Rusiya XİN geri çəkildi - Ermənistanın maraqlarını pozmaq planımız yoxdur...

Ramil Hüseynov: “Ola bilsin, Kremlin belə təmkinli davranmasının arxasında nələrsə dayanır”
“Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Aİİ (Avrasiya İqtisadi İttifaqı) xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq. Bu, yəqin ki, kifayət qədər ağrılı proses olacaq, o cümlədən, təəssüf ki, Ermənistan əhalisi üçün”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Söhbət inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı xaric etmək və ya ona zərər vermək istəyən Rusiya və ya başqa kimsədən getmir. Ötən il ticarət dövriyyəmiz təqribən 12 milyard dollar təşkil edib ki, bu da nəzərəçarpacaq artım nümayiş etdirir. Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz. O müttəfiqimiz, strateji tərəfdaşımızdır, Gürcüstan kimi, onunla ortaq tarixlə bağlıyıq. Böyük Vətən müharibəsində qələbənin 80 illiyini mayın 9-da birlikdə qeyd edəcəyik. Fakt budur ki, obyektiv olaraq Aİ və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil, çünki bu ittifaqların müxtəlif gömrük və tarif tənzimləmələri var; onlar mahiyyətcə fərqli iqtisadi bloklardır”.
Ermənistan öz işindədir, Rusiya rəsmiləri nağıl danışır. Deyir Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz, müttəfiqimiz, strateji tərəfdaşımızdır və s. Ermənistan Rusiyanın yaratdığı bloklarda ola-ola, başqa ittifaqlara can atır, Qaluzin Ermənistan maraqlarının qorunmasından bəhs edir. Bu necə olur?
“Fakt odur ki, Ermənistanın atdığı addımlar bilavasitə Rusiyanın yaratdığı blokların dağıdılmasına yönəldilib”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, Rusiyanın Ermənistanla bağlı siyasətinə izah vermək çətindir: “Fakt odur ki, Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşmaq yolunu tutub. Ölkə parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini qəbul edib. Qanun layihəsi bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb, onlar bu layihə üçün 60 min imza toplayıblar. Bundan əvvəl bu il yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Paşinyan bəyan edib ki, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qərar ümumxalq referendumu yolu ilə qəbul edilməlidir. Bir müddət Rusiya mediası buna görə Ermənistanı topa tutdu. Hətta bəzi Rusiya rəsmiləri bununla bağlı Ermənistanı hədələdi. İndi isə sanki Rusiya tərəfi geri addım atır. Halbuki, Ermənistanın atdığı addımlar bilavasitə Rusiyanın yaratdığı blokların dağıdılmasına yönəldilib. Ermənistan bu gedişlə Aİİ-ni və KTMT-ni tərk edərsə, kim zəmanət verə bilər ki, sonrakı dövrdə Orta Asiya ölkələri analoji addım atmayacaq? Məgər Qaluzin bütün bunları bilmir? Bilmir ki, Ermənistanda Avroittifaqla bağlı proseslər geridönməz hal alıb? Ola bilsin ki, Kremlin belə təmkinli davranmasının arxasında nələrsə dayanır. Birincisi, ola bilsin Rusiya Ermənistanın bu ölkədən böyük ölçüdə iqtisadi baxımdan asılı olmasından arxayındır. Çünki Ermənistanın ticarət dövriyyəsinin böyük hissəsi Rusiya ilədir. Rusiya Ermənistana ucuz qaz ixrac edir və s. İkincisi, son vaxtlar Moskva sabiq prezident Robert Köçəryanın timsalında Ermənistanda revanşist müxalifətlə gizli təmasları intensivləşdirib. Rusiya Prezident Administrasiyasında aparat rəhbəri və müavinləri müxtəlif istiqamətlərdə Kremlin daxili və xarici siyasətini əlaqələndirirlər. Bəzi məlumatlara görə, bu yaxınlara qədər Ermənistan üzrə kurator Rusiya prezidentinin aparat rəhbərinin müavini Dmitri Kozak idi. Təxminən bir ay əvvəl Rusiya prezidenti Ermənistan üzrə kurator Kozakı dəyişib. Onu Rusiyanın keçmiş baş naziri, eyni zamanda Abxaziya, Cənubi Osetiya və Moldova istiqamətlərini koordinasiya edən Sergey Kiriyenko əvəzləyib. Hər halda, yaxın aylarda Rusiyanın Ermənistanla bağlı planlarının nə olduğu məlum olacaq”.
Vidadi ORDAHALLI