Fransa Ermənistan-Azərbaycan sərhədində mübahisəli müşahidəçilərin sayını artırır...

Arzuxan Əlizadə: “Bu, Fransanın hədəflədiyi niyyətə çatmaq üçün sərgilədiyi mövqedir”
Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndirilməsi ilə bağlı ümidlərini ifadə edib.
Bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi sosial şəbəkələrdə məlumat verib.
“Ümid edirəm ki, Ermənistanda yerləşdirilmiş Avropa İttifaqı missiyası genişləndiriləcək. Bununla bölgədəki (Ermənistan-Azərbaycan sərhədindəki) gərginliyi müşahidə etmək və qarşısını almaq mümkün olacaq”, - deyə Fransanın xarici siyasət idarəsinin rəhbəri bildirib. Xatırladaq ki, Avropa İttifaqı Şurası yanvar ayının sonunda Avropa İttifaqının Ermənistandakı missiyasının mandatını daha iki il müddətinə - 19 fevral 2027-ci ilədək uzatmaq barədə qərar qəbul edib.
O da məlumdur ki, Azərbaycanla Ermənistan arasında 17 maddəlik sülh sazişi layihəsinin maddələrindən biri də sərhədlərdə üçüncü qüvvənin yerləşdirilməsindən imtina olunmasıdır. Biz deyirik bundan imtina edək, Fransa xarici işlər naziri isə Aİ-nin Ermənistandakı missiyasının sayının artırılmasından dəm vurur.
“Rəsmi Paris hər yolla öz məkrli siyasətini bu və ya digər formada regionda yürütməyə çalışır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, Fransa məqsədyönlü şəkildə regionda pozuculuqla məşğuldur: “Çünki məqsədləri iki ölkə arasında sülhün əldə edulməsi deyil. Məqsəd gərginliyin davam etdirilməsidir. Bununla Fransa xarici işlər naziri bu gərginliyin formalaşmasında maraqlı olduqlarını bir daha gündəmə gətirir. Fransa Azərbaycanla Ermənistan arasındakı münasibətlərin olduqca gərgin olduğu fikrini beynəlxalq ictimaiyyətin beyninə təlqin etmək istəyir. Hətta özlərinin də Avropa İttifaqı missiyasında iştirakı ilə sərhəddə baş verə biləcək hansısa hərbi qarşıdurmanın qarşısını alacağını iddia edir. Lakin regionda gərginliyin olmasında, Fransa başda olmaqla, bir sıra ölkələr maraqlıdır. Bu gərginlik fonunda isə hansısa qismdə Ermənistan üzərindən bölgəyə nəzarət etmək hədəfləri var. Bu məqsədlə də bölgəyə özlərinin “mülki müşahidə missiyası” adı altında kəşfiyyatçı qruplarını göndəriblər. Sərhəddə “binokl diplomatiyası” həyata keçirməklə və beynəlxalq ictimaiyyətə mesajlar verməklə, guya Azərbaycanın Ermənistana hücumunun qarşısını aldıqlarını deyirlər. Fransa regionda olmasa iki ölkə arasında eskalasiya və ya müharibə ola biləcəyini bəyan edir. Əlbəttə ki, bu tam olaraq yalan və blefdir. Bu, Fransanın hədəflədiyi niyyətə çatmaq üçün sərgilədiyi mövqedir. Bu tip açıqlamalarla beynəlxalq ictimaiyyəti aldatmaq istəyirlər. Əgər Fransa başda olmaqla Avropa qüvvələri regionda olmasa, habelə Ermənistanı silahlandırmasalar, bölgədə qısa müddət ərzində sülhə və sabitliyə nail olmaq olar. Üstəlik, tərəflər arasında sülh sazişinin imzalanması tezləşər. Əslində, Fransa bu işlərə qarışmasa, daha tez münasibətlər normallaşa bilər. Fransa faktiki olaraq beynəlxalq ictimaiyyəti çaşdırmaqla özünün uzaqgörən məqsədlərinə çatmaq istəyir. Rəsmi Paris hər yolla öz məkrli siyasətini bu və ya digər formada regionda yürütməyə çalışır”.
Vidadi ORDAHALLI