Mərkəzi Asiyanın türk dövlətləri Türkiyəyə eynilə AB kimi düşmənçilik etdilər

Məhəmməd Əsədullazadə: “Bu dövlətlər Türk dünyasının maraqlarından çıxış edərək gərək buna getməyəydilər”
Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın dövlət başçıları Türkiyənin çox böyük önəm verdiyi Antalya Diplomatik Forumunda iştirak etmədilər. Macarıstanın baş naziri Viktor Orban istisna olmaqla, Avropa İttifaqına üzv ölkələrdən də heç birinin dövlət və hökumət başçısı Forumda iştirak etmədi.
Türkdilli dövlətlərin belə davranması, ard-arda xoş olmayan addımlar atması təəccüb doğurur. Bu günlərdə bir neçə Orta Asiya türk dövlətinin Yunan Kiprini tanımaları azmış kimi, həm də Antaliya Diplomatik Forumuna qatılmamaları anlaşılan deyil. Ən azından ona görə ki, baş verən son proseslərlə əlaqədar müəyyən balans yaratmaq üçün buna getmək lazım idi. Ancaq bunun tam əksi baş verdi.
Maraqlıdır, nə baş verir? Heçmi bu dövlətlər Türk Dövlətləri Təşkilatında olmağın məsuliyyətini hiss etmirlər?
“Hər halda hesab edirəm ki, bu dövlətlərin maraqları nəzərə alınmaqla Türkiyə bu dövlətlərlə ciddi işləməlidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, Antalya Diplomatik Forumunda Avropa dövlətləri ona görə iştirak etmədilər ki, burada Türkiyənin rolu və mövqeyi kifayət qədər güclənir və bu, bəzi dairələri narahat edir. Yəni təbii ki, bütün bunlar Türkiyənin əsas oyunçu olmasına gətirib çıxara bilər. Ona görə də Avropa dövlətləri Foruma qatılmayıblar. Ancaq daha çox təəssüf doğuran məqam odur ki, Türk Dövlətləri Təşkilatının güclənməsi istiqamətində addımlar atılsa da, Mərkəzi Asiyanın türk dövlətləri bəzi məqamları nəzərə almır. Bu dövlətlər Türkiyə ilə ikitərəfli əlaqələri gücləndirsələr də, Antalya Diplomatik Forumunda iştirak etmədilər. Üstəlik, bu günlərdə Yunan Kiprini tanıdıqlarını bəyan etdilər. Təbii ki, burada Avropa İttifaqının güclü təsirləri var. Avroittifaq bu ölkələrə qoyacağı sərmayələrin müqabilində türkdilli dövlətlərdən belə bir addımın atılmasını tələb edib. Söhbət 12 milyardlıq bir sərmayədən gedir. Lakin türkdilli dövlətlərin Antaliyada keçirilən tədbirə qatılmamaları ciddi siyasi səhv idi. Bu dövlətlər Türk dünyasının maraqlarından çıxış edərək gərək buna getməyəydilər. Aradakı balansı hansısa formada nəzərə almaq və bundan çıxış edərək tədbirə qatılmaq lazım idi. Bütün bunlara baxmayaraq, TDT-nı çıxdaş etmək olmaz. Hər halda hesab edirəm ki, bu dövlətlərin maraqları nəzərə alınmaqla Türkiyə bu dövlətlərlə ciddi işləməlidir. TDT çərçivəsində bu əlaqələri daha da inkişaf etdirmək lazımdır. Hesab edirəm ki, bu siyasətdir və bu istiqamətdə işləmək lazımdır”.
Vidadi ORDAHALLI