bütün faktları, hadisələri olduğu kimi həm məhkəmə heyətinə, həm də dünya ictimaiyyətinə çatdırdılar. Belə bir tarixi məhkəmənin keçirilməsi dünya ictimaiyyətinin diqqətinin Bakı məhkəmə prosesində olduğunu göstərir”.
R.Zeyninin fikrincə, bu məhkəmədə açılan faktlar, qeyd olunan gizli məqamlar bir daha onu deməyə əsas verir ki, o cinayətkarlar cəzalarını almalıdır. “Bütün faktlar Robert Köçəryanın Azərbaycana təhvil verilməli olduğunu göstərir. Beynəlxalq hüquq və beynəlxalq ekstradisiya çərçivəsində o da Azərbaycan xalqı və məhkəməsi qarşısında törətdiyi cinayətlərə görə öz layiqli cəzasını almalıdır. Eləcə də, Köçəryan kimiləri də Azərbaycana təhvil verilməlidir.
Düşünürəm ki, zaman gələcək, Köçəryan da Azərbaycana təhvil veriləcək və Azərbaycan xalqına qarşı, o cümlədən, Ermənistan xalqına qarşı, həmçinin bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verəcək” - deyə R.Zeyni əlavə etdi.
İradə SARIYEVA