Azərbaycan Prezidenti Avropa ilə əməkdaşlığın yeni prinsiplərini açıqladı...

Hüseyn İbrahimov: “İşğalçı, vandal keçmişi olan dövlət necə birdən-birə demokratiya adası ola bilər?”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Cənubi Qafqazda imkanları nəzərdən keçirdikdə bizim əlaqələr qurmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur:
“Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi – həmin o qara məşhur Minsk qrupu. Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq. Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi – bütün bunlar bizə lazım deyil. Budur bizim görmək istədiyimiz Cənubi Qafqaz”.
“Azərbaycanla anlaşma əldə etmək istəyirlərsə, ölkəmizin maraqlarını nəzərə almağa məhkumdurlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, cənab Prezidentin yanaşması tamamilə reallığa əsaslanır: “Bəli, hansısa vasitəçi dövlətlə, təşkilatla ciddi uğurlar əldə etmək, mövcud hansısa problemi həll mümkün deyil. Ona görə ki, vasitəçi dövlətlərin öz maraqları olur. Həmin maraqlardan çıxış edərək məsələlərə yanaşırlar. Vasitəçi dövlətlər bir sıra hallarda geosiyasi maraqlardan çıxış edərək bundan dividendlər götürməyə, öz təsir vasitələrini genişləndirməyə çalışırlar. Bu baxımdan Avropa İttifaqı və onun müvafiq qurumları Cənubi Qafqaz dövlətləri ilə sağlam münasibətlər qurmaq istəyirlərsə, sağlam, praqmatik siyasət yeritməlidilər. Yaxşı dövlət, pis dövlət anlayışı, ayrıseçkilik olmamalıdır. Avroittifaqda bəzi dairələr az qala Ermənistanı sülh göyərçini, “demokratiya adası” kimi təqdim edirlər. Bunlar eşitmək, bilmək, görmək istəmirlər ki, həmin Ermənistan 30 il Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bütün yaşayış məntəqələrini məhv edərək yer üzündən silib. Belə bir işğalçı, vandal keçmişi olan dövlət necə birdən-birə demokratiya adası ola bilər? Ona görə də Aİ-də Ermənistanın maraqlarından çıxış edən dövlətlər kimisə aldada bilməyəcəklər. Aİ anlamalıdır ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır. Azərbaycanla anlaşma əldə etmək istəyirlərsə, o zaman ölkəmizin maraqlarını nəzərə almağa məhkumdurlar. Yoxsa hansısa vasitələrlə ölkələrin daxili işinə müdaxilə etməklə öz məqsədlərinə çata bilməyəcəklər”.
Vidadi ORDAHALLI