İran-Ermənistan strateji sənədi hazırlanır...

Azər Həsrət: "Hər şey cəhənnəmə, İran Ermənistanla işbirliyi etməklə öz məzhəbindən olan Azərbaycan Respublikası vətəndaşlarına xəyanət yolunu tutub"
İran hesab edir ki, Ermənistanla strateji münasibətlərə dair sənədin imzalanması üçün birgə səyləri cəmləşdirmək lazımdır. Bu barədə İran Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Məcid Taxt Rəvançi Region Monitor-a müsahibəsində bildirib .
İranın yüksək səviyyəli diplomatı "Ermənistanla İran arasında strateji münasibətlərə dair sənəd imzalamaq olarmı" sualına cavabinda deyib: "Yaxşı məzmunlu sənəd üzərində işləmək lazımdır ki, bu da strateji münasibətlərin formalaşması üçün daha əlverişli başlanğıc nöqtəsinə çevrilməlidir. Bəlkə də belə bir sənədin hazırlanması üçün vaxt lazım olacaq". Amma Rəvançı əmindir ki, tərəflər buna maraq göstərsə də, bu məqsədə çatmaq üçün daha fəal işləmək lazımdır.
İranla Ermənistan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qaldırılması hədəfi Azərbaycana qarşı yeni təxribat deyilmi?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Azər Həsrət bildirdi ki, İranın istər cəmiyyət səviyyəsində, istərsə də dövlət səviyyəsində Ermənistanla yaxınlaşması Azərbaycan ücün təhlukə yaradır: "Nəzərə alsaq ki, İran əhalisinin yarısı türklərdir - bizim soyumuzdandır, onda yaranan təhlükənin miqyası barədə təsəvvür yaratmaq olar. İran bunu da nəzərə almadan Ermənistanla yaxınlaşmaqda davam edirsə, bu onun naqis niyyətlərindən xəbər verir. Əslində İran dövləti də qardaş Türkiyə kimi türk və müsəlman əhaliyə malik Azərbaycanla daha sıx münasibətlər qurmalı idi. Necə ki, qardaş Türkiyə Azərbaycanla bağlı problemlər həll edilməyənə qədər Ermənistanla münasibətlərin qurulmasını yolverilməz elan etdi, İran da bir müsəlman dövləti kimi Ermənistana deməli idi ki, Azərbaycanla problemlərinizi həll edin, bundan sonra biz sizinlə tərəfdaşlıq edək. Amma biz nə görmüşük və nələr görməkdəyik? Azərbaycan torpaqları Ermənistanın işğalı altında olan dövrdə İran Ermənistana açıq şəkildə nəfəs verirdi, onu boğulmağa qoymurdu. İqtisadi cəhətdən boğulan Ermənistan İranın sayəsində yaşamağa davam edirdi. Azərbaycan öz torpaqlarını azad edib, amma sülh müqaviləsi hələ imzalanmayıb. Lakin İran yenə də müsəlman həmrəyliyinin kökünə balta çalmaqda davam edir. Amma danışanda İran rəsmiləri özlərini İslamın himayədarı, müsəlman dövləti, hətta şıə təəssübkeşi kimi təqdim edirlər. Konstitusiyalarında da İranın rəsmi dininin İslamın şiə məshəbinə aid olduğunu təsdiqləyiblər. Halbuki, Azərbaycan əhalisinin 60-65%-i özünü şıə məzhəbinə mənsub hesab edir. Hər şey cəhənnəmə, İran Ermənistanla işbirliyi qurmaqla öz məzhəbindən olan Azərbaycan Respublikası vətəndaşlarına xəyanət yolunu tutub. Təəssüflər olsun ki, Azərbaycanda özünə şiə deyən kəsimin arasında elə adamlar var, hələ də İranın xain davranışına uyğun cavabı vermirlər.
Bir daha qeyd ediləm ki, İran doğrudan da müsəlman dövlətidirsə, əhalisinin də yarısının türk olmasını nəzərə alaraq, Ermənistanla münasibət qurmaqda qardaş Türkiyənin davranışlarından nümunə götürməlidir. Amma bunu etmir. Biz bir daha əmin oluruq ki, İran sözdə müsəlman dövlətidir. Çünki əhalisinin 96%-i müsəlman olan Azərbaycan dövlətinə qarşı xəyanətkar mövqe sərgiləyir. Ona görə həmişə demişik, indi də deyirik ki, Güney Azərbaycan azad edilməlidir, İranın fars rejiminin əsarətində olan bütün xalqlar azadlığa qovuşmalıdır. Bundan sonra da bizim "İran Ermənistanla münasibət qurdu" deyə bir dərdimiz olmayacaq".
Dəniz NƏSİRLİ