Mirzoyan Naxçıvan yolunda "Yeni mexanizmlərdən" danışır - Bakı hansı mexanizmi "qəbul edib"?..

Bu gün ermənilərin özlərini qanmaz yerinə qoyması gələcəkdə onlara baha başa gələ bilər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV telekanalına müsahibəsində deyib ki, Ermənistan tərəfi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən hissədə ən qısa marşrut üzrə müasir mexanizmlərdən istifadə olunmasını təklif edib.
"Məsələn, fiziki yoxlamaları minimuma endirmək üçün elektron skan sistemlərindən istifadəni təklif etmişik. Biz təklif etmişik ki, elektron bəyannamə tətbiq edilsin ki, bu da malların hərəkətini sürətləndirəcək. Bundan əlavə, keçidin təhlükəsizliyini təmin etmək üçün sığorta və təkrarsığorta mexanizmlərindən istifadə etməyi təklif etmişik. Bildiyimizə görə, Azərbaycan tərəfinin ilkin reaksiyası müsbət olub. Lakin indi bəzi qeyri-müəyyənliyin şahidi oluruq" deyə, XİN rəhbəri bildirib.
Eyni zamanda o, Azərbaycanın Ermənistan tərəfinin bu təklifini niyə rədd etdiyini söyləməkdə çətinlik çəkib və əlavə edib ki, bunun aydın rasional izahı yoxdur.
Məlum olduğu kimi, Azərbaycan tərəfi əvvəldən Naxçıvanla ölkəmizin əsas hissəsini birləşdirən 46 km ərazidən keçən maneəsiz hərəkət statusuna malik dəhliz verilməsini istəyib. Bu tələb hələ də qüvvədədir. Azərbaycan tərəfi əvvəldən başqa heç bir təkliflə razılaşmayıb. Amma Ermənistan xarici işlər naziri müsahibəsində elə danışır ki, guya Azərbaycan tərəfi nə istədiyini açıq şəkildə demir, ona görə də ermənilər Azərbaycanı başa düşmür, guya "Azərbaycanın Ermənistan tərəfinin bu təklifini niyə rədd etdiyini söyləməkdə çətinlik çəkib və bunun aydın rasional izahı yoxdur".
Əlbəttə, Azərbaycan tərəfinin çox aydın və məntiqli tələbi var. Sadəcə olaraq bu, Ermənistana sərf eləmir. Ona görə də ölkənin baş diplomatı özünü qanmaz yerinə qoyur.
Belə ki, Qərbi Zəngəzur vilayəti sovetlər tərəfindən Ermənistana hədiyyə ediləndən sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yol çəkilib. Sözügedən istiqamətdə uzanan həm dəmir yolu, həm də avtomobil yolu Azərbaycan SSR-in mülkiyyətində olub. Ermənilərə sual etmək lazımdır ki, nəyə görə bu 46 km dəmir yolunun Ermənistan ərazisindəki stansiyalarda bütün sənədləşmə işi Azərbaycan dilində aparılırdı? Nəyə görə qatar biletləri Azərbaycan dilində çap edilirdi? Əlbəttə, bunun yeganə izahı ondan ibarətdir ki, bu dəmir yolu Azərbaycan SSR-in mülkiyyətində idi və Azərbaycana məxsus qatarlar heç bir maneə olmadan bu dəmir yolu ilə hərəkət edirdi. İndi Azərbaycan Ermənistandan həmin statusa malik dəhlizin təmin edilməsini istəyir. Ermənilər isə bunu dilə gətirmirlər ki, Azərbaycan tərəfi izah vermək məcburiyyətində qalmasın. Əvəzində, guya Azərbaycan tərəfini başa düşmədiklərini israr edirlər.
Sovetlər dönəmində Zəngəzur dəhlizindən keçən dəmir yolu da, avtomobil yolu da hər il Azərbaycan SSR-in vəsaiti hesabına təmir edilib. Bəs onda ermənilər niyə anlamırdılar ki, Ermənistan ərazisindən keçən yolları nəyə görə Azərbaycan təmir edir? Əlbəttə, ona görə ki, bu yollar Ermənistan SSR-in deyil, Azərbaycan SSR-in mülkiyyətində idi. Azərbaycan tərəfi bu dəhliz üzərində məhz həmin statusa uyğun bir statusa sahiblənmək fikrindədir.
Ermənistan isə məsələnin perspektivkərindən ehtiyat edərək dəhliz üzərində Azərbaycana belə bir status vermək istəmir. Ermənistan isrəyir ki, bu dəhlizlə çinlilər neçə keçirsə, azərbaycanlılar da o cür - dərin yoxlamalardan və gömrük rüsumu ödədikdən sonra keçsin.
Məlum olduğu kimi, Azərbaycan artıq İran üzərindən Naxçıvana gedən yolun açılması istiqamətində fəaliyyətini davam etdirir. Həmin yolun Ağbənd qəsəbəsindən Ordubada qədər olan hissəsinin uzunluğu cəmi 56 km təşkil edir. Bu yol Ermənistandan keçən, yəni Zəngəzur dəhlizindən cəmi 10 km uzundur. Zəngəzur dəhlizi 46 km, İran ərazisindən keçən yol isə 56 km uzunluğa malikdir. Elə isə, biz nəyə görə ermənilərin minnətini götürüb, onların yaratdığı adi dəhluzlə gedib Ermənistanın dövlət büdcəsinə töhfə verməliyik? Ermənilərin siqə qardaşları olsa da, "itə ataram, yada satmaram" prinsipi ilə biz İran variantını şeçməli olacağıq.
Digər tərəfdən, Zəngəzur dəhlizində yolun açılması üçün 46 km dəmir yolu yenidən çəkilməlidir. Çünki ermənilər həmin dəmir yolunun əksər hissəsinin relslərini belə sökub metal qırıntısı kimi satıb. İndi həmin dəmir yolu Azərbaycandan daha çox Ermənistana lazımdir, amma belə bir dəmir yolu, demək olar ki, mövcud deyil. Bu dəmir yolunun bərpasına Azərbaycan kömək etməsə Ermənistan düşüb investisiya dilənməlidir ki, gəlin bu yolu çəkin. Azərbaycan üçün hazırkı şəraitdə İran variantının seçilməsi ən optimal çıxış yoludur. Onsuz da Ermənistan Zəngəzur dəhlizini açmağa məcburdur. Elə isə qoy bu yolu Azərbaycan deyil, Ermənistan və ya onun müttəfiqləri çəksin. Ermənistanın hazırda Azərbaycana təklif etdiyi variant həmişə var. Amma İran üzərindən keçəcək dəmir və avtomobil yolu artıq gələcəkdə Zəngəzur dəhlizinin alternativi olacaq və bu rəqabət hər iki yolda gömrük rüsumunun minimuma enməsinə gətirib çıxaracaq. Üstəgəl, Orta Dəhlizin müştərilərindən bir çoxu İran üzərindən keçən yoldan istifadə edəcək ki, bu da mənfur qonşularımızın gəlirlərini azaldacaq.
Nəticə olaraq qeyd edək ki, Ermənistan bu gün Azərbaycanın təklifi ilə razılaşmasa gələcəkdə Orta dəhlizin yeganə keçidinə sahiblənmək statusundan məhrum olacaq. Perspektivdə İran rejimi də dəyisə bilər və bu, İranı Avropa üçun daha cəlbedici edə bilər. O halda Avropaya da daşınan yüklərin İran üzərindən keçməsini istəyə bilər. Çunki yol artıq hazır olacaq. Yəni bu gün ermənilərin özlərini qanmaz yerinə qoyması gələcəkdə onlara baha başa gələ bilər.
Akif NƏSİRLİ